Avropa Şurasının 2021-ci ilin aprelin 9-da açıqladığı illik hesabata görə, Azərbaycanda 21 min 12 məhbus var. Bu rəqəmlər onu göstərir ki, cəmiyyətdə kriminallaşma artıb və bunun özü bir təhlükədir. Həmçinin məhbusların sayının niyə bu qədər artması da müzakirə mövzusudur.
İlk olaraq onu qeyd edək ki, son illər narkotik istifadəçilərinə qarşı keçirilən əməliyyatlar və həbs edilən şəxslər bu rəqəmin daha da şişməsinə səbəb olub. Amma burada əsas narazılıq illərdir dilə gətirilən islahatların məhkəmələrdə icra olunmamasıdır. Bu mövzu ilə bağlı son günlər vəkillərin sosial şəbəkələrdəki ifadələrinə də rast gəlmək olur. Narazılıq ondan ibarətdir ki, xırda cinayətlər törədən şəxslər barəsində də həbs qərarı çıxarılır və məhkəmələr onları həbsxanalara göndərir.
![]()
Bir neçə gün əvvəl deputat Qüdrət Həsənquliyev də bu məsələni parlamentdə qaldırdı. Deputat hesab edir ki, Azərbaycanda hakimlər daha təşəbbüskar olmalı, qanunvericiliyin təkmilləşməsinə töhfə verməlidirlər.
“Həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik etməliyik. Dövlət əleyhinə, o cümlədən şəxsiyyət əleyhinə xüsusilə ağır cinayətlər törədənlər, residivistlər, hansısa cinayətkar qrupun üzvləri ilə bağlı məsələlərdə, əlbəttə, həbs qətimkan tədbiri seçilə bilər. Amma digər hallarda həbs qətimkan tədbiri seçilməməlidir. Qanunvericilikdə dəyişikliklər eləməliyik və girov müqabilində onlar azadlığa buraxılmalıdır ki, öz müdafiələrini təşkil edə bilsinlər. Onlardan yaxşı öz müdafiələrini təşkil edə biləcək şəxs yoxdur”.
Mövzunun aktuallığını nəzərə alaraq tanınmış vəkillərdən adəm Məmmədovun bu mövzu ilə bağlı fikirlərini dinlədik.
Avropa Şurasının açıqladığı statistik rəqəmlərə diqqət çəkən Adəm Məmmədov həbsxanalarda məhbusların sayının artmasının səbəbləri haqda bunları dedi:
“Azərbaycan cəmiyyəti artıq kriminallaşmış bir cəmiyyətə çevrilib. Elə bir düşüncə yaranıb ki, sanki insanlar məhkum olunanda islah olunurlar. Əslində hansısa bir insan məhkum olundusa, barəsində məhkəmə hökmü çıxarıldısa, bu, gələcəkdə onun özünə və övladlarına mənfi təsir edir, onlarda cəmiyyətə qarşı bir küskünlük yaranır. Gələcəkdə də bir əməl törədəndə düşünür ki, artıq ləkələnib və daha artıq cinayət törətməyə meyilli olur. Növbəti dəfə cinayət əməli törədəndə qorxmur.
Mən hesab edirəm ki, bəzi əməllərə görə insanları məhkum etməməlidirlər. Bunun qarşısını almaq üçün birinci gərək cəmiyyətdə düşüncə dəyişsin. Bizdə hakimlər, vəkillər var ki, onların düşüncəsi prokuror düşüncəsidir. Onlar da prokuror kimi ittiham edirlər. Bunu etiraf etmək lazımdır ki, bizim cəmiyyətdə əksər insanlar ancaq ittiham etməyin tərəfdarıdır, bu düşüncədədir. Təəssüflər olsun ki, ədaləti boğmaq adi hala çevrilib”.
Adəm Məmmədov qeyd edir ki, məhbusların sayının artmasının əsas səbəblərindən biri də hakimlərin sərbəst qərar qəbul edə bilməməsidir:
“Azərbaycanda məhkəmə-hüquq islahatı sənəd üzərində gedir, amma faktiki olaraq bu inkişaf çox zəifdir. Birinci instansiya məhkəməsi hər hansı bir qərar qəbul edən zaman məhkəmənin sədrinə məruzə etmədən qərar qəbul edə bilməz. Hətta alimentlə bağlı qərarları da hakimlər sərbəst qəbul edə bilmirlər. Bunu da məhkəmə sədrinə məruzə edirlər. Bir növ məhkəmə notarius rolunu oynayır. Prokurorluqdan, istintaqdan gələn ittiham aktını təsdiqləyirlər. İttiham olunan şəxsin işinə baxılanda 99 faiz bilinir ki, ittiham hökmü çıxarılacaq. Məhkəmələr istintaq orqanlarından tam asılı vəziyyətədədir.
