Azərbaycanda iş adamları İraq türkmənlərinə yardım göndərməyə hazırdırlar
İŞİD-in İraq ərazilərini işğal etməsi ilə ölkənin şimalında yaşayan türkmənlər və yezidi kürdləri acınacaqlı duruma düşüb. Mosul, Telafer, Tuz Xurmatı, Sincar, Mahmur və digər bölgələrdə yaşayan türkmən və kürdlər kütləvi edamlara məruz qalır, eyni zamanda təqiblərdən qaçanlar isə şəhərlərdə, dağlarda köməksiz qalıblar, onlar içməli su belə tapa bilmirlər. İraq türkmənlərinin bu vəziyyəti ilk dəfə Türkiyədə yardım təşkilatlarını hərəkətə gətirib. İraqa böyük miqdarda içməli su, qida, geyim və digər zəruri əşyalar göndərilib.
Ancaq nə həmin vaxt, nə də ötən iki ay ərzində Azərbaycanda eyni milliyyəti, eyni dini və dili paylaşdığımız İraq türkmənlərinə hər hansı yardım kampaniyası təşkil olunmadı. Bu barədə “Yeni Müsavat” bir sıra siyasətçilərə, ictimai fəallara müraciət etsə də, türkmənlərə nəinki maddi yardım, hətta dəstək tədbirləri belə keçirmək istəyən olmayıb.
Ancaq ötən həftə belə məlumatlar yayıldı ki, “Azərsun Holdinq”in rəhbəri Abdolbari Goozal İraqdakı yezidi kürdlərinə yardım göndərib. Əlbəttə, “Azərsun” rəhbərinin ehtiyaclı insanlara yardım etməsi yaxşı haldır və alqışlanmalıdır. Ancaq A.Goozalın bu yardımı İraqda ehtiyac içində olan digər xalqlara və etnik qruplara deyil, yezidi kürdlərinə etməsi müzakirələrə və etirazlara səbəb oldu. Milli Məclisin deputatı Fazil Mustafa Goozalın məhz yezidi kürdlərə yardım etməsinə irad bildirmişdi: “Sosial şəbəkələrdə Abdolbarı Goozalın İraqda acınacaqlı vəziyyətdə olan yezidilərə göstərdiyi böyük dəstəyi müzakirə edirlər. Əlbəttə, dar ayaqda olan insanlara yardım etmək bir insanlıq borcudur və burada ilk baxışda qəbahət görünmür. Ancaq cənab Goozal bütün kataloqlarda Azərbaycanda fəaliyyət göstərən, büdcəmizə vergi ödəyən iş adamı kimi tanınır. İqtisadi sferada xüsusi imtiyaza sahib kürd əsilli leqal iş adamlarından bəlkə də birinci mövqedə olanıdır. Mən niyə türkmənlərə dəstək vermədiyini də müzakirə etmək istəmirəm. Adam milli simpatiyasına görə öz millətinə dəstək verirsə buna görə qınanması doğru deyil. Buyurub eyni işi türk iş adamları görərək fədakarlıq göstərib onlar da öz milli simpatiyalarına görə davranıb türkmənləri sıxıntıdan qurtarmağa çalışsınlar. Məsələnin mahiyyətini başqa nöqtədə axtarmalıyıq”.
Deputat qeyd edib ki, Ermənistanda olan yezidi kürdləri Azərbaycana qarşı savaşda iştirak edib və azərbaycanlılara qarşı mənfi münasibət göstərir: “Yenə söyləyirəm, söhbət humanizmdən getmir, bizimlə düşmən olan, ərazimizi işğal edən bir ölkənin cinahında yer alan bir topluluğa simpatiyadan və yardımdan gedir. Sabah bu presedent yarada bilər ki, eyni düşüncədə olan iş adamları Suriyadan qaçqın düşən ermənilərə yardım etsin. Belə bir durumu necə qiymətləndirəcəyik? Hər halda müvafiq dövlət qurumları yezidilərə Azərbaycan adından verilən dəstəyin siyasi fəsadları barədə düşünsələr, pis olmazdı...”
Əcəba, Azərbaycan iş adamları İraq türkmənlərinə yardım kampaniyasına qoşularlarmı? Keçmiş deputat, iş adamı Nazim Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, İraq türkmənlərinə yardım etməyə hazırdır.
Ancaq bir şərtlə ki, bu cür yardım kampaniyasını beynəlxalq yardım kampaniyaları həyata keçirsin. İş adamının fikrincə, yerli qurumların bu cür aksiyalarına etibar etmir: “Yardım edərəm, ancaq bu işin təşkilatçısı Qızıl Aypara, Qırmızı Xaç və bu tipli təşkilatlar olsa. Azərbaycanda ictimai institutlara etibar yoxdur, onların əksəriyyəti öz şəxsi maraqlarına görə fəaliyyət göstərir, ”siyasiləşiblər" və s. Mən də onların 98%-nə etibar edə bilmərəm".
Yeri gəlmişkən, ötən gün “Azərsun Holdinq” açıqlama yayaraq yezidi kürdlərə yardım olunmasını təkzib edərək, türkmənlərə yardım edildiyini bildirib. “Qafqazinfo” saytında yer alan xəbərdə qeyd olunur ki, ötən həftə “Azərsun Holdinq” tərəfindən İraqın Ərbil şəhərində məskunlaşan türkmənlərə böyük yardım karvanı göndərilib. Ötən həftənin sonu şirkət tərəfindən göndərilən yardımlar Ərbil, Mosul, Təlafer, Sincar və digər yaşayış məntəqələrində paylanılıb. “Azərsun”dan bildirilib ki, yardımlar türkmənlərlə yanaşı xristian icması və digər icmalara da çatdırılıb.
KƏNAN






