İnsanlara hürriyət, millətlərə istiqlal!

AZƏRBAYCANDA DEMOKRATİYANIN VƏZİYYƏTİ İYUNUN 24-də MÜZAKİRƏ OLUNACAQ

751 17.06.2010 09:12 Gündəm A A
“Seçki Məcəlləsinə dəyişikliklər barədə bu qədər gec danışılmağa başlaması məni çox təəccübləndirir. Artıq parlament seçkisi yaxınlaşır, indiyə qədər bu barədə söz-söhbət olmamışdı” - deyə A.Herkel “Media forum”a açıqlamasında bildirib.
Andres HerkelO deyib ki, bu dəfə hesabatın tam mətni təqdim edilməyəcək, çünki indi diqqəti seçkiöncəsi vəziyyətə yönəltmək lazımdır: “Əks halda, hesabatda əks olunmuş bütün məsələləri araşdırmaq uzun sürəcək və o vaxta qədər seçki qurtaracaq. Ona görə də bu sənəddə əsas etibarilə seçki öncəsi vəziyyətin ümumi mənzərəsi təsvir olunacaq. Hesabata mətbuat, söz azadlığı, toplaşmaq azadlığı kimi aktual məsələlər daxil ediləcək. Həbsdə olan gənc bloqçularla, jurnalistlərlə bağlı informasiyalar da olacaq. Mən artıq bir neçə dəfə demişəm ki, Eynulla Fətullayevin azad edilməsi situasiyanı yumşaldar, ümumi atmosferə müsbət təsir edərdi. Təəssüf ki, bu baş vermir. Hesabata qədər onu azad etsəydilər, çox yaxşı olardı, lakin indi mənim ”Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icrasını gözləyirik"dən başqa yeni bir sözüm yoxdur".
Həmməruzəçi sənədin qısa variantını hazırlamaq ideyasının Azərbaycan hakimiyyətinin hesabata mənfi reaksiyası üzündən ortaya çıxması ehtimalını rədd edib: “Mən dediyim faktorları nəzərə alaraq birbaşa qısa variant üzərində işlədim. Ölkənin üç ay ərzində cavab vermək hüququnu da nəzərə alaraq deməliyəm ki, mən bu hesabatın hazırlanmasına hazır deyiləm. Mənim səlahiyyət müddətim iyunun sonunda bitir. Amma hətta bu müddət oktyabra qədər uzadılsaydı belə, hesabat yenə seçki dövrünə təsadüf edəcəkdi. Sizi inandırıram ki, bu, ən düzgün qərardır. Bu müddət ərzində nə etmək mümkündürsə, etdim”.
Herkel əsas hesabatdakı bir neçə məsələni seçkiöncəsi sənədə salmaq istəmədiklərini bildirib: “Onlardan biri 2009-cu ildə keçirilmiş konstitusiya referendumu ilə bağlı məsələlərdir. Ancaq bu sənəd reallıqları əks etdirəcək, problemləri göstərəcək. Öz təəssüratlarımı və şəxsi müşahidələrimi isə mən sadəcə memorandumda qeyd edə bilərəm”.
AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə “Turan”a bildirib ki, bu məruzə Azərbaycan üçün ciddi önəm daşıyır. Onun sözlərinə görə, hesabatda obyektiv məqamlar var ki, onlarla razılaşmamaq olmaz, lakin subyektiv məqamlar da var: “Sonuncu məqamlarla bağlı Azərbaycan tərəfi öz fikrini bildirmək niyyətindədir”.
S.Seyidov onu da deyib ki, Avropa Şurası və digər beynəlxalq qurumlar Azərbaycana qarşı həmişə obyektiv olmur və ölkəyə təzyiq göstərmək üçün öz mexanizmlərindən istifadə edirlər: “İnsan hüquqları, mətbuat azadlığı və digər sahələrdən söhbət gedəndə belə hallar baş verir. Biz bu məsələlərdə avropalılardan az maraqlı deyilik, lakin bu problemlərdən təzyiq mexanizmi kimi istifadə etmək yolverilməzdir”.
Sessiyaya dəvət almış naxçıvanlı hüquq müdafiəçisi, yerli Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova məruzədə Naxçıvandakı vəziyyətin də əksini tapacağına ümid etdiyini deyib O, “Turan”a bildirib ki, Naxçıvanda insan hüquqları A.Herkellə, insan hüquqları üzrə Avropa komissarı Tomas Hammerberq və bir qrup norveçli deputatla müzakirə olunub: “Herkel və Hammerberq Naxçıvana səfər edərək ətraflı məlumat toplayıblar. Ümid edirəm ki, onların gördükləri hesabatda öz əksini tapacaq”.
M.Nəsibova bildirib ki, sessiya zamanı o, müxtəlif deputat qrupları ilə görüşlər keçirmək, onları Azərbaycan üzrə hesabatın müzakirəsi zamanı fəal olmağa çağırmaq niyyətindədir.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, hesabatda öz əksini tapan məsələlərlə bağlı bəyanat veriblər: “Seçki Məcəlləsinə edilən dəyişikliklər, ölkədə seçkiöncəsi siyasi şəraitin pisləşməsi və bütövlükdə seçki qanunvericiliyinin mürtəceləşdirilməsi ilə əlaqədar öz mövqeyimizi ortaya qoymuşuq. Həmməruzəçilərin hesabatında da əsasən bu və digər məqamlar öz əksini tapıb. Heç şübhəsiz ki, Avropa Şurası müzakirələr zamanı bizim mövqeyimizi nəzərə alacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR