Azərbaycanda Rusiyanın sosial dayaqları çox zəifmiş: “Rusiya” deyənlərə sərt reaksiya...
Elxan Şahinoğlu: “Cəmiyyətin də sifarişi budur ki, biz Türkiyənin yanında olmalıyıq”
Fazil Mustafa: “Bəzi insanlar qorxduqlarına, ictimai qınağa görə bu məsələdə Rusiyanın mövqeyini dəstəkləmədilər”
Türkiyənin Rusiya təyyarəsini vurması və bundan sonra iki ölkə arasında dövlət başçıları səviyyəsində gedən söz savaşı Azərbaycan ictimaiyyəti tərəfindən də diqqətlə izlənilir. Əminliklə demək olar ki, Rusiya və Türkiyədən sonra bu məsələnin son dərəcə həssaslıqla müzakirə olunduğu üçüncü ölkə Azərbaycandır. Demək olar ki, Rusiya təyyarəsinin vurulması ilə bağlı qızğın mübahisələr gündəmdəki digər hadisələri də unutdurub.
Ancaq bu mübahisə və müzakirələr həm də onu ortaya çıxartdı ki, Rusiyanın Azərbaycan cəmiyyətindəki dayaqları çox zəifdir. Əhalinin demək olar ki. 90 faizi bu məsələdə Türkiyəni dəstəklədi. Musavat.com-un Bakı şəhərində sakinlər arasında keçirdiyi sorğuda da demək olar ki, hər kəs Türkiyənin haqlı mövqedə olduğunu bildirərək, qardaş ölkənin tərəfini tutdu.
Eləcə də, “Türkiyə Rusiyadan üzr istəməlidir” deyənlər sosial şəbəkələrdə kəskin tənqid atəşinə tutuldular. Belə ki, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin facebook səhifəsində yazdığı “Türkiyə Rusiyaya üzrxahlıq eləməlidi! Yanlış olub deməlidi!” məzmunlu status onu bir çox ictimaiyyət nümayəndələrinin tənqidlərinə məruz qoydu. Teleaparıcı Sevil Nuriyeva buna etiraz edərək, R.Məcid haqqında aşağılayıcı fikirlər səsləndirdi və onu facebook dostluğundan çıxartdı.
Bunun ardından deputat Aqil Abbas Rəşad Məcidi haqlı hesab edərək, Türkiyənin üzr istəməli olduğunu belə izah etdi: “Mən bütün bunları dərindən izləyirəm, Türkiyə bu məsələdə ABŞ-ın “dutkasına” getdi. ABŞ istəyirdi ki, Türkiyə dağılsın və elə Rusiya da düşməni idi. Beş gün bundan əvvəl sayın Ərdoğanla Putin bir yerdə oturub dərdləşiblər, çörək yeyiblər, söhbətlər ediblər. Təyyarə Türkiyənin ərazisin bombalamamışdı, axı... Bu hadisəni çox pis qəbul edirəm, Türkiyəni bu məsələdə qınayıram. Onlar mütləq danışmalıydılar, məsələni aydınlaşdırmalıydılar. Gərək, Türkiyə bunu etməyəydi, təyyarəni vurmayaydı. Axı qırıcılar həmin təyyarəni Türkiyənin ərazisində endirə bilərdilər, həmçinin Türkiyənin ərazisindən kənarlaşdıra bilərdilər. İndi Rusiya da PKK-nı silahlandıracaq. Bundan sonra da Türkiyə səhvini yumaq üçün heç nə edə bilməyəcək, artıq çox gecdir. Bu məsələ Azərbaycana da böyük zərbədir”.
Hazırda sosial şəbəkələrdə hər iki şəxsə qarşı tənqidlər hələ də səngimir. İstər ictimai fikir adamları, istərsə də sadə insanlar Rusiyanın xeyrinə kiçik bir ifadə işlədən hər kəsi tənqidlərə məruz qoyurlar. Bütün bunlardan çıxış edərək, keçmiş sovet respublikalarından biri kimi Azərbaycanda artıq Rusiyanın sosial dayaqlarının zəiflədiyini demək olar.
