İnsanlara hürriyət, millətlərə istiqlal!

AZƏRBAYCANDA KƏNDLİ-FERMER ÜSYANI YETİŞİR

2601 09.07.2012 09:44 Ölkə A A

Kənd təsərrüfatına ayrılmış yardım və kreditlər hesabına yüz hektarlarla sahədə kartof əkən Şəmkir sahibkarlarından qəzetimizə verilən məlumata görə, əllərində qalan yüz tonlarla məhsulu ölkə bazarlarına çıxarmaqları da onlar xilas edə bilməyib. Aldığımız məlumata görə, bəzi sahibkarlar çıxış yolunu xaricdən Azərbaycana kənd təsərrüfatı məhsulları daşınmasının dayandırılması təklifi ilə Kənd Təsərrüfatı Nazirliyinə müraciət etməkdə görüb. Onlar narazılıq edərək bildiriblər ki, ölkə bazarlarına xüsusilə Gürcüstandan ucuz kartof gətirilməsi dayandırılsın.

Onu da öyrəndik ki, Cəlilabad fermerləri bu il daha çox ziyan çəkiblər. Ən çox məhsulu da onlar əkib. Onlar “Azadlıq” qəzetinə açıqlamalarında şikayətləniblər ki, qışda toxumluq kartofun kilosunu 50-60 qəpikdən alıb əksələr də indi hazır məhsulu heç 5-6 qəpiyə də sata bilmirlər. Əlaqədar qurumlar, ilk növbədə Kənd Təsərrüfatı Nazirliyi isə kəndlilərin düşdüyü bu duruma seyrçi münasibət bəsləyir. Onlar bildiriblər ki, belə getsə, yığılıb etiraz aksiyaları keçirəcək, hökumətin yatırmaz iqtisadi siyasətinə üsyan edəcəklər.
Təkcə kartofla bitmir. Tərəvəzçiliklə məşğul olan Lənkəran fermerləri də oxşar vəziyyətlə üzləşib. Onlar ANS-ə bildiriblər ki, fermerlərin becərdiyi tərəvəzlərə alıcı tapa bilməməsi məhsulların zay olmasına gətirib çıxarır. Bu il bol tərəvəz yetişdirən lənkəranlı fermerlər onu satmaqda çətinlik çəkir. Tərəvəzçilik üzrə ixtisaslaşmış Vələdi və Gərmətük kəndlərinin fermerləri çıxılmaz durumda qaldıqlarını deyirlər. Banklardan götürdükləri kredit hesabına əkin sahələrini genişləndirən fermerlər yetişdirdikləri faraş tərəvəzə bazar tapa bilmədiklərindən külli miqdarda ziyana düşdüklərini iddia edirlər.

Fermerlər Rusiya bazarına yol tapa bilmədiklərindən, daxili bazarda isə məhsul satışı sərfəli olmadığından tədarük məntəqələrinin yaradılmasını vacib sayırlar.
Dünən paytaxtın ən gur bazarlarında sayılan “8-ci km bazarı”na gedib kartofun qiyməti və satışı ilə bağlı maraqlandıq. Danışdığımız hər 10 satıcıdan 8-i kartofu sata bilmədiklərindən şikayətləndi. Satıcılardan Cavanşir Hacıyev qəzetimizə açıqlamasında rayonlarda vəziyyətin kritik olmasından, əkinçilərin qan ağlamasından, ucuz məhsulların bazarlarda satılmamasından şikayətləndi: “Hazırda bazarda iki rayondan olan kartof rəqabət aparır - Şəmkir və Cəlilabad. Gədəbəydə məhsul hələ yığılmayıb. Hazırda bazarda kartofun kilosu topdansatış qiyməti ilə 15-20 qəpik arasında satılır. Bu da məhsulun bolluğuna görədir. Pərakəndə satış isə 30-40 qəpik arasındadır”.

Başqa bir satıcı - Vahid Həsənov isə deyir ki, məhsul bol, qiymətlər aşağı olsa da müştəri sarıdan qıtlıqdır: “Məhsul bol, qiymət də yüksək deyil, amma alan yoxdur”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR