Ekologiya və Təbii Sərvətlər Nazirliyi KİV nümayəndələri üçün media-tur təşkil edib.
Bu dəfə səfərimiz Salyan rayonunun Xıdırlı kəndində yerləşən ETSN-nin “Azəryaşlandşaft” ASC-nin 4 saylı yaşıllaşdırma idarəsinin tingçilik təsərrüfatına oldu. Bu təsərrüfat 2013-cü ildən fəaliyyət göstərir. Təsərrüfatda əsasən iynəyarpaqlı ağac və kol bitkiləri olmaqla, ümumilikdə, 700 mindən çox ting və toxmacar yetişdirilir. Bunlardan 60 min ədədi dibçəklərdədir. Təsərrüfatla tanışlığımız cücərtmə sahəsindən başladı. Adından göründüyü kimi, fidanların toxumları torpağa burada basdırılır. Violalara səpilən toxumlar bitişdən sonra 10-15 santimetrə qədər boy atdıqda, böyütmə sahəsinə köçürülür. Fidanların 15-20 santimetrə çatması isə o deməkdir ki, onlar əkinə hazırdırlar.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirdi ki, tinglik təsərrüfatında təxminən 30 ağac, kol növünə aid ting, toxmacar becərilir: "Yetişdirilən ağac, kol növləri Azərbaycanın, əsasən də Abşeron yarımadasının iqlim şəraitinə uyğunlaşdırılıb. Tinglər müəyyən həddə qədər böyüdülür, açıq hava şəraitinə uyğunlaşdırılır sonra isə təsərrüfatlara paylanır. Respublikada bütün regional meşə təsərrüfatı mərkəzlərində tinglik təsərrüfatları var. Xaricdən demək olar ki, ting almırıq. Təkcə, "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyəti illik bir milyon ting becərir. Ən azı iki milyon ting meşə təsərrüfatlarımızın tinglik sahələrində yetişdirilir. Ehtiyac olarsa, bu həcmi artırmaq imkanımız var”.

"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin sədri Ramik Əşrəfov təsərrüfatın fəaliyyəti barədə məlumat verərək bildirdi ki, 4 min 400 hektarlıq ərazidə 5 milyon 500 mindən çox müxtəlif cinsli ting və toxmacarlar yetişdirilir: “İstixanalar ilboyu fasiləsiz işləyir. Tinglərin boyu və qablaşdırılması tələbata uyğun olaraq müəyyənləşdirilir. Hər il təxminən 700 min ədəd tingdən 200-250 min ədədi yeni yaşıllıqların salınması üçün istifadə edilir. Təsərrüfatda 18 fəhlə çalışır”.
Fürsətdən istifadə edib biz də gələcəyə əmanət üçün ağac əkdik.
Yer kürəsində təmiz suya olan tələbatın get-gedə artdığını nəzərə alaraq alternativ mənbələrə hər zaman ehtiyac var. Bu durum Azərbaycan hökumətini də daim narahat edib. Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksi də məhz bu zərurətdən yaradılıb. Tinglərin yetişdirilməsində suvarılma üçün Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksində istehsal olunmuş sudan istifadə edilir. Müəssisənin direktoru Qabil Teymurov məlumat verdi ki, dəniz suyu 12 km məsafədən götürülür və ilkin çökməyə məruz qalmış su sonradan nasoslar vasitəsilə anbarlara vurulur. Bu sudan həm içmək, həm də sahələrin suvarılması məqsədilə istifadə etmək mümkündür. Deyilənlərin doğruluğunu yoxlamaq üçün istehsal olunan sudan biz də daddıq. Demək olar ki, gündəlik içdiyimiz suyun dadına bənzəyir.
Qeyd etmək yerinə düşər ki, ölkəmizdə su ehtiyatlarından istifadənin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər çərçivəsində yaradılan Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Zavod-Kompleksi Prezident İlham Əliyevin tapşırığı ilə tikilib, 2013-cü ildə istismara verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov məlumat verdi ki, məqsəd hələ o dövrdə ehtimal edilən su qıtlığının effektiv həll yollarının müəyyən edilməsi, yeni yanaşma və texnologiyaların ölkədə tətbiqidir: “Son illər dünyada baş verən qlobal iqlim dəyişikliyi, su ehtiyatlarına da təsir göstərir. Zavod gün ərzində təxminən 2 min kubmetr içməli su istehsal edə bilir. İsrail texnologiyası tətbiq olunan kompleksdə ildə təxminən 500 min kubmetr su təmizlənərək istifadə olunur. Təmizlənmiş sudan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinin 4 saylı Yaşıllaşdırma İdarəsinin 200 hektar yaşıllıq ərazisində, eyni zamanda, tinglərin yetişdirilməsi üçün istifadə olunur. Bəzi bölgələrdə su qıtlığı problemi var.
Ötən il Prezident İlham Əliyevin təsdiqlədiyi müvafiq tədbirlər planında da qarşıya qoyulan əsas məqsədlərdən biri alternativ mənbələrdən, o cümlədən Xəzər dənizinin suyundan istifadədir. Bununla bağlı aidiyyəti qurumlar Abşeron rayonunda da belə bir duzsuzlaşdırma zavodunun qurulması istiqamətində araşdırmalar aparır, qabaqcıl bir sıra şirkətlərlə, o cümlədən bu sahədə təcrübəyə malik İsrail şirkətləri ilə danışıqlar aparır. Nəzərə almaq lazımdır ki, Abşeronun içməli su təchizatı daha çox uzaq məsafələrdən, şimalda Kür çayından, Oğuz-Qəbələ istiqamətlərindən təmin edilir. Bu isə həm baha başa gəlir, həm bir çox itkilərə, eyni zamanda həmin ərazilərdə su çatışmazlığına səbəb olur”.
F.Mütəllimov əlavə edib ki, Şirvan kollektorunun suyu duzsuzlaşdırılaraq yaşıllıq ərazilərin suvarılmasında istifadə edilir. Ümumilikdə, istehsal olunan su ilə 560 hektar ərazisi suvarılır.
Nigar HƏSƏNLİ
Musavat.com
Fotolar müəllifindir






