İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda daha bir partiya özünü buraxdı - SON BƏYANAT

2387 09.06.2023 14:00 Siyasət A A

Azərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb. 

Musavat.com xəbər verir ki, bu, Əlisahib Hüseynovun sədrlik etdiyi Milli Həmrəylik Partiyasıdır. Partiya öz fəaliyyətini dayandırmaqla bağlı bəyanat qəbul edib.

Musavat.com-a eksklüziv olaraq göndərilən bəyanatın mətnini olduğu kimi təqdim edirik:

"Müstəqilliyinə yenidən qovuşmuş Azərbaycanda demokratik dəyərlərin təşəkkül tapması və daha da dərinləşməsinə xidmət etmək məqsədilə 1992-ci ildə yaradılmış Demokratik Azərbaycan Dünyası Partiyasının hüquqi varisi olan Milli Həmrəylik Partiyası (MHP) öz fəaliyyətində milli birliyə, həmrəyliyə və dövlətçiliyə xidməti başlıca vəzifə hesab edib.

Tarixi ənənələri davam etdirən Milli Həmrəylik Partiyası fəaliyyəti dövründə ölkəmizdə baş verən mütərəqqi hadisələri yüksək dəyərləndirmiş və Partiyamız daim Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə öz dəstəyini göstərib.

Dövlət başçımızın rəhbərliyi altında həyata keçirilən uzunmüddətli ideoloji iş nəhayət ki, öz müsbət nəticələrini vermiş, nəinki ölkə əhalisinin, bütün dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunub. Bu həmrəylik xalq, ordu və hakimiyyətin birliyinə böyük töhfə verərək ölkəmizin qüdrətlənməsinə, uzunmüddətli işğala məruz qalmış tarixi torpaqlarımızın azad edilməsinə gətirib çıxarıb. Öz yurdlarından məcburi köçkün düşmüş soydaşlarımızın 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən sonra geri qayıtması üçün bu gün Böyük Qayıdışla bağlı görülən misilsiz işlər hər bir azərbaycanlının dəstəyini qazanır. Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən xalqımız indi milli həmrəyliyin zirvəsini yaşamaqdadır.

Belə bir tarixi günlərdə dövlətə dəstək olmaq, xalqımızı vahid ideoloji xətt – Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməyə çağırmaq, dövlətimizin daha da güclənməsində pay sahibi olmaq Milli Həmrəylik Partiyası və Partiyanın üzvləri üçün də böyük şərəfdir. Biz hesab edirik ki, ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq-bərpa işlərinin aparılması, Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtına çevrilməsi bütün xalqımız kimi Milli Həmrəylik Partiyasının da arzularının, ideallarının gerçəkləşməsidir. Bütün bunlar milli birliyimizi daha da gücləndirmiş və siyasi qüvvələr arasında dialoq və həmrəyliyi də təmin etmişdir. Ona görə də hesab edirik ki, indi vahid dövlətçilik ideologiyası ətrafında daha da sıx birləşmək üçün ayrı-ayrı partiyalar şəklində fəaliyyət göstərmək şərt deyil. Bundan irəli gələrək üzvlərimizin yekdil qərarı ilə partiyamızın hüquqi və siyasi fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul etmişik.

Biz bütün dünya azərbaycanlılarını bundan sonra da ümumilli məsələlərdə hər zaman birlik, bərabərlik nümayiş etdirməyə səsləyir, Partiyamızın fədakar üzvlərinin hər birinə gələcək fərdi fəaliyyətlərində uğurlar arzulayırıq".

WhatsApp Image 2023-06-09 at 12.37.21.jpeg (219 KB)

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR