İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda qəbul oluna bilər – bakalavr müddəti 3 il...

3026 16.06.2022 17:16 Ölkə A A

Milli Məclisdən verilən məlumata görə, "Ali Təhsil haqqında" Qanun layihəsinin yaxın günlərdə parlamentdə müzakirəsi gözlənilir.  

Layihə qəbul olunarsa, bu, Azərbaycanda ilk ali təhsil haqqında qanun olacaq. Hazırda isə 2009-cu ildə qəbul olunmuş ümumi "Təhsil haqqında" Qanun mövcuddur.


Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov “Turan”a bildirib ki, hər il təhsildə müxtəlif inkişaf gedir, dünyanın ayrı-ayrı ölkələrində təhsil sistemlərinə yenidən baxırlar: "Azərbaycanda da artıq bir müddətdir ali təhsil haqqında ayrıca bir qanuna zərurət yaranmışdır".
Komitə üzvü qeyd edib ki, layihənin əvvəlində ali təhsilə aid anlayışlara aydınlıq gətirilir. Onun sözlərinə görə, yeni qanunda bakalavr təhsili 3 il müddətə endirilə bilər.




Mövzu ilə bağlı təhsil eksperti Adil Vəliyev də “Yeni Musavat”a açıqlamasında Azərbaycanda bakalavr təhsili üçün 4 il müddətinin çox olduğunu vurğulayıb:

“Bu sadəcə bəzi ixtisaslara aiddir, yəni bütün ixtisaslara aid deyil. Məsələn, dizaynerlik ixtisası və yaxud da ki, kompüter mühəndisliyi, informasiya texnologiyaları kimi ixtisasları biz tələblərə 4, 5 il müddətinə öyrədirik. Halbuki tələblər sadaladığım bu ixtisasları müəyyən kurslara, akademiyalara gedərək maksimum 1.6 ilə, 2 ilə bitirə bilirlər və daha yaxşı göstəriciləri olur. Daha sonra rahatlıqla iş yeri tapıb, işlə təmin oluna bilirlər. Amma təəssüf ki, burada, Azərbaycan universitetlərində bu kimi ixtisaslarda yanaşı olaraq qeyri-ixtisas fənləri də tədris olunur. Bu da tələbələrə heç bir şəkildə lazım deyil. Məsələn,  Kompüter mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrə tarix, coğrafiya, mülki müdafiə və bu kimi fənlər məncə, o qədər də lazım deyil. Çünki bu fənləri orta məktəbdə də tədris edirlər və bu biliklər də həmin tələbələrə kifayət edir. Bu, boşuna vaxt itkisidir və belə olan təqdirdə tələbə ixtisasına aid olan fənləri daha az mənimsəyir”.

Adil Vəliyev onu da qeyd edib ki, tələbə normal təhsil müddətini, yəni 4 illik tədris ilini də 3 ilə bitirə bilər:

“Məsələn, tələbə üst kursdan da dərslər götürərək 3 ilə universiteti bitirə bilər. Hətta bəzi qaydalar var ki, tələbələr bundan xəbərsizdir. Biz indi ikili diplom, yəni fərqli bir universitetin diplomunu nəzərə alaraq ikili diplom deyirik. Amma bunun başqa forması da var. Məsələn, deyək ki, tələbə İT ixtisasına qəbul olub, bu tələbə eyni zamanda kompüter mühəndisliyi ixtisasını da oxuyanda, hər iki ixtisasın diplomunu əldə edə bilər. Bunun üçün sadəcə olaraq tələbə digər ixtisasdan da dərslər götürməlidir”.




Təhsil eksperti Kamran Əsədov da mövzu ilə bağlı öz fikirlərini “Yeni Müsavat”a bildirib. Ekspert bildirib ki, indiyə qədər təhsilin müxtəlif pillələri üzrə qanun layihəsi qəbul edilib:

“Belə ki, 2009-cu ildə “Təhsil haqqında” qanun, 2011-ci ildə “Orta ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi”, 2016-cı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət  Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında”, eyni zamanda məktəbəqədər, ümumtəhsil, elm haqqında qanun qəbul edildi. Amma ali təhsil müəssisələrinin idarəedilməsi, orada şəffaflığın təmin olunması, keyfiyyətin yüksəldilməsi və idarəedilməsi ilə bağlı ciddi məsələlər hələ də kənarda qalırdı. Məhz bu problemin aradan qalxması üçün ayrıca qanun layihəsinə yəni, “Ali təhsil haqqında” Qanun layihəsinə ehtiyac var idi.

Milli Məclisdə müzakirə edilən “Ali təhsil haqqında” Qanun ali təhsilin keyfiyyətinin artırılması, eyni zamanda dünya təhsil sisteminə inteqrasiyaya müsbət təsir göstərəcək. Yeni qanun layihəsində bir sıra dəyişikliklər var. Onlardan biri ali təhsilin müddəti və ixtisas istiqamətləri ilə bağlıdır. Ən çox müzakirə obyektinə çevrilən məsələ ali təhsilin bakalavr pilləsinin 3 il, magistraturanın 1 il olmasıdır. Lakin bu, Azərbaycan universitetlərində qəbul həyata keçirilən ixtisasların hamısına aid deyil. Ali təhsilin proqramına uyğun olaraq peşəkar səviyyədə kadr yetişdirmək üçün bəzi hallarda 4 il çox uzun müddət olur. Müəyyən ixtisaslar var ki, onlar üzrə 4 illik təhsilə ehtiyac yoxdur. Bunlar akademik tədqiqatları, araşdırmanı əks etdirməyən texniki ixtisaslardır.

Qeyri-ixtisas fənlərini azaldıb, proqramdan çıxarsaq, tədris ili azaldılacaq. Tələbələrə qeyri-ixtisas fənlərindən dərs keçməyə ehtiyac yoxdur. Daha çox oxuduğu ixtisasın yönümünə uyğun olan fənlər keçilməlidir ki, tələbənin peşəkarlığı artsın.

Məsələn, musiqi, incəsənət, mədəniyyət ixtisaslarında 4 il oxumağa ehtiyac yoxdur. Hüquq, tibb, müəllimlik kimi ixtisaslar özündə akademik bilikləri əks etdirdiyi üçün bu ixtisaslar 4 illik olacaq.

Tədris ilinin azaldılması əmək bazarına daxil olacaq insanların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xidmət edəcək”,- deyə Kamran Əsədov bildirib.

Anar Əhməd,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR