İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 30 ildən artıq fəaliyyət göstərən partiya fəaliyyətini dayandırdı

1921 09.03.2023 17:00 Siyasət A A

 

Birlik Partiyası öz fəaliyyətinə son qoymaq barədə qərar verib. Bu barədə partiya bəyanat qəbul edib.

Musavat.com-a daxil olan bəyanatda öncə partiyanın necə və nə zaman yaradıldığı haqda fikirlər əksini tapır, sonra fəaliyyət dövrü və ən nəhayət ləğv olunmasının səbəbi haqda ətraflı məlumat verilir.

Bəyanatda deyilir: “Hər bir Azərbaycan vətəndaşının gərgin zəhməti, qanı və canı bahasına öz müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan Respublikası çətin tarixi şəraitdən və məhrumiyyətlərlərdən keçərək bugünkü zamanına gəlib çatmışdır. Bu yolda siyasi tariximizin vacib tərkib hissəsi olan partiyalar da önəmli rol oynamış, xalqımızın müstəqil siyasi düşüncəsinin formalaşmasında, xalqımızın təşkilatlanmasında və siyasi tariximizin zənginləşməsində böyük işlər görmüşdür. Dövlətçiliyimizin ağır məqamlarında vətənpərvər insanlarımız tərəfindən yaradılan "Birlik" Partiyası da yaranandan bugünə qədər şərəfli tarixi yol keçmiş və Azərbaycan xalqının birliyi, Azərbaycançılıq, türkçülük və həqiqi islami məfkurəsinin yayılması, demokratik dəyərlərin təşəkkülündə özünəməxsus rol oynamışdır. 1988-ci ildə xalqımızın başlatdığı azadlıq mübarizəsində "Birlik" cəmiyyəti kimi təmsil olunan partiyamız 1990-cı ildə özünü partiya elan etmiş, 1992-ci ildə isə dövlət qeydiyyatından keçmişdir. Partiyamız öz üzvləri ilə milli azadlıq hərəkatında yaxından iştirak etmiş, Bakıda qanlı qırğın törədən sovet hakimiyyətinin rəhbərliyinə qarşı çıxmışdı. Ölkəmizdə hakimiyyətdə olan separatçı qüvvələrə qarşı öz mövqeyini ortaya qoymuşdur.

Partiyamızın əsas məramı xalqımızın birliyi, xalqın vahid ideologiya ətrafında birləşməsi, ölkəmizdə demokratiyanın dərinləşməsi, siyasi pluralizmin təşəkkülü və ərazi bütövlüyümüzün nəyin bahasına olursa-olsun bərpa edilməsindən ibarət olmuşdur. Öz sıralarından xeyli şəhidlər vermiş və qaziləri vardır. Qeyd etmək lazımdır ki, bu illər ərzində ölkəmiz sosial-iqtisadi tərəqqiyə gedən yolda xeyli irəliləmiş, Azərbaycan xalqının dövlətçilik təfəkkürü möhkəmlənmiş, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün qanunvericilikdə dəyişikliklər edilmiş, problemlərinin həlli istiqamətində işlər görülməyə başlanılmışdır. Dövlət tərəfindən aparılan siyasət nəticəsində plüralizm inkişaf etməyə başlamış, mütərəqqi siyasi qüvvələr arasında dialoq başlanmış, xalqımızın milli birliyi möhkəmlənmiş və ən önəmlisi Vətən müharibəsində tarixi qələbə qazanılaraq ərazi bütövlüyümüz təmin olunmuşdur. Ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri vahid Azərbaycan vətəndaşı kimi mübarizə aparmış və bir yumruq olaraq düşməni ağır məğlubiyyətə uğratmışdır.

Biz ölkəmizdə müxtəlif sahələrdə hələ də problemlərin olduğunu müşahidə edirik. Bu problemlərin həlli istiqamətində davamlı olaraq işlər aparır, insanlarımızın hüquqlarının təmin olunması üçün ardıcıl fəaliyyət göstəririk. Hazırkı qanunvericiliyimiz biz vətəndaşların üzərinə böyük ictimai məsuliyyət və önəmli vəzifələr qoyub. Yuxarıda deyilənləri, dünyada və regionumuzda yaranmış gərgin hərbi-siyasi vəziyyəti nəzərə alaraq biz bundan sonra fəaliyyətimizi Partiya kimi deyil, fəal vətəndaş kimi də davam etdirə bilərik. Çünki yaranmış vəziyyətdə siyasi fəaliyyət ictimaiyyət tərəfindən birmənalı başa düşülmür. Bu da hakimiyyətin yuxarıda deyilənlərin həlli istiqamətindəki fəaliyyətinə mənfi təsir edir. Bundan başqa, bir vətəndaş kimi yaradılacaq şəraitdən istifadə edərək hakimiyyətin müvafiq icra strukturları ilə təmas qura bilərik. Bu mənada Partiyamızın üzvləri adından bəyan edirik ki, "Birlik" Partiyası olaraq siyasi fəaliyyətimizi sonlandırır və bundan sonra fəal ictimai vətəndaş kimi dövlətin həyata keçirəcəyi mütərəqqi islahatlara dəstək verir və lazım gəldikdə öz tənqidi vətəndaş mövqeyimizi ortaya qoyacağıq. Partiyamızın sadiq və vətənpərvər üzvlərinə həyatlarında uğurlar arzulayırıq”.

images.jpg (15 KB)

Qeyd edək ki, Birlik Partiyasının sədri Xudu Xudiyevdir. Bəyanatı Xudu Xudiyev imzalayıb.

Siyasi ekspertlər hesab edir ki, hər bir siyasi partiyanın öz fəaliyyətini dayandırmaq barədə qərar qəbul etməsi partiyanın hüququdur, qanunvericilik də bu hüququ tanıyır. Birlik Partiyası da bu hüququndan istifadə edib. Nə üçün belə bir qərar qəbul etdiyini isə özünün doğru bildiyi arqumentlərlə əsaslandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR