İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı

1720 07.05.2024 16:00 Yaşam A A

Hazırda Azərbaycanda yaşı 100 və daha çox olan pensiyaçıların sayı 280 nəfərdir. Bu barədə Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. O qeyd edib ki, yaşı 100 və daha çox olan pensiyaçıların 36-sı kişi, 244-ü qadındır.

Maraqlıdır, qadınların daha uzunömürlü olmasına, yaşı 100-ü keçənlər arasında kişilərlə müqayisədə saylarının üstünlük təşkil etməsinə səbəb nədir? Nə üçün kişilərin ömrü azdır? Bu, yaşam tərzindən asılıdır, yoxsa bioloji, təbii proseslərlə əlaqəlidir? Tibbi nöqteyi-nəzərdən bunun izahı varmı?

Musavat.com xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla təəssüflə qeyd edib ki, kişilərinin ömrünün az olmasına həm ekoloji faktorlar, həm də onların keçirdiyi həyat tərzi təsir edir.

Həkimin sözlərinə görə, kişilərin ömrünü azaldan amillər sırasında stress və zərərli vərdişlərə aludəçilik ön sırada gəlir: “Kişilər ciddi şəkildə stress keçirirlər. Bununla yanaşı, onlarda zərərli vərdişlərə aludəçilik hallarına daha çox rast gəlinir. Aşkar alkoqol, siqaret çəkmək və sair kimi hallar buna misaldır. Eyni zamanda son illər oturaq həyat tərzi, çoxlu qida qəbulu kimi hallar da üstünlük təşkil edir. Təbii olaraq, bütün bunların hamısı kişilərin qadınlarla müqayisədə ömrünün az olmasına təsir edir. Xüsusi bir hormonal fərq olmasa da həyat tərzinin, stressin, ekoloji amillərin burada rolu çoxdur”.

Professor deyib ki, uzunömürlülük məsələsində qadınların kişiləri ən azı 7-8 dəfə üstələməsi düşündürücü faktordur: “Onsuz da kişilər və qadınlarla bağlı bəlli statistikalarda heç vaxt bərabərlik olmur. Ya kişilər, yaxud da qadınlar üstünlük təşkil edirlər. Amma uzunömürlülük məsələsində qadınların kişiləri ən azı 7-8 dəfə üstələməsi düşündürücü faktordur. Hesab edirəm ki, bu məsələdə genefondun sağlamlaşdırılması istiqamətində tədbirlər görülməlidir. Bunun birincisi qida mədəniyyətidir. İkincisi, qidanın tərkibi məsələsidir. Qida təhlükəsizliyi ilə bağlı çox ciddi problemlərimiz var. Üçüncüsü, kütləvi idman, aktiv həyat tərzinin təbliği, maarifləndirmə işlərinin aparılması, bu istiqamətdə mümkün şəraitin yaradılmasıdır. Ən nəhayət, ekoloji məsələlərə diqqət yetirilməlidir. Yəni ətraf mühit, içməli su ilə əlaqədar dövlət səviyyəsində mühüm tədbirlər görülməlidir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR