İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bu partiya fəaliyyətini DAYANDIRDI - SON BƏYANAT FOTO

1344 18.04.2023 17:00 Siyasət A A

Azərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb.

Bu barədə Musavat.com-a daxil olan Müstəqil Xalq Partiyasının (MXP) bəyanatında məlumat verilir.

Həmin bəyanatı olduğu kimi təqdim edirik: 

“Müstəqil Xalq Partiyasının (MXP) yaranması tarixi ölkənin siyasi partiya sisteminin dirçəliş dövrünə təsadüf edir. 07.05.2020-ci il tarixində dövlət qeydiyyatından keçmiş MXP kiçik dövr ərzində ölkənin siyasi-ictimai həyatında fəal iştirak etməyə çalışıb.

Əhalinin siyasi cəhətdən maarifləndirilməsi və milli maraqlar naminə siyasi proseslərdə iştirak edən sağlam qüvvələrə dəstəyin göstərilməsi kimi vəzifələri özünə hədəf seçmiş MXP ötən dövr ərzində mövcud istiqamətdə ardıcıl fəaliyyət göstərib.

Sevindirici haldır ki, partiyanın yaranması və ilk siyasi addımları məhz İkinci Qarabağ müharibəsi dövrünə təsadüf edib. Əldə olunmuş Böyük Qələbə təkcə tarixi ədalətin təntənəsi deyil, eyni zamanda milli həmrəyliyin təntənəsidir. Bu mənada MXP siyasi təsisat olaraq bütün üzvlərinin və öz tərəfdaşlarının iradəsini əks etdirərək Vətən müharibəsi zamanı Ali Baş Komandan Prezident İlham Əliyevin yanında olduğuna dair siyasi partiyaların birgə bəyanatına da qoşulub.

Ölkədə təşviq olunan siyasi dialoq mühiti demokratik münasibətlərin dərinləşməsinə xidmət edən siyasi xətdir. MXP siyasi dialoqun şaxələnməsi ilə bağlı olan bütün təşəbbüsləri dəstəkləyib və mövcud istiqamətdə atılan addımların siyasi sabitliyin zəmanəti kimi dəyərləndirir.

Qəbul olunmuş “Siyasi partiyalar haqqında” yeni Qanun ölkənin siyasi tarixində keyfiyyət etibarı ilə yeni mərhələnin başlanğıcıdır. Yeni Qanun siyasi partiyaların ölkənin siyasi sistemində nüfuz və əhəmiyyətini artırmaqla yanaşı, daha peşəkar yanaşmaları və daha böyük resurslara malik olmasını tələb edir. Partiyaların məsuliyyət dərəcəsini artıran yeni Qanun siyasi münasibətlərin sağlamlaşdırılmasına da xidmət edəcək.    

MXP-nın yaradılmasının əsas səbəblərindən biri ölkədə milli həmrəyliyə nail olmaq və Qarabağ probleminin həllinə öz töhfəsini vermək olduğunu nəzərə alaraq, MXP artıq öz ideoloji hədəflərinə çatdığını hesab edir. Eyni zamanda müvafiq qanunvericilikdə baş vermiş dəyişiklər kontekstində partiyamızın potensialını və malik olduğu resursları adekvat qiymətləndirərək MXP siyasi partiya kimi fəaliyyətini davam etdirməyə məqsədəuyğun hesab etmir. Qeyd olunanlara istinadən və partiya üzvlərinin iradəsini əks etdirərək Müstəqil Xalq Partiyasının ləğvini bəyan edirik.

Üzvlərimizin hər biri bundan sonra da müstəqil Azərbaycanın vətəndaşı olaraq dövlətin maraqlarını qoruyacaq və ölkənin, habelə cəmiyyətin inkişafı üçün öz enerji və potensialını əsirgəməyəcək”.   

Musavat.com

WhatsApp Image 2023-04-18 at 15.09.45.jpeg (161 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR