Azərbaycana bankını satan Dubay şeyxi haqda ilginc məlumatlar
Hər iki şəxsin fəaliyyəti daha çox turizm sektoruna yönəlikdir. Türkiyənin turistik məkanlarında onların hotelləri, limanları, hətta adaları olduğu deyilir. Ancaq Mənsimov və Xəlilovla yanaşı da bir sıra azərbaycanlı iş adamlarının Türkiyə iqtisadiyyatına yatırım yapdığı bəllidir. Proses Türkiyədə əcnəbilərin ölkədə əmlak alması haqqında qanun sadələşdiriləndən sonra daha da sürətlənib. Bir çox ekspertlər deyir ki, Azərbaycan iş adamları Türkiyədə biznes qurmağa çirkli pulları leqallaşdırmağın ən asan yolu kimi baxır. Statistika həm də onu göstərir ki, bir neçə il öncə başlayan qlobal iqtisadi böhrandan əziyyət çəkən Doğu Avropa ölkələri kimi qonşu Gürcüstan və Türkiyə Azərbaycan hakimiyyətinə bağlı şirkətlərin işləməsi üçün münbit məkanlardır.
İndiyə qədər Azərbaycandan Türkiyə iqtisadiyyatına ən böyük yatırım enerji sektorunda olub. 2011-ci ildə SOCAR Petkimi alıb. İndi şirkət SOCAR Turkey Enerji AŞ adı ilə fəaliyyət göstərir. SOCAR qısa zamanda şirkətin sərmayəsini 200 milyon lirədən 2,6 milyard lirəyə yüksəldib.
Bu haqda Türkiyə mediasına açıqlama verən SOCAR Türkiyənin başqanı Kenan Yavuz demişdi ki, bu, Türkiyə tarixində ölkə iqtisadiyyatına qoyulan ən böyük yatırımdır. Kenan Yavuz onu da demişdi ki, yaxın illərdə sərmayə həcminin 7 milyard lirəyə çatdırılacağı planlaşdırılır.
İstanbuldakı Türkiyə sosyetesinin sevimli məkanları sırasında da Azərbaycanla bağlı yerlər var. Onlardan biri İstanbulun ən bahalı məhəllələrindən olan Bəbəkdəki 700 kvadratmetrlik ultralüks “Xəzər balığı” restoranıdır.
Türkiyə mediası kürü və ağ balıq “xəstəsi” olan şəxslərin bu restorana tez-tez gəldiyini yazsa da, məkanın sahibi haqqında informasiya vermir. Xəbərlərdə mavi-bəyaz dekorasiyalı restorana türkiyəli məmurlar və iş adamları ilə yanaşı İstanbulda iş görüşmələri keçirən Azərbaycan iş adamlarının gəldiyi və həmin ərəfədə restoranda mühafizənin gücləndirildiyi də vurğulanır. Buradakı qiymətlər isə əl yandırır.
Oktyabrın 28-də isə Paşa Bank Türkiyənin Aksoy Holdinginin TAİB Bankını satın alıb. Xəbəri Türkiyənin “Hürriyet” qəzeti yayıb. Qəzet yazır ki, Azərbaycanın ikinci böyük bankı olan Paşa Bank Aksoy Holdinqin iki il öncə satın aldığı TAİB Bank üzrə alqı-satqı əməliyyatını başa vurub.
Turcas Petrol-a da sahib olan Aksoy Holding TAIB Bankı ötən ilin sentyabrından satışa çıxarmışdı. Aksoy Holdinqin İdarə Heyətinin başçısı Erdal Aksoy “Hürriyet”ə açıqlamasında bildirib ki, səhmlərin çoxu Azərbaycanın Paşa Bankına satılıb: “Artıq işlər tamamlanmaq üzrədir. Paşa Bank Türkiyədəki fəaliyyətini genişləndirməyi planlaşdırır. Mart ayında TAIB Bankı satın almaq üçün İdarə Heyətinə müraciət edilmişdi”.
Paşa Bankın İdarə Heyətinin üzvü Taleh Kazımov isə satın almaq prosesi başlayanda Türkiyə mediasına açıqlamasında bildirib ki, prosesin yaxın aylar içərisində başa çatacağına ümidlidir: “Biz Türkiyədə Paşa Bank Türkiyə olaraq fəaliyyət göstərməyi planlaşdırırıq”.
Onu da vurğulayaq ki, Paşa Bank Gürcüstanda da fəaliyyət göstərir.
