Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilib.
Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar hazırlanmış geniş tədbirlər planına uyğun olaraq, respublikanın bütün şəhər, rayon və kəndlərində, idarə və müəssisələrində anma mərasimləri keçirilib, dövlət bayraqları endirilib.
Azərbaycan paytaxtının yüz minlərlə sakini, diplomatik korpusun nümayəndələri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anmış, məzarları üzərinə şəhidlik rəmzinə çevrilmiş al qərənfillər düzüblər.







