İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda da “maskalı seçki” keçirilə bilərmi - açıqlama

3329 02.07.2020 09:30 Siyasət A A

İyunun 28-də Polşada prezident seçkiləri keçirildi. Seçkilərdə 11 namizəd, o cümlədən hazırkı prezident Andjey Duda mübarizə aparırdı. Polşada səsvermə hüququna malik 30 milyon vətəndaş var.  Seçici fəallığı 64,4 faiz təşkil edib. Covid-19 pandemiyası ilə əlaqədar səsvermə qarışıq prinsiplə keçirilib.  Seçicilər seçki məntəqələrində, karantində olanlar və arzu edənlər isə müvafiq qaydada müraciət etdikdən sonra poçt qutuları vasitəsilə səs veriblər. Seçki məntəqələrində seçicilər sosial məsafəni gözləyib, tibbi maska taxıblar. Maska taxmayanlar məntəqəyə buraxılmayıb.

Beləliklə, koronavirus insanın fəaliyyətinin bütün sahələrinə təsir etdiyi kimi seçkilərə də bu şəkildə təsir edir. Bəzi ölkələrdə isə ümumiyyətlə nəzərdə tutulan seçkilərin yubadılmasına da səbəb olub. Polşa isə seçkini yubatmamaq üçün martın 28-də Seçki Məcəlləsində dəyişiklik etmişdi. Məhz bu dəyişikliyə əsasən 28 iyun seçkisində məsafədən səsvermə kimi yeni qayda tətbiq edildi. Bu dəyişiklik əhalinin müəyyən təbəqəsinə poçtla səs vermək üçün imkan yaradıb. Polşa hökuməti seçkinin ölkə üçün ciddi əhəmiyyət daşıdığını əsas göstərərək karantin dövründə uğurlu seçkilər keçirdi.

Azərbaycanda pandemiya olmasaydı, bu ilin aprel və ya may ayında 4 seçki dairəsində deputat seçkisi keçirilməsi gözlənilirdi. Lakin koronavirus seçkilərin keçirilməsinə bu günədək mane olur. Nəticədə fevral ayından indiyə qədər nəticələri ləğv edilmiş 35 saylı Xətai III, 74 saylı Lənkəran Kənd, 33 saylı Xətai I Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan seçki dairələri deputatsız qalıb.

Bəs Azərbaycanda da nəticələri ləğv edilmiş 4 seçki dairəsində karantin dövründə seçkilər keçirilməsi mümkündürmü? Bizdə də seçicilərin bir qisminin  məsafədən səs verməsini, qalanlarının maska ilə səsverməyə gəlməsini təmin etməklə seçki keçirilə bilərmi?

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov bildirdi ki, Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edilmiş seçki dairəsində yenidən seçkilər keçirilməsi Seçki Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir. Qanunun 172-ci maddəsində bildirilir ki, seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və seçkilərin yekunları təsdiq edilməzsə, Mərkəzi Seçki Komissiyası təkrar seçkilər keçirir.

Mikayıl Rəhimov: “MSK KİV-lə çox yüksək səviyyədə iş qurub"

Mikayıl Rəhimov: “İstənilən yenilik üçün öncə seçki qanunvericiliyində dəyişiklik olmalıdır”

MSK katibi Mikayıl Rəhimov isə bildirdi ki, deputat mandatına xitam verildikdən sonra boş qalan dairədə yeni seçkinin təyin olunması Seçki Məcəlləsinin tələbi ilə tənzimlənir.

Qanuna görə, seçki ölkə Prezidentinin sərəncamı ilə təyin edilir və bundan sonra həmin dairədə seçkilər keçirilir. Odur ki, deputatsız dairələrdə yeni seçkinin nə zaman olacağı Prezident sərəncamı verildikdən sonra bəlli olur: “Mərkəzi Seçki Komissiyası nəticələri etibarsız sayılmış seçki dairələrində əlavə seçkilərin nə zaman keçiriləcəyini müəyyən edən instansiya deyil. Seçkinin günü ancaq ölkənin Prezidenti bu barədə sərəncam imzalayanda bəlli olacaq”.

O ki qaldı Polşa təcrübəsinə, MSK katibinin sözlərinə görə, istənilən yenilik üçün öncə seçki qanunvericiliyində dəyişiklik olmalıdır. Seçki Məcəlləsində isə hazırda dəyişiklik edilməsi gündəmdə müzakirə mövzusu deyil. Eyni zamanda Seçki Məcəlləsində dəyişikliyi də MSK həyata keçirmir".

Qeyd edək ki, Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Konstitusiyanın 87-ci maddəsində isə qeyd olunur ki, parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, hər hansı səbəbdən deputatsız qalan dairələrdə seçkilər keçirilmir.

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi ...

Əhəd Məmmədli: “Polşa kimi yolunu tapıb, nəticələri ləğv olunan 4 dairə üzrə seçkini keçirmək lazımdır”

Amma ləğv olunan nəticələrdən sonra yenidən seçki keçirilməsinin konkret müddəti yoxdur. Milli Məclisə seçkilərin təyin edilməsi ilə bağlı Prezident sərəncam verir. O, nə zaman sərəncam verəcəksə, ona uyğun olaraq, Mərkəzi Seçki Komissiyası seçkiləri təşkil edəcək.

Nəticələri ləğv edilən dairələrdən qalib gəlmiş namizədlər təkrar seçkilərdə iştirak edə bilərlər. Bu məsələdə heç kimə məhdudiyyət yoxdur.

33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd olmuş AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli bildirdi ki, nəticələri MSK tərəfindən ləğv edilmiş 4 dairə 5 il müddətində boş qala bilməz. Seçicilərin haqqı var ki, parlamentdə onları təmsil edəcək nümayəndələri olsun: “Fikrimcə, Azərbaycan Polşanın bu seçki təcrübəsindən istifadə etməlidir. Məsələn, sentyabr ayında qalan 4 yerə seçkilərin keçirilməsi parlamentin tam formalaşması üçün vacibdir. Nəzərə alsaq ki, seçkilər ancaq 4 dairədə keçiriləcək və bu dairələrin 2-si Bakıda yerləşir, pandemiya şəraitində belə, bu seçkilər tam şəkildə keçirilə bilər. İnsanlar işə gedib gəlirsə, ictimai nəqliyyat işləyirsə seçkini də keçirmək mümkündür. Pandemiyanın bundan sonra hələ nə qədər davam edəcəyi bəlli deyil. Bəlkə pandemiya bir neçə il uzanacaq. Polşa kimi yolunu tapıb, 4 dairə üzrə seçkini keçirmək lazımdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR