Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi İllinoisdə qeyd edildi
İllinoisdə yaşayan “Azərbaycanlı Amerikalılar Cəmiyyəti”nin təşkilatçılığı ilə 2018-ci il may ayının 18-i Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin (Respublikası) yaranmasının 100 illiyi qeyd edilib
Musavat.com “Azərbaycanlı Amerikalılar Cəmiyyəti”nin facebook ünvanında paylaşılan məlumata istinadən xəbər verir ki, Cumhuriyyətin 100-cü ildönümünü qeyd etmək məqsədi ilə QALA gecəsində 200-dən çox İllinoisdə yaşayan Azərbaycan Cəmiyyətinin fəalları, eləcə də yaxın əyalətlərdən qonaq olan Azərbaycanlılar iştirak etdilər.
QALA gecəsində təşkilatçılar qonaqları salamladıqdan sonra bir çox Azərbaycanlı və Amerikalı dövlət rəsmiləri, alimləri tərəfindən təbrik çıxışları səsləndirildi. Çıxışlarda Mer Cənab George Van Dusen, Türkiyənin Çikaqodakı konsulu cənab Umut Acar, Azərbaycan Cumhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi cənab Rəis Rəsulzadə, Tomris Azəri, Dr. cənab Adil Bağırov, eyni zamanda Prof. Dr. cənab Nasiman Yaqublu, Prof. Dr. cənab Harry Lepinske və digər qonaqlar Azərbaycan haqda xatirələrini və təbriklərini qonaqlara səsləndirdilər. QALA gecəyə gələ bilməyən Amerika Birləşmiş Ştatları Dəniz Qüvvələrinin Komandiri vəzifəsində çalışan Azərbaycanlı cənab Naimi Amiral (John Amiral) və digərlərinin təbrik məktubları da oxundu. Gecənin musiqili hissəsini canlandıran Azərbaycanın tanınmış tar ustadı Professor Ramiz Quliyev, Lalə Məmmədova, Nuriyyə Hüseynova, Çinarə Məlikzadə və pianist Etibar Əsədli unudulmaz ifalarını qonaqlara bəxş etdilər. Tədbirdə iştirak edən qonaqlara təşkilatçı komanda tərəfindən xüsusi olaraq hazırlanmış, Cumhuriyyətin 100-cü ildönümünə həsr olunmuş hədiyyələr də təqdim edildi. Tədbirin daha yüksək səviyyədə təşkili üçün İllinoisdə yaşayan azərbaycan cəmiyyəti fəalları maliyyə dəstəyi göstərmişdir.
Musavat.com