Bu gün prokurorlar məhkəmələrdə maksimum həddə cəza istəyir. Humanizm arxa plana keçib. Rüşvətxoruluğa qarşı mübarizə aparılır. Hüquq-mühafizə orqanlarında rüşvətin alınması yığışdırılıb. Amma ədalət olmayandan sonra rüşvətin alınmasının və ya alınmamasının bir əhəmiyyəti yoxdur. Təsəvvür edin ki, müstəntiqlər var və deyirlər ki, ofisdə oturub ittiham aktı yazaram, məhkəmədədən keçər. Yəni, bu dərəcə məhkəmələrimizi ələ salırlar”.
Tanınmış vəkil Fariz Namazlı da mövzu haqda Musavat.com-a danışıb.
![]()
Fariz Namazlı deyir ki, hakimlər ittihamın əsassız olduğunu bilsələr belə, fərqli hökm çıxarırlar. Bunun səbəbi isə illik statistik rəqəmlərdə adlarının “qərarları ləğv edilən hakimlər” siyahısına düşməsini istəməmələridir:
“Əksər hallarda bəraət hökmləri Ali Məhkəməyə qədər qüvvədə qalır. İstintaq dövründə və ya məhkəmə prosesində dövlət ittihamçısı aşkara çıxarsa ki, burada qanunsuzluq var və bu zaman ittihamdan imtina edə bilər. Praktikada buna rast gəlinmir. Çox zaman çalışırlar ki, işi sona qədər çatdırsınlar.
Prokurorlar bəraət hökmü çıxarıldıqdan sonra bilirlər ki, ittiham əsassızdır və buna görə bəraət verilib. Amma buna baxmayaraq, hökmdən protest verirlər. Bu da boş yerə məhkəmənin yükünü artırmaqdır. Lakin sonra da vəkilləri qınayırlar ki, əsassız vəsatətlər verərək məhkəmənin yükünü artırırlar.
Ümumilikdə isə bəraət hökmlərinin az olmasının səbəbi hakimlərlə dövlət ittihamçılarının qarşılıqlı əlaqəsinin nəticəsidir. Məhkəmələr adətən prokurorluğun “tövsiyələrini” nəzərə alır. Hətta cəza verəndə belə prokurorun tələb etdiyi cəzadan cəmi bir il aşağı cəza verirlər. Hakimlər çalışır ki, elə hökm çıxarsın ki, prokuror bu hökmdən apelyasiya protesti verməsin. Buna görə də təqsirləndirilən şəxslərin xeyrinə qərarlar çox az çıxır.
Azərbaycanda hakimlər adətən qərarların ləğvindən ehtiyat edirlər. Məhkəmələrdə sədrlik institutunun özünün bir əhəmiyyəti yoxdur. Nəyə xidmət etməsi bəlli deyil. Hər məhkəmənin aparat rəhbəri var və bu kifayət edir. Sədrik institutu ləğv edilməlidir ki, bütün hakimlər bərabər olsun. Sədrlər olduğu üçün hakimlər mütləq hökm və ya qərar çıxaranda onunla məsləhətləşirlər. Hakim üçün əsas məsələ qərarının ləğv edilməməsidir. Məhkəmə-hüquq şurası illik statistika çıxaranda orada baxmırlar ki, hakimin qərarı niyə ləğv olunub. Sadəcə yazılır ki, qərarı ləğv olunub. Məsələn, prokuror qəsdən sağlamlığa ağır zərər vuran şəxsə 7 il cəza tələb edir. Həmin təqsirləndirilən şəxsə isə 3 ildən 7 ilədək cəza düşür. Hakim isə cəmi 3 il cəza verir. Prokurorluq bu hökmdən protest verir və hakimin qərarı ləğv olunur. Bununla da statistikaya düşür ki, hakimin qərarı ləğv edilib. Amma qərarın niyə ləğv olunduğu araşdırılmır. Bu da hakim üçün minusdur. Buna görə də hakimlər başqa qərar çıxarmaqdan ehtiyat edirlər”.
İlkin Muradov
Musavat.com






