İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda sərxoş sürücü ölümlə nəticələnən qəza törədərsə, neçə il müddətinə həbs cəzası alır?

5396 11.06.2020 16:38 Hadisə A A

Bir çox avropa ölkələrində ölümlə nəticələnən yol nəqliyyat hadisələri törədən, sərxoş halda qəza törədən sürücülərə ən ağır cəzalar təyin edilir. Həmin sürücülərə həbs cəzası verilməklə yanaşı ömürlük sürücülük hüququndan mərhum da edilirlər.

Musavat.com xəbər verir ki, Azərbaycanda isə ən ağır yol nəqliyyat hadisəsi törətmiş şəxsə maksimum 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilir. Sürücülük hüququ isə ən çox 5 il müddətinə məhdudlaşdırılır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsində yol nəqliyyat hadisəsi törətmiş şəxslərə təyin edilən cəzalar göstərilir.

Belə ki, əgər sürücü alkoqollu içkilərin qəbulu, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin təsiri altında və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadığı halda qəza törədərsə, zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurarsa, onu aşağıdakı cəza gözləyir:

- 3 ilə qədər nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6-8 min manat cərimə

- 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə

Əgər bu halda sürücü qəza törədən zaman zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurarsa, onu 4 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.

Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olarsa, sürücü 5 ilədək sürücülük hüququndan məhrum edilə, 5-8 ilədək azadlıqdan məhrum edilə bilər.

Azərbaycda yol nəqliyyat hadisəsi törədən şəxsə ən ağır cəza isə 263-cü maddənin sonuncu bəndinə (263.1.4-cü) əsasasən təyin edilir.

Sürücü sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmadığı halda qəza törədərsə və qəza zamanı 2 və daha artıq şəxs dünyasını dəyişərsə, sürücü maksimum olaraq 12 il müddətinə azadlıqdan məhrum edilə və o, sadəcə 5 il müddətinə sürücülük hüququndan məhrum edilə bilər.

Əgər sürücü sərxoş olmadığı və sürücülük hüququ olduğu halda qəza törədərsə, iki və daha artıq şəxsin ölümünə səbəb olarsa, 10 il müddətinə cəza ala bilər və 5 il müddətinə sürcülük hüququndan məhrum edilə bilər.

Məsələn, 2017-ci ildə marşurut avtobusunun sürücüsü Namiq Hüseynov Sumqayıt yolunda törədiyi qəza ilə 6 tələbənin ölümünə səbəb olmuşdu. Sərxoş olmadığı, nəqliyyat vasitəsi idarə etmək hüququ olduğu üçün ona 10 il cəza verildi. Bu qərar həm dünyasını dəyişən, həm də yaralanan tələbələrin valideynləri tərəfindən narazılıqla qarşılanmışdı.

Bildirək ki, Azərbaycanda sərxoş halda bir neçə dəfə qəza törədən, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitələri idarə edərək qəza törədən, avtoxuliqanlıq edən şəxslərə verilən cəzaların ağırlaşdırılması ilə bağlı bir neçə dəfə müzakirələr aparlıb, təkliflər irəli sürülüb. Lakin bu istiqamətdə rəsmi olaraq, heç bir addım atılmayıb.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR