Azərbaycanda homoseksuallıq kimlər tərəfindən və nə üçün yayılır?
Fazil Mustafa: “Normal vəzifələrə təyin olunan adamların mənəvi keyfiyyətləri ciddi yoxlanılmalıdır”
Ərəstun Oruclu:“Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsinin qəbul etdiyi qərar barəsində mütəxəsislər tərəfindən heç də doğru-dürüst araşdırılma aparılmayıb”
Dəyanət Rzayev: "Bir çox hallarda yeniyetmə və gənclər dəbin, müasirliyin qurbanı olur”
Mehriban Zeynalova: “Homoseksuallığın yayılmasında bəzi mətbuat orqanları maraqlıdır”
Bu günlərdə Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsi eynicinslilərin evliliyinin qanuni olduğunu açıqladı. Məhkəmənin qərarında “heç bir münasibət ailə qədər dəyərli deyildir” sözləri də qeyd edilib.
Bu məsələ Azərbaycan mətbuatında da xeyli müzakirələrə səbəb oldu. Bir çoxları bu cür leqallaşmaya tənqidi yanaşır, ölkəmizin Qərbə inteqrasiya etdiyini nəzərə alaraq, bu amilin cəmiyyətimizə də pis təsir edə biləcəyini güman edirlər. Lakin bəziləri də dünyanın nəhəng ölkəsi olan Amerikanın bu qərarını demokratik addım adlandırır və nə vaxtsa ölkəmizdə də bu cür qərarların baş tutacağını istisna etmədiklərini bildirirlər.
Millət vəkili Fazil Mustafa bu məsələ ilə əlaqədar azvision.az-a açıqlamasında bu cür amillərin ölkəyə süni şəkildə ötürüldüyünü deyib. Onun sözlərinə görə, cəmiyyətin hər bir fərdi bu məsələyə ciddi yanaşmalı, insan əxlaqına və təbiətinə zidd olan bu cür amillərə qarşı sərt mövqe bildirməlidir.
F.Mustafa ölkəmizdə homoseksuallığın yayılmasının stimullaşdırılmasında vəzifəli şəxslərin də əli olduğunu qeyd edib: “Bu məsələ Azərbaycanda bəzi vəzifəli, zəngin insanların stimullaşdırdığı bir fəaliyyətdir. Qeyri-əxlaqi davranışların müəyyən bir qismi bu stimullaşdırmanın nəticəsi olaraq meydana çıxır. Bu hallar Azərbaycanda da çox geniş yayılıb. Çıxış yolu yoxdur. Normal vəzifələrə təyin olunan adamların mənəvi keyfiyyətləri ciddi yoxlanılmalıdır. O cür fiziki üzdəniraq şəxsləri dövlət vəziflərinə təyin etmək olmaz. Çünki bundan sonra hər kəs elə ola bilər. Belə şəxslərin vəzifə tutmaları ilə bağlı cəmiyyətdə kifayət qədər söz-söhbətlər dolaşır. Bu məlumatların müəyyən bir qismi qərəzli ola bilər. Amma müəyyən bir qismi də həqiqətdir”.
Politoloq Ərəstun Oruclu isə musavat.com-a açıqlamasında məsələyə bu cür baxış przimasından yanaşılmanı doğru hesab etmədiyini deyib. Politoloqun sözlərinə görə, qeyd edilən problemin arxasında hər hansı bir siyasi məqsədin dayandığını bildirmək sağlam məntiqdən xeyli uzaqdır: “Dünyanın hər yerində bu problem var, o cümlədə də bizim ölkədə…. Bu insan təbiətindən, məişətindən qaynaqlanan bir məsələdir. Bəziləri bunun arxasında hər hansı bir siyasi məqsədlərin durduğunu qeyd edir. Fikrimcə, bu rəy sağlam məntiqdən xeyli uzaqdır.
Diqqət etsək görərik ki, ən qədim dinlərdə homoseksual olan insanlar lənətlənib və hətta tonqalda yandırılıb. Yəni bu yeni problem deyil. Dünya inkiaf edir və rəsmilər fikirləşirlər ki, onsuz da bu cür insanlar bir yerdə yaşayır və məsələyə artıq leqal baxmaq lazımdır”.
Politoloq Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsinin qəbul etdiyi qərar haqqında mütəxəsislər tərəfindən heç də doğru-dürüst araşdırılmanın aparılmadığından gileylənib: “Bəzən görürük ki, bu qərar çox təhqiramiz şəkildə qarşılanır. Lakin unutmaq olmaz ki, Ali Məhkəmənin çıxartdığı bu qərar əslində məsələ ilə bağlı xeyli sayda insanların müraciətinə bir cavab olub. Yəni, eynicinsli insanların birlikdə yaşaması Amerika Konstitusiyasında qadağan deyil. Bu, Amerikanın öz daxili məsələsidir”.
Psixoloq Dəyanət Rzayev Azərbaycanda da homoseksuallığın artmasının narahatlıq doğurduğunu bildirib. Onun sözlərinə görə, bir çox hallarda yeniyetmə və gənclər dəbin, müasirliyin qurbanı olur: “Gəncləri belə şeylərdən çəkindirmək lazımdır. Lakin bu məsələlərdə aqressiyaya yol vermək olmaz. Hər bir işi üsulunda aparmaq lazımdır. Bir tendensiyanı müşahidə etməkdəyik, məsələ nə qədər çox qabardılırsa, bir o qədər çox yayılır.
Bəzən görürük ki, televiziya aparıcıları özlərini biseksual kimi aparır, davranırlar. Bu da istər-istəməz yeniyetmə və gənclərə şüuraltı təsir edir. Məlum məsələdir ki, gənclər efirlərdə gördükləri müğənnini və ya aparıcını təqlid etməyə çalışır.
Sovet dövründə qeyd etdiyimiz məsələ o qədər də geniış vüsət almamışdı. Çünki məsələ bu qədər qabardılmırdı. Efirə çıxan hər bir müğənni və ya aparıcı müəyyən senzuralardan keçirdi. Lakin hazırda bu cür məhdudiyyətlər olmadığından problem getdikcə böyüyür. Artıq bu məsələdə korrektə etməyin vaxtı gəlib, çatıb”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova homoseksuallığın qarşısını alacaq hansısa reabilitatsiya mərkəzlərinin mövcdu olmadığını deyib. M.Zeynalovanın sözlərinə görə, bu problemin yayılmasında bəzi saytların xüsusi rolu var: “Sosial şəbəklərdə və bəzi saytlarda arzuolunmaz təbliğatın aparılması bu problemin geniş vüsət almasına səbəb olur. Biz demirik ki, Şərq aləmində homoseksuallıq olmayıb. Lakin qeyd etdiyimiz kimi, bu cür təbliğ edilməyib. Məlum məsələdir ki, iqtisadi proseslər də bəzən mənəvi dəyərləri sırdan çıxardır. Bütün bunların qarşısnı almaq üçün məşğuliyyəti, ailə dəyərlərini daha dərindən təbliğ etmək lazımdır.
Həmçinin ölkəmizə daxil olan bir çox məhsullar var ki, onların tərkibində genetikanı dəyişə biləcək amillər var. Bu baxımdan ölkəyə daxil olan məhsullar barəsində də ciddi araşdırmalar aparmaq lazımdır”.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama eynicinslilərin evliliyinin qanuni olduğunu açıqlayan qərarı təqdirəlayiq adlandırıb. B.Obama özünün Twetter hesabından etdiyi açıqlamada “eşq qazandı” şəklində fikirlər bölüşüb.
Xalidə Gəray






