İnsanlara hürriyət, millətlərə istiqlal!

“AZƏRBAYCANDA DEMOKRATİYANIN VƏZİYYƏTİ HAQDA DANIŞMAĞIM DÜZGÜN OLMAZDI”

1603 09.11.2011 09:49 Gündəm A A

Moldova ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni münasibətlər 1992-ci ildə qurulub. Hər iki ölkənin prezidentləri, baş nazirləri, XİN rəhbərləri çoxsaylı rəsmi görüşlər keçirib. Azərbaycan 2006-cı ildə Kişinyovda, Moldova isə Azərbaycanda 2010-cu ildə səfirlik açıb.

- Cənab səfir, Moldovanın Ermənistana olan silah satışı prizmasından rəsmi Kişinyovla Bakı arasında gərginliklər və Moldovanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə sizin dövlətinizin mövqeyini bilmək istərdik.

- Tam məsuliyyətlə bəyan edirəm ki, Ermənistana olan silah satışı kontekstində anlaşılmazlıq Moldovanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyində heç bir dəyişiklik etməyib. Moldova hər zaman olduğu kimi, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Azərbaycanı bütün beynəlxalq təşkilat və tədbirlərdə dəstəkləyir. Xatırladım ki, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinə də dəstək verib. Biz Azərbaycanla həmçinin GUAM, ATƏT və Qara Dəniz Əməkdaşlıq Təşkilatı çərçivəsində də əməkdaşlıq edirik. Moldova hər zaman Azərbaycanın yanında olacaq və ölkənizin Dağlıq Qarabağ məsələsindəki ədalətli mövqeyini dəstəkləyəcək.

- Bir daha silah satışı məsələsinə qayıtmaq istərdim. KİV-lər silahın Ermənistana yox, Latviyanın xüsusi silah satışı ilə məşğul olan şirkətə satıldığını yazmışdılar.

- Bizim dövlətimizdə büdcə problemlərinin həlli üçün ara-sıra digər dövlətlərə silah satışı edilir. Buna dair istifadə olunmuş silahların siyahısı tərtib olunur. Rəsmi səviyyədə Ermənistanın adı doğrudan da yox idi. Daha sonra müvafiq araşdırmalardan sonra məlum olub ki, Latviya şirkəti alınan silahı üçüncü tərəfə-Ermənistana satmışdır. Bu barədə mən Azərbaycan XİN-ə də çağırılanda məruzə etmişəm. Böyük bir siyasi səhv buraxılmışdır. Ölkəmizin müdafiə nazirliyi hesab edib ki, Ermənistana silah satmaqla maliyyə problemləri həll etmək olar. Təbii ki, müdafiə nazirliyi silah satmaqla pul qazanmaq istəyibsə, siyasi rəhbərlik bunu böyük səhv hesab edib. Bununla əlaqədar parlamentdə dinləmələr olub, xüsusi istintaq komissiyası da yaradılmışdı. Məhz buna görə ordu komandanı general Dominik istefaya göndərildi. Ölkələrimiz arasında gərginliyin aradan qaldırılması məqsədi ilə Varşavada Şərq Tərəfdaşlığı konfransı çərçivəsində Moldovanın baş naziri V.Filat prezident İ.Əliyevlə görüş keçirmiş və silah satışının olması ilə əlaqədar təəssüfünü bildirərək, gələcəkdə bu cür addımların olmayacağını bəyan etmişdi.

- Cənab səfir, Azərbaycanda insan haqları və demokratiya səviyyəsini necə qiymətləndirirsiniz?

- Dost ölkənin səfiri kimi çalışacağım müvafiq vəzifə çərçivələrimi keçməyərək bildirim ki, Moldova Azərbaycanın Avropa Şurası və ATƏT qarşısında bu məsələlərlə əlaqədar öhdəliklərinin həyata keçirilməsinə, islahatların aparılmasına dair addımlarına hörmətlə yanaşır. Qiymət verə bilmərəm, çünki bu, artıq sizin dövlətinizin daxili işlərinə qarışmaq olardı. Lakin qeyd edə bilərəm ki, təqdirəlayiqdir ki, ölkənizdə demokratik institutlar, vətəndaş cəmiyyəti formalaşır, müvafiq islahatlar aparılır.

