İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanada “türkəm” deyənə niyə istehza edilir?

2144 17.11.2019 21:29 Siyasət A A

Azərbaycanda həyata keçirilən siyahıya alınma prosesi ölkə əhalisinin mütləq çoxluğunu təşkil edən türk kökənli vətəndaşlarla bağlı bir problemi yenidən aktuallaşdırdı. Bu, Azərbaycanda yaşayan bütün etnik və milli azlıqların öz adları ilə, türklərin isə “azərbaycanlı” adıyla qeydə alınmasıdır. Siyahıyaalma prosesində tətbiq olunan sorğu anketində ləzgilər, talışlar, kürdlər, avarlar və digərləri öz millət adıyla qeyd olunsa da, türklər “azərbaycanlı” deyə yazılırdılar. Bu məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Müzakirələr zamanı maraqlı bir mənzərə üzə çıxdı: türklərin öz milli kimliklərinin “azərbaycanlı” deyə qeyd olunmasına etirazı digər milli azlıq və etnik qrupların nümayəndələri tərəfindən narazılıqla qarşılandı, bir çoxları hətta bunu ölkədə milli qarşıdurma yaratmaq cəhdi kimi təqdim etməyə çalışdılar.

sabit-baqirov.png (315 KB)

Sabit Bağırov 

Müzakirələrə münasibət bildirən SOCAR-ın sabiq prezidenti, tanınmış ictimai xadim Sabit Bağırov qeyd edir ki, “azərbaycanlı” Azərbaycanda yaşayan deməkdir: “Etnik mənsubiyyətimizdən asılı olmayaraq hamımız azərbaycanlıyıq. Bu gün Azərbaycanda hər etnik qrup öz adı ilə adlanır. Lakin türklər istisna olaraq “azərbaycanlı” adını daşıyır. Bu da düzgün deyil. Türklər sanki diskriminasiya olunmuş etnik qrupdur”.

S.Bağırovun sözlərinə görə, bu, Stalin siyasətinin nəticəsidir: “30-cu illərin ortalarından - dəqiq ilini bilmirəm, deyilənə görə 1937-ci ildən - Şimali Azərbaycanda yaşayan türkləri “azərbaycanlı” adlandırdılar. O zaman ciddi müqavimət olmadı. O quldur rejimində mümkün deyildi. İndi isə ölkəmiz müstəqildir. Tarixi ədaləti bərpa etmək mümkündür. Əlimizdən gələni edib adımızı qaytarmalıyıq”.

mehr.jpg (12 KB)

Mehriban Vəzir 

Azərbaycan türklərinin öz milli adını geri qaytarmaq istəyi digər millətlərdən olan ölkə vətəndaşları tərəfindən niyə qıcıq və etirazla qarşılanır? Sualı cavablandıran ictimai fəal, tanınmış publisist Mehriban Vəzirin “Yeni Müsavat”a dediyinə görə, bu, Rusiya istilası ilə başlanan prosesdir: “Rus istilası ilə gələn, rus-sovet istilası ilə möhkəmlənən bir şüurdur. Bunun mənbəyi avrosentrizmdən, yəni dünyanın türklərlə savaşından gəlir. Çox təəssüf ki, Azərbaycanda rus imperiyası tərəfindən bu yöndə çox ağır, türklərin milli kimliyinin kökünü qazımağa yönəlmiş işlər görülüb. İndi də biz bu mirasdan qurtara bilmirik. Şüurlara yeridilmiş ideologiyanın nəticəsidir ki, Azərbaycanda türk öz milli kimliyini dilinə gətirən kimi digərləri qıcıqlanır. Mən bu sualı 20 il əvvəl televiziyada məşhur müsahiblərimdən birinə də vermişdim. Bu, bizim böyük ağrımız, problemimizdir”.

M.Vəzirin fikrincə, mövcud düşüncə və türklərə yanaşmanı aradan qaldırmaq üçün proses dövlət tərəfindən başladılmalıdır: “Əlbəttə, mübarizəni fərdlər, kollektivlər başlayır. Lakin bu işə dövlət sahib çıxmalıdır. Dövlət durub talışa desə ki, sənin adın talış deyil, azərbaycanlıdır, mən öz dövlətimə etiraz edərəm. Deyərəm ki, milli kimliyi insana verən Allahdır, sən bunu onun əlindən ala bilməzsən. Eləcə də talışı, ləzgisi bu gün türklərin “azərbaycanlı” adlandırılmasına öz etirazını bildirməlidir. Bu, milli kimliyinə hörmət edən hər bir fərdin vəzifəsidir ki, digər milli kimliyin daşıyıcılarına hörmətlə yanaşsın. İndiki şəraitdə işə dövlət qarışmalıdır. İlk addım Konstitusiyada dəyişiklik edib, türkün adını özünə qaytarmaq olmalıdır. Düşünürəm ki, dövlət türklərə də sahib çıxarsa, heç bir vətəndaş ona etiraz etməyəcək”.

sabir.jpg (16 KB)

Sabir Rüstəmxanlı 

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, tanınmış şair Sabir Rüstəmxanlı hesab edir ki, heç kim Azərbaycan türklərinin öz milli kimliyini bəyan etməsinə qarşı çıxa bilməz: “Heç bir millətin digərinin öz adıyla çağırılmasına etiraz etmək hüququ yoxdur. Azərbaycan müstəqil olanda bütün ölkə əhalisi üçün vətəndaşlığı bildirən “azərbaycanlı” adını qəbul etdik. Amma bu, vətəndaşlığı bildirir, milli mənsubiyyəti deyil. Türk zəhmət çəksin, öz adını götürsün üstünə, buna heç kim qarışa bilməz”.

S.Rüstəmxanlının sözlərinə görə, Azərbaycan türkləri 30 ildir rus soyad sonluğundan imtina etmirlər: “30 ildir müstəqilik, amma “ov”, “yev”lərdən imtina edənlər çox azdır. Milli kimliyin dərki buradan başlanır, hamı milli kimliyinə uyğun soyad götürməlidir. Siyahıyaalmanın nəticələri açıqlananda görəcəyik ki, Azərbaycanda 40 min türkün yaşadığı elan ediləcək. Ahısqa türklərini nəzərə alaraq belə elan edəcəklər. 9 milyondan yuxarı türkün adı isə “azərbaycanlı” elan ediləcək. Bu, konstitusiyadan irəli gələn addır. Onun aradan qaldırılması üçün türklər özləri hərəkətə keçməlidilər”.

DÜNYA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR