Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanda ikinci dəfə “Fantazia” mədəni irs festivalı keçiriləcək.
Musavat.com bildirir ki, bununla bağlı bu gün mətbuat konfransı keçirilib. Tədbirdə Fransanın Azərbaycandakı səfiri Zakari Qros çıxış edib. Səfir bu cür festivalların ölkələrin mədəni irsinin qorunması üçün əhəmiyyətli olduğunu vurğulayıb:
“Avropa hər zaman mədəni irslərin və müxtəlifliklərin qorunmasına dəstək verib və bu, Avropaya xas xarakterdir. Festivalda Fransadan 3 rəssam iştirak edəcək”.
Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, builki festival öz unikal xüsusiyyətləri ilə fərqlənəcək və festival çərçivəsində keçiriləcək tədbirlər Bakı ilə yanaşı, regionları da əhatə edəcək.
Daha sonra Belçika, Niderland və Moldovanın Azərbaycandakı səfirləri çıxış ediblər.
Mətbuat konfransında bildirilib ki, festival noyabrın 1-dən 15-dək Bakı, Gəncə və Qəbələdə keçiriləcək. Festivalın məqsədi mədəni irsin qorunmasının vacibliyini təbliğ etməkdir.
Həmçinin qeyd olunub ki, festival Avropa İttifaqına üzv dövlətlər və üçüncü ölkələrlə, o cümlədən Fransa, Bolqarıstan, İtaliya, Latviya, Finlandiya, Belçika, Hollandiya, Macarıstan, Moldova, Meksika, Argentina, Tacikistan, Venesuela, həmçinin aralarında Azərbaycan Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin də olduğu yerli tərəfdaşlarla birgə təşkil olunacaq.
Festival noyabrın 1-də Azərbaycan Fransız Universitetində təşkil olunacaq memarlıq irsinə həsr olunmuş konfrans və Bakının tarixinə həsr olunmuş pop-up muzeyin açılış tədbiri ilə başlayacaq, müxtəlif fotosərgilər, film nümayişləri, konsert və teatr tamaşaları, universitetdə ustad dərslərlə davam edəcək. Bu münasibətlə Bakıya 10-dan çox xarici qonaq gələcək.
Festival çərçivəsində sərgilərin, debatların və film nümayişlərinin təşkili Gəncədə baş tutacaq. Qonaqlar, həmçinin Qəbələ rayonunun Nic kəndində təşkil olunacaq Alban-Udi Mədəniyyət Günündə də iştirak edəcəklər.
Festival "The Landmark" otel və biznes mərkəzinin dəstəyi ilə keçirilir. Tədbirin rəsmi tərəfdaşları “YARAT” Müasir İncəsənət Məkanı, “Salaam Cinema”, Gəncə Şəhər İcra Hakimiyyəti, Alban-Udi Xristian dini icması, AEDOS, Barselona Casa Battlodur. Elmi tərəfdaşları KaFoskari Venesiya Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan-Fransız Universiteti, Gəncə Dövlət Universitetidir. “United Cultures” Avropa İttifaqı tərəfindən maliyyələşdirilən müqavilə çərçivəsində təşkilati dəstək göstərir.
Xalidə Gəray,
Musavat.com,
Fotolar müəllifindir.