Sosial şəbəkələrdə gedən müzakirələrdən gəldiyimiz bu qənaəti musavat.com-a açıqlama verən “Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da təsdiqlədi: “Bunun səbəbi odur ki, Türkiyə Azərbaycanın hərbi-strateji müttəfiqidir. Dili, dini bir olan millətik. Türkiyə bütün məsələlərdə bizim yanımızdadır, Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir. Ermənistanı işğalçı dövlət kimi tanıyır. Ona görə də, obyektiv olaraq biz Türkiyənin tərəfindəyik. İkinci bir tərəfdən Türkiyə haqlıdır. Dəfələrlə edilən xəbərdarlığa rəğmən Rusiya təyyarəsi Türkiyə sərhədini pozub və vurulub. Rusiya anlamalı idi ki, belə bir müharibəyə başlayırsa, itkiləri də olacaq. Bu məsələdə Türkiyə haqlı olduğundan biz Türkiyəni dəstəkləyirik. Düzdür, cəmiyyətdə başqa fikirlər də oldu ki, Türkiyə Rusiyadan üzr istəməlidir. Ancaq bu fikirlər tənqidlə qarşılandı. Yəni cəmiyyətin də sifarişi budur ki, biz Türkiyənin yanında olmalıyıq”.
Millət vəkili Fazil Mustafa isə bir çoxlarının da ictimai rəydən qorxaraq, Türkiyəni dəstəklədiyini bildirdi: “Mən düşünmürəm ki, cəmiyyətimizdə hamı Türkiyənin tərəfindədir. Çünki, İrana da satılmağa hazır olan, Rusiyaya da satılmağa hazır olan yetərincə elektorat var. Sadəcə bu addım populyar olmadığına, qorxduqlarına və ictimai qınağa görə bu məsələdə Rusiyanın mövqeyini dəstəkləmədilər. Ancaq ilk kritik halda bunların çoxu Rusiyanı dəstəkləyəcəklər. O baxımdan da bu təhlükə Azərbaycanda həmişə var. Bəzi insanlar isə cəmiyyətin cəsarətli insanlarıdır ki, bu məsələdə Türkiyə ilə bağlı açıq fikir səsləndirə bildirlər. Ancaq Azərbaycanda Rusiya fobiyası, İran fobiyası çox güclüdür. Buna vaxtında bu istiqamətdə normal tədbirlərin görülməməsinin səbəb olduğunu da demək olar. Rusiya nəsə baş verən kimi dərhal erməniləri çəkir qabağa, “Böyük Ermənistan” məsələsinə qayıdır. Erməni ortaya çıxdısa, bu, təkcə Türkiyəyə qarşı təhdid deyil, həm də birbaşa Azərbaycana qarşı təhdiddir. Ona görə də, bunun mahiyyətini doğru anlamalıyıq və ölkəmizin, dövlət müstəqilliyimizin qorunması üçün məsuliyyətli davranmalıyıq”.
Millət vəkilinin sözlərinə görə, hazırda Azərbaycanın regiondakı siyasi mövqeyi, müstəqilliyimizin möhkəmliyi müəyyən mənada həm də Türkiyənin mövqeyinin güclü olmasında asılıdır: “Əlbəttə, Azərbaycanda Türkiyəni dəstəkləyən insanlar daha çoxdur. Bunun səbəbi sadəcə dostluq, qardaşlıq, din, dil birliyi deyil. Hamı anlayır ki, Türkiyənin mövqeyinin zəifləməsi Azərbaycanın mövqeyinin də zəifləməsidir və istənilən vaxt İran, Rusiya tərəfindən Azərbaycana “sürprizlər”, təhdidlər ola bilər. Ona görə də, burada birmənalı olaraq, müstəqilliyimizə sayğılı olan hər kəs bu məsələdə Türkiyə ilə həmrəyliyini göstərir. Müstəqilliyimizə barmaqarası baxan, postsovet təfəkkürü ilə yaşayan insanların ürəyində Türkiyəyə o qədər də simpatiya yoxdur.
Üzr istəmək məsələsinə gəlincə, burada Türkiyə tam haqlı mövqedədir və heç bir halda üzr istəməməlidir. Əksinə, Rusiya üzr istəməlidir. Çünki, burada sübutlar var, Rusiya təyyarəsi öz sərhədində vurulmayıb. Başqa bir ölkənin sərhədində Türkiyəni təhdid edərkən vurulub. Buna görə də, burada Türkiyənin üzr istəməsi üçün heç bir əsas yoxdur”.
Nərgiz LİFTİYEVA,
Musavat.com






