Ermənistan mediası Zəngəzur bölgəsində, Azərbaycan-Ermənistan sərhədində insidentin olması haqda xəbər yayıb. Bildirilir ki, Gorus-Qafan magistralında yarana biləcək gərginliyin qarşısını Rusiya hərbçiləri alıb.
Musavat.com bildirir ki, bu barədə mediaya təfərrüatlı açıqlama verən Qafan meri Gevork Parsyan bildirib ki, insident magistralın kənarındakı “Azərbaycana xoş gəlmişsiniz!” yazılmış lövhəyə atəş açılmasından sonra baş verib. Gevorkyanın iddiasına görə, Azərbaycan hərbçiləri bu halda mövqelərini irəli çəkmək istəyiblər. Ancaq rusiyalı hərbçilər onların qarşısına çıxıb və irəliləməsinə imkan verməyib. Hətta Rusiya hərbçilərinə məxsus BTR-in də yola çıxdığı iddia olunub və foto yayılıb. Qeyd olunub ki, bundan sonra sakitlik yaranıb, rusiyalı hərbçilər vəziyyətə nəzarət edir.
Maraqlısı budur ki, Ermənistanın Müdafiə Nazirliyi məlumatı təkzib edib və həmin bölgədə hər hansı insidentin baş vermədiyini bildirib.
Qeyd edək ki, demarkasiya tədbirləri nəticəsində Şurnuxu kəndi, habelə Gorus-Qafan yolunun bir hissəsi Azərbaycanın nəzarəti altına keçib. Bundan sonra ermənilər iki ölkənin sərhədindəki “Azərbaycana xoş gəlmişsiniz!” göstəricisini qəbul etməyərək müxtəlif ünvanlara şikayət etməyə başlayıblar. Hətta ombudsman Arman Tatoyan absurda əl ataraq, beynəlxalq təşkilatlara da müraciət ünvanlayıb. Bundan sonra isə göstərici rəngli boya ilə rənglənmişdi. Odur ki, göstəriciyə atəş açılması barədə xəbər erməni təxribatçıların növbəti təxribatının anonsu da sayıla bilər.
Musavat.com