Mərkəzi Bəhreyində olan TAİB Bankını Aksoy Holdinq Dubay Şeyxi Əl-Makdumdan 2012-ci ildə alıb. Qısa zamanda Aksoy Holdinq bankın sərmayəsini 80 milyon türk lirəsi artırıb. Bir neçə ay sonra isə holdinq TAIB-ı satmaq qərarını açıqlayıb. Aksoyların satış qərarından sonra TAIB-ın bir neçə müştərisi çıxıb. Türkiyə mediası yazır ki, holdinq bu haqda bir dəfə də geniş açıqlama verməyib. Oktyabrın 28-də isə Aksoy Holdinq rəsmi açıqlama yayaraq TAIB-ın Azərbaycanın Paşa Bankına satıldığını elan edib. Türkiyə mediası Aksoyların Paşa Bankla anlaşmasının son anadək gizli saxlanmasını bankın Azərbaycanda hakim ailəyə yaxın olması ilə əlaqələndirir.
Paşa Bankın TAIB-ı almaq ideyası da birdən yaranmayıb. Bu haqda xəbərlərin xronologiyası göstərir ki, Azərbaycan Bankı TAIB-ı almaq strategiyasını öncədən hazırlayırmış. Aksoy Holdinqin İdarə Heyətinin sahibi bankın satılması haqqında mediaya açıqlama verərkən deyib ki, Paşa Holdinq bir il öncədən TAIB-in səhmlərini almağa başlayıb. Aksoylar Holdinqlə ortaqlıq edən Paşa Bank sonradan TAIB-in səhmlər paketini tamamilə alaraq bankın tək sahibinə çevrilib.
Mərkəzi Bəhreyndə yerləşən TAIB Bank Türkiyədə 1987-ci ildən fəaliyyət göstərir. TAIB Türkiyə bank sektorunda həm də sərmayəçiliklə məşğul olan ilk xarici bankdır. Türkiyə ilə bərabər TAIB-ın ABŞ-da da filialı var. Sovetlər Birliyi dağılandan sonra TAIB Qazaxıstanda filial açıb. Onu da vurğulayaq ki, Birləşmiş Ərəb Əmirliklərindəki şirkətlər maliyyə əməliyyatlarını, eləcə də sərmayə yatırımını əsasən TAIB üzərindən həyata keçirirlər.
Əl Maktuma gəlincə, Dubayın vəliəhd şahzadəsi olan Əl Maktum milyardları ilə yanaşı son dərəcə xəsisliyi il də məşhurdur. “Forbes” jurnalı şeyxin təxminən 17 milyard dolları olduğunu yazır. Hesablamalara görə, Əl Maktumun günlük gəliri 13,2 milyon dollardır. O, iş dünyasında iri şirkətlərin tenderlərini qazansa da üzərinə düşən yatırımları həyata keçirmədiyinə görə tender nəticələrinin ləğvi ilə üzləşən şəxs kimi də tanınır.
Əl Maktumun Türkiyədəki ortaqlarından biri də Ali Ağaoğludur. Ali Ağaoğlu ilə Əl Maktum İstanbul və çevrəsində bir sıra möhtəşəm biznes və yaşayış kompleksləri layihələrini gerçəkləşdirir. Bu ortaqlıqdan yaranan binalar Türkiyənin ən pristijli mülkləri sayılır. AKP hökuməti bu ortaqlığa hər zaman yaşıl işıq yandırıb.
Türkiyə mediası onu da yazır ki, indi Əl Maktum Türkiyədə satın almaq üçün bank axtarır. Yaxın Şərqin ən böyük banklarından olan Emirates NBD-nin sahibi olan şeyx deyib ki, Türkiyənin bank sisteminə böyük yatırımlara hazırdır. Emirates NBD-in İdarə Heyətinin sədri Rik Padner Reuters-ə bildirib ki, filial açmaq üçün 300 milyon dollar sərmayə qoymaq imkanları var. Ərəb şeyxini Türkiyə bankları ilə bağlı uzun müddət düşünməyə vadar edən səbəb isə çoxlarına qəribə gələ bilər. Əl-Makdum deyib ki, Türkiyədəki banklar ya çox böyük, ya da çox kiçikdir. Ona isə orta həcmli bank gərəkdir.
Emirates NBD Birləşmiş Ərəb Əmirliklərinin Emirates Bank və National Bank of Dubai banklarının birləşməsindən yaradılıb. Bankın Səudiyyə Ərəbistanı, Qətər, Sinqapur, İngiltərə, Hindistan və İranda filialları var. 2013-cü ildə bankın gəlirləri 707 milyon dollar olub, 2012-ci ildə isə bu rəqəm 694 milyon dollar idi.
Əl Makdum Körfəz bölgəsinin ən böyük mirvari kolleksiyasına da sahibdir. Makdumun kolleksiyasının bir hissəsi Dubaydakı muzeydə sərgilənir. Şeyx şeir və at həvəskarı kimi də məşhurdur.
Aygün MURADXANLI






