Azərbaycanda siyasi aktivliyin olmamasının səbəbləri
Bu suallarla müraciət etdiyimiz AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı ölkədə seçkilərə az vaxt qalmasına baxmayaraq, seçki ab-havasının hiss olunmadığı barədə deyilənlərin gerçəklik olduğunu bildirdi. Belə vəziyyətin yaranmasının isə ilk növbədə hakimiyyətin həyata keçirdiyi siyasi repressiyalarla, siyasi fəaliyyət azadlıqlarını zorakı yollarla məhdudlaşdırması ilə bağlı olduğunu qeyd etdi: “Seçki ili olmasına baxmayaraq minimum demokratik tələblərə cavab verən seçki fəaliyyəti mühiti yoxdur. Siyasi süstlük ilk növbədə bununla bağlıdır. Digər tərəfdən təbii ki, burda hər şey hakimiyyətin iradəsi ilə müəyyən olunası deyil. Hakimiyyət bu vəziyyəti yaradırsa, buna qarşı da fəal, effektiv mübarizə aparılmalıdır. Bu baxımdan indiki halda müxalifətin son ayda daha çox diqqəti konsolidasiya proseslərinə cəlb olunub. Milli Şuranın yaranması ilə bağlı müxalifət düşərgəsində geniş spektri əhatə edən danışıqlar getməkdədir. Artıq bir çox əhəmiyyətli məsələlər bu istiqamətdə həllini tapıb. Yəqin ki, yaxınlarda Milli Şuranın yaradılması realdır. Yəni müxalifətin diqqətinin Milli Şura məsələsinə yönəlməsi daha fəal fəaliyyətdən diqqəti bir qədər uzaqlaşdırmışdı. Gözləmək olar ki, Milli Şuranın yaradılmasından sonra əsas lokomotiv kimi bu qurum çıxış edəcək və proseslərin aktiv fazaya daxil olması mərhələsi başlayacaq. Milli Şuranın iradəsi ilə demokratik seçki mühitinin, seçki fəallığının yaradılması istiqamətində ölkə boyu işə başlanacaq. O baxımdan indiki siyasi situasiyaya da bu şəkildə davam edəcək vəziyyət kimi baxmaq olmaz. Qarşıdakı aylar ərzində dinamik fəaliyyətin, süstlüyün aktivliklə əvəz olunmasının şahidi olacağıq”.
F.Qəhrəmanlının sözlərinə görə, indiki seçkiqabağı şəraitin daha çox onunla xarakterizə olunacağı gözlənilir ki, bir tərəfdən hakimiyyət cəmiyyətin fəallığından, demokratik seçki tələbindən narahat olaraq siyasi repressiyaları artıracaq. Çünki elə təkcə bu il ərzində 40-dan artıq şəxs siyasi motivlərlə həbs olunub. O biri tərəfdən isə müxalifət seçkiqabağı mühitin demokratikləşməsi istiqamətində səyləri artıracaq: “Yəni seçkiqabağı mühit fəal seçki kampaniyası ilə deyil, daha çox hakimiyyət və Milli Şura başda olmaqla, ikiqütblü sistem arasında kəskin mübarizə ilə xarakterizə olunacaq. Bu prosesin taleyi, nəticəsi nə olacaq? Bu, artıq qüvvələr nisbətindən asılı olaraq müəyyən olunacaq. Cəmiyyətin siyasi proseslərdə nə dərəcədə aktiv rol almasından, müxalifət daxilində gedən konsolidasiya prosesinin cəmiyyətdə hansı rezonansı doğurmasından, eyni zamanda beynəlxalq birliyin Azərbaycanda gedən proseslərə nə dərəcədə dəstək verməsindən asılı olaraq yəqin ki, nəticələr müəyyənləşəcək”.
AXCP rəsmisinin qənaətincə, bu gün müxalifət düşərgəsində hakim olan rəy ondan ibarətdir ki, bu seçkilərin də hakimiyyət tərəfindən saxtalaşdırılmasına, Azərbaycan cəmiyyətinin iradəsinin zorlanmasına imkan vermək olmaz. Bunun üçün bütün səylər göstəriləcək.