- Cənab Bodiu, məlum olduğu kimi, Moldova da separatizmlə üzləşib. Rəsmi Kişinyovun münaqişənin həllinə dair addımları barədə məlumat almaq istərdim.

- Moldova separatçı “dövlətcikləri”, birlikləri tanımır. Beynəlxalq ictimai hüquq anlayışı mövcuddur. Dünya dövlətlərini birləşdirən BMT var. Moldova digər dövlətlərlə münasibətlərini beynəlxalq hüquq çərçivəsində qurur. O ki qaldı ölkədaxili separatçılığa, biz bu “xəstəliklə” yalnız sülh yolu ilə mübarizə aparırıq. Bizdə “5+2" formatında danışıqlar aparılır-bunlar münaqişə tərəfləri Moldova və Dnestryanı, habelə üç ortaq dövlət və təşkilatlar, Rusiya, Ukrayna və ATƏT və müşahidə edən-ABŞ və Avropa Birliyidir. Lakin onu da qeyd edim ki, 2007-ci ildən bu danışıqlar Dnestryanı tərəfinin məsuliyyətsizliyi ucbatından dondurulub. Münaqişənin hərbi fazası 1992-ci ildə sona çatıb. Onu da qeyd edim ki, Ermənistanın Azərbaycanla olan münaqişəsi etnik və nisbətən dini olduğundan Moldovanın üzləşdiyi münaqişə bir qədər başqadır. Yəni hər iki münaqişə tərəfində həm moldovanlar, rusdilli və Ukrayna dilli əhali vuruşub və hazırda da yaşayır. Maraqlıdır ki, regionda əsas oyunçu olan Moskva rəsmi olaraq hər zaman Moldovanın ərazi bütövlüyünü tanıyıb. Son zamanlar Moskvanın separatçı Tiraspol ilə də münasibətlərdə problemlər yaşanır. Moskva ”Dnestryanı Respublikanın" prezidenti qismində hazırkı parlament rəhbəri Anatoli Kamenskini görmək istəyir. Xatırladım ki, separatçıların prezident seçkiləri dekabrda olacaq. Qarabağ münaqişəsindən fərqli olaraq, bizdə təhlükəsizlik zonaları yaradılıb və hər iki tərəfin sakinləri bir-birilərinin yanına qonaq və ya ticarət etməyə gedə bilər. Hətta onu da qeyd edim ki, separatçı qurumda yaşayan sakinlərin hamısına diskriminasiya olmasın deyə Moldova vətəndaşlığı verilib. Bundan əlavə, orda yaşayan bir çox sakinlərin ciblərində separatçı qurumun pasportlarından əlavə Rusiya, Ukrayna, hətta Rumıniya pasportları da var.

- Cənab səfir, GUAM çərçivəsində ölkələrimiz arasında olan əməkdaşlığı necə qiymətləndirirsiniz?

- GUAM Moldova üçün çox vacib bir əməkdaşlıq təşkilatıdır. Düzdür, vaxtaşırı Moldovada hakimiyyət dəyişdikcə təşkilat çərçivəsində ya fəallaşıb, ya da passivləşib. Lakin təəssüflə bildirmək istərdim ki, bizim dövlətlərimiz ənənəvi siyasi və mədəni əlaqələrini iqtisadi müstəviyə keçirə bilməyiblər. Faktiki olaraq iki dost dövləti iqtisadi əməkdaşlığı aşağı səviyyədədir. Misal üçün, nə Moldovanın mağazalarında Azərbaycan istehsalı olan, misal üçün, şirələr, nə də Bakıda Moldova istehsalı olan və Avropada yayılmış çaxır məhsulları tapa bilməzsiniz. Azərbaycan Odessa-Brodı layihəsinə, digər regional və beynəlxalq layihələrə dəstək verir, lakin hələ ki Moldova ilə iqtisadi əlaqələr genişlənməyib. Lakin ümid edirəm ki, yaxın zamanlarda bu məsələ də öz həllini tapacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR