İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda daha bir partiya özünü buraxdı: 21 oldular - Qorqudun SON BƏYANATI

1411 08.05.2023 17:00 Siyasət A A

Azərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb. 

Musavat.com xəbər verir ki, bu, Firudin Kərimovun sədrlik etdiyi, 1993-ci ildən fəaliyyət göstərən Qorqud Partiyasıdır. Partiya öz fəaliyyətini dayandırmaqla bağlı bəyanat qəbul edib.

Musavat.com-a eksklüziv olaraq göndərilən bəyanatın mətnini olduğu kimi təqdim edirik:

"Azadlıq yolunda yüzlərlə qurbanlar verən Azərbaycan öz müstəqilliyini Vətən övladlarının qanı və canı bahasına bərpa etdi. Müstəqilliyin ilk illərində ölkədə bənzər əqidə və məslək daşıyıcıları müxtəlif birliklər, təşkilatlar ətrafında toplanmağa və Azərbaycanın işıqlı sabahı üçün fəaliyyət göstərməyə başladılar.

İnsanların mənəvi dəyərlərini və elmi biliklərini əsas tutan Qorqud Partiyası da 1993-cü ildə Azərbaycanın uğurlu gələcəyinə xidmət etmək üçün təsis olunmuşdur. Qısa müddətdə təşkilatlanan və ətrafında dəyərli insanları toplayan Partiya 1993-cu ildə dövlət qeydiyyatına alınmışdır.

Qorqud Partiyası milli təəssübkeşlik hissləri yüksək olan, xalqımızın qədim dövrlərdən bəri qoruyub saxladığı maddi-mənəvi irsə sahib çıxmağı bacaran vətəndaşlarımızın partiyası olaraq fəaliyyəti dövründə dövlətə və dövlətçiliyə ləyaqətlə xidmət etmişdir. Ölkədə gedən müsbət siyasi prosesləri daim təqdir edən Qorqud Partiyası müasir dünyada əldə edilən elmi nailiyyətlərin iqtisadiyyata, insanların rifah halının yaxşılaşdırılması işinə tətbiq edilməsini irəli sürmüş və bu məsələ ilə bağlı ardıcıl təşəbbüslərlə çıxış etmişdir. Vətən müharibəsi zamanı Qorqud Partiyası siyasi partiyalarımızın birgə bəyanatları alqışlamış və bu bəyanatlara imza atmışdır.

Siyasi partiyaların fəaliyyətinin stimullaşdırılmasını, ölkədə siyasi dialoqun inkişafı üçün mütərəqqi addımların atılmasını yüksək dəyərləndirən Qorqud Partiyası Azərbaycan dövlətinin qorunması, xalqımızın haqq səsinin dünyaya tanıdılması üçün müsbət təşəbbüslərə daim qoşulmuş və digər siyasi qüvvələrlə birgə öz dəstəyini ifadə etmişdir.

Bu gün Azərbaycan dövlətinin gücünün böyüklüyünü, iqtisadiyyatın davamlı inkişafını, elmin və təhsilin inkişafına, mənəvi sərvətlərimizin qorunmasına, tolerantlıq və multikulturalizm kimi bəşəri dəyərlərin yayılmasına dövlətin göstərdiyi dəstəyi təkcə biz deyil, dünyanın mötəbər beynəlxalq təşkilatları da təqdir edir. Hesab edirik ki, Azərbaycanın daha da güclənməsi, ölkə əhalisinin dövlətçilik tərbiyəsinin daha da möhkəmlənməsi üçün indi siyasi əqidədə birlik olduqca vacibdir. Qorqud Partiyasının missiyası və partiya üzvlərinin də əsas niyyəti bundan ibarətdir ki, biz istər siyasi, istərsə də mədəni birliklər halında təşkilatlanaraq dövlətimizə və dövlətçiliyimizə xidmət edə bilərik. Bu haqqı və hüququ bizə qanunvericiliyimiz, ən əsası Konstitusiyamız vermişdir. Əqidə və peşəmizdən asılı olmayaraq xalqımızın mənəvi yüksəlişinə, millətimizin vahid ideologiya - azərbaycançılıq ideologiyası ətrafında bir yumruq kimi birləşməsinə biz də hər zaman köməklik göstərməyə hazırıq. Biz - Qorqud Partiyasının üzvləri dünyamızda baş verən kataklizmləri dərindən anlayaraq, ölkəmizin tərəqqisinə sevinməyən şər qüvvələrinin varlığından xəbərdar olaraq insanlarımızın siyasi əqidə birliyi naminə Partiyamızın buraxıldığını bəyan edirik.

İnanırıq ki, elmin və biliyin gücü, mənəvi tərbiyənin cəmiyyətimizə sirayət etməsi ilə həm insanlarımızın rifahı daha da yaxşılaşacaq, həm də ölkəmiz daha da güclənəcəkdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan çoxşaxəli siyasət bizə bu qənaətdə olmağa əsas verir. Qorqud Partiyasının üzvləri bundan sonra da ictimai fəal vətəndaş kimi Azərbaycan naminə fəaliyyətini davam etdirəcəkdir. Hər bir üzvümüzə bu şərəfli yolda uğurlar arzulayırıq".

WhatsApp Image 2023-05-08 at 14.06.06.jpeg (186 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR