İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan vizasız gediş-gəlişlərin sayını artırır - Avropaya birbaşa səfərlər fürsəti yaranır

1370 14.10.2021 09:30 Gündəm A A

Azərbaycan və Serbiya qarşılıqlı vizasız rejim haqqında razılığa gəliblər. Xarici işlər naziri Ceyhun Bayramovun Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyi ilə əlaqədar Serbiyaya səfəri zamanı ikitərəfli sənədlər paketi imzalanıb.

C.Bayramov və Serbiyanın xarici işlər naziri Nikol Selakoviç ümumvətəndaş pasportlarının sahibləri üçün viza tələblərinin qarşılıqlı aradan qaldırılması haqqında hökumətlərarası sazişi, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr haqqında memorandumu, konsulluq sahəsində əməkdaşlıq haqqında memorandumu imzalayıblar.

Yeri gəlmişkən, həmin gün Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev və Serbiya hərbi idarəsinin rəhbəri Neboyşa Stefanoviç hərbi-texniki əməkdaşlığa dair hökumətlərarası sazişi də imzalayıblar.

Azərbaycanın başqa hansı ölkələrlə vizasız gediş-gəliş üçün razılığı var? Serbiyaya Azərbaycan üçün nəyi ilə önəmlidir?

Yada salaq ki, ötən ilin avqust ayında Serbiya ilə Azərbaycan arasında qalmaqal yaşanmışdı. Serbiyadan Ermənistana silah göndərilməsi faktı üzə çıxmışdı. Bu qalmaqal yoluna qoyuldu, Serbiya tərəf səhvini etiraf edib, Azərbaycandan üzr istəmişdi. Sonra ikitərəfli əlaqələr daha da möhkəmləndi.  Bu əlaqələr vizasız səfərlərlə bağlı razılığa gəlinməyə qədər gedib çıxdı. Bu razılaşma ilə nələrə nail olunacaq, iqtisadi, yaxud siyasi baxımından nələr əldə ediləcək?

Yeri gəlmişkən, Azərbaycanla vizasız yaşama üçün icazə verilən ölkələr (90 gün müddətinə) Türkiyə, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova,  Özbəkistan, Rusiya Federasiyası, Tacikistan və Ukraynadır.  Bundan əlavə, Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edilən ölkələr isə - İran, Serbiya, Şimali Makedoniya (2019-cu ilin 15 sentyabr tarixindən 2021-ci ilin 15 mart tarixinədək), Monteneqro, Bosniya və Herseqovina, Honq-Konq  (Çinin Xüsusi inzibati ərazisi-yalnız diplomatik və xidməti pasport) və Malayziyadır (ümumvətəndaş, diplomatik, xidməti pasport).

Asim Mollazadə: Dövlət başçısı İlham Əliyevin təşəbbüsü dünya miqyaslı  hadisə kimi qiymətləndirilir - "İki sahil"

Deputat Asim Mollazadə: “Bir çox ölkələrlə vizasız rejim tətbiq edilməlidir, turizmin genişləndirilməsi planları var”

Milli Məclisin Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə mövzunu “Yeni Müsavat”a şərh edib: “Bu münasibətlər əsasən Qoşulmama Hərəkatının nəzdində həyata keçirilir. Azərbaycan hər zaman Serbiya ilə normal münasibətlər qurub və bu müsbət bir haldır. Xatırlatmaq istəyirəm ki, separatizm, xəritələri dəyişmək ATƏT-in prinsiplərinə uyğun olmayan bu kimi hallar Serbiyanın da başına gəlib. Azərbaycana da bu istiqamətdə təzyiqlər olurdu. Buna görə düşünürəm ki, beynəlxalq hüquq normaları, hüququn aliliyinə hörmət  saxlamaqla münasibətləri qurmaq istəyi var idi. İqtisadi, turizm sahəsində də bizim əməkdaşlığımız var. Təəssüf doğuran amil isə Serbiyanın istehsal etdiyi minaların Ermənistana satışı idi. Ermənistanın torpaqlarımızı işğal etməsini nəzərə alaraq bu qəbuledilməz idi. İndi münasibətlər bərpa edilib. Azərbaycan bir sıra ölkələrə vətəndaşların vizasız səyahət edə bilməsində maraqlıdır. Bu razılaşmanı müsbət qiymətləndirirəm. Bununla yanaşı, Serbiyada Qoşulmama Hərəkatının toplantısı həyata keçirilmişdi. Bu, Azərbaycanın öz strategiyasını, siyasətini hərəkata üzv olan ölkələrə yenə də  açıqlamaq imkanı verdi”.

Millət vəkili digər ölkələrlə də vizasız gediş-gəlişin tənzimlənməsi istiqamətində işlərin aparılmasını vacib sayıb: “Bu istiqamətdə işlər aparmalıyıq. Mənə elə gəlir ki, bir çox ölkələrlə Azərbaycan müvafiq sazişləri imzalaya bilər. Avropa Birliyi ölkələri ilə vizaların yüngülləşdirilməsi istiqamətində razılaşmamız var. Nə qədər çox ölkəyə Azərbaycan vətəndaşları viza maneəsi olmadan gediş-gəlişi təmin edə bilsələr, bu, maraqlarımıza uyğundur. Bunu tez bir zamanda həyata keçirməliyik. Çünki bizim ölkədə turizmin genişləndirilməsi planları var. Bu bizim iqtisadiyyatın strateji sahəsidir. Bunun üçün daha çox turistləri Azərbaycana dəvət edib, qarşılıqlı olaraq öz vətəndaşlarımızı bu ölkələrə səyahət etməyə imkanlar yaradırıq. Bütün bu işlər genişlənəcək”. 

Ermənistanda hərbi vəziyyət rejimi sərtləşdirildi... - Məğlubiyyətlərini  cəmiyyətdən gizlədə biləcəklər?

Politoloq Xəyal Bəşirov: “Nəinki Serbiya, Avropa ölkələri də Azərbaycanla vizasız rejimin tətbiq edilməsinə can atır”

Politoloq Xəyal Bəşirov da mövzu ilə bağlı fikirlərini bildirib: “Azərbaycanla Serbiya arasında münasibətlər müsbət məcrada inkişaf etməkdə davam edir. Vizasız gediş-gəlişlə bağlı razılığın əldə edilməsi bir daha sübut edir ki, bu münasibətlər yüksək templə inkişaf edir. Hesab edirəm ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi uğurlar, ölkəmizin beynəlxalq aləmdəki uğurlu fəaliyyəti, nüfuzu Serbiya da daxil olmaqla, bir sıra dövlətləri Azərbaycana yaxınlaşmağa sövq edib.

Fikrimcə, yaxın gələcəkdə vizasız gediş-gəliş olan ölkələrin sayı artacaq. Avropa ölkələri Azərbaycanla vizasız rejimin tətbiq edilməsinə meyllidirlər. Bu da bir daha sübut edir ki, Azərbaycