İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda iqtisadi vəziyyət: İnkişaf, yoxsa böhran? - FOTOLAR, VİDEO

5817 01.03.2015 23:33 Siyasət A A

Nida Vətəndaş Hərəkatı növbəti maarifləndirici tədbirini keçirib. "Azərbaycanda iqtisadi vəziyyət: İnkişaf, yoxsa böhran?" adlı müzakirə martın 1-də Müsavat Partiyasının qərargahında təşkil edilib. 

Lektorlar iqtisadçı-ekspert Natiq Cəfərli və politoloq Ərəstun Oruclu olub. Mühazirəçilər maraqlı çıxışlar ediblər və auditoriyanın alqışlarını qazanıblar.

İqtisadçı-ekspert Natiq Cəfərli: "Hökumət niyə devalvasiyaya getdi? Ümumiyyətlə bu söhbət 2008-ci ildə də var idi. Sadəcə, həmin vaxtlarda hakimiyyət bu addımı atmadı. Çünki həmin vaxtlarda neftin ucuzlaşmasının qısamüddətli olacağı deyilirdi. Onlar da 5-6 ay gözləmə mövqeyinə keçdilər və neft yenidən bahalaşdı. Bununla da bu problem "həll" olundu. O zamanlarda neftin həm qiyməti, həm də hasilatı Azərbaycanı qane edirdi. 

Bütün dünyada qəbul edilmiş bir şey var. Hər ölkənin milli valyutası onun iqtisadi siyasətinin tərkib hissəsidir. Azərbaycanda isə bu tam fərqlidir. Hakimiyyət manatı siyasi simvola çevirmişdi. "Azərbaycan manatı stabildir. Başqa ölkələrdə böhrandır. Bizdə isə sakitlikdir" və bu kimi sözləri illərdir ki, eşidirdik. Bəs nə baş verdi ki, hakimiyyət seçki ilində məcbur olub devalvasiya etməyə məcbur qaldı? İlk olaraq onu deyim ki, ölkəyə əsasən iki mənbədən valyuta daxil olur. Birincisi təbii ki, neft gəlirləridir. Digər isə xaricdə yaşayan azərbaycanlıların buradakı ailələrinə göndərdikləri pullar. Neftdən gələn gəlirlər son 6 ayda 52 faiz azalıb. Rusiyadan Azərbaycana hər il 3 milyard manata yaxın nəğd şəkildə valyuta daxil olurdu. İndi isə bu məbləğ 3-4 dəfə azalıb və getdikcə də azalır. Çünki Rusiyada vəziyyət bizdən daha da pisdir. 


Rusiyada yaşayan azərbaycanlıların buradakı ailələrinə göndərdikləri pullar Azərbaycan hakimiyyəti üçün çox əla fürsət idi. Çünki hakimiyyət heç nə etmədən, sosial gərginliyi azaldırdı. Belə ki, bölgələrdə insanlar əsasən Rusiyaya işləməyə gedirdi. Və orada yaxşı qazanıb, ailələrinə pul göndərirdilər. Bu da işsizliyin üstünü ört-basdır edirdi. İndi isə oradakı hazır qazanc kəskin şəkildə azalıb. Bu da təbii ki, Azərbaycana təsir edir. Gələn vəsait Azərbaycan bazarına ciddi təsir edirdi. Canlanma yaradırdı. İndi isə hər iki vəsait ciddi azalıb.

Bankalarda vəziyyət heç də yaxşı deyil. Yaxın zamanda böyük banklar, kiçik bankları "udacaq". Hazırda onların hər biri milyonlarla ziyan yaşayıblar. Hakimiyyət manatın düşməsinə görə, təbii şəkildə qalxan qiymətlərin qarşısını almaq üçün kiçik sahibkarları sıxır, onları cərimə edir. Zorla onları qiyməti qaldırmağa qoymur. Amma onların burada heç bir günahları yoxdur. Götürək, yerli istehsal deyəndə ağıla gələn ilk şey süd məhsullarını. Onlar belə quru südü xarici ölkələrdən dollarla alırlar. Ölkədə tam şəkildə yerli istehsal demək olar ki yoxdur". 


Politoloq Ərəstun Oruclu: "Gəlin cəmiyyətə piramida kimi baxaq. Ən yuxarıda hakimiyyətdir. Bir az aşağı hissə isə məmur və sahibkarlardır. Orta hissə, orta təbəqəyə mənsub olanlardır. Yəni ziyalılar, jurnalistlər və s. Ən son isə xalq təbəqəsidir. Hakimiyyət mərkəzləşdikcə, bu piramida dönüb oldu alt hissəsi incələn dirək. Və hər an yıxıla bilər. 

Bütün strategiya yalan üzərində qurulub. Bütün qərarlar spontan olaraq verilir. Heç bir uzaqgörən siyasət və ya strategiya, taktika yoxdur. Hakimiyyət indi nə edir? Hər şeyi yıxır xırda sahibkarların üzərinə. Guya qiymət artımını xırda sahibkarlar edirlər. Onları sıxır və cərimə edir. 

İnsanların az-çox iqtisadiyyatımıza inamı vardı. İndi o da qalmadı. İnsanlara deyirdilər: "Narahat olmayın. Heç nə olmayacaq. Manat stabil olaraq qalacaq". Ən pisi budur ki, onlar bu sözləri manatın kəskin ucuzlaşdığı gündən 3 gün öncə də deyirdilər. 

Aksiyalar edilir. Qiymət artımına, manatın ucuzlaşmasına etirazlar edilir. Amma məncə insanlar hələ də hər şeyin fərqində deyillər. Qısa müddət ərzində hər kəs anlayacaq ki, ölkədə böhran yaşanır. İndi anlamırlar. Qiymət artımı onlara tam toxunmayıb. Çünki istehlak bazarında qiymətlər kobud güc hesabına saxlanılır. 

Əgər vaxtında yerli istehsal inkişaf etdirilsəydi, hər şey neftdən gələn gəlirlər üzərində qurulmuş olmasaydı, indi vəziyyət bu qədər pis olmazdı. Yerli istehsalın olması, bahalaşmanın qarşısını böyük miqdarda alır. Əgər elə olsaydı bu gün dolların bahalaşması vətəndaşa bir o qədər də təsir etməzdi.  

Azərbaycan Gömrük İttifaqına da qoşulmayacaq. Çünki Gömrük İttifaqına qoşulmaq, Azərbaycan üçün gömrük kimi vacib bir şeyi əldən vermək deməkdir. Gömrük sadəcə pul yığmaz üçün böyük bir "maşın” deyil. Gömrük həm də daxili bazarı tənzimləyir. Hər şey orada təyin edilir. Kim hansı malı Azərbaycana gətirə bilər, kim isə yox... Biz nə görürük? Mövcud böhrandan qurtulmaq üçün hakimiyyətin atdığı addımlar, heç bir işə yaramır".

Nida Vətəndaş Hərəkatı isə tədbirlə bağlı bu fikirləri bölüşüb: "Son günlər ölkə gündəmində əsas mövzu manatın dəyərinin düşməsi, qiymət artımı, bundan sonra iqtisadi vəziyyətimizin necə olacağıdır. Nida Vətəndaş Hərəkatı olaraq qərar verdik ki, bu haqda müzakirə təşkil edək. Hesab edirik ki, tədbirimiz uğurlu oldu". 

Məhəmməd TÜRKMƏN
Fotolar və video müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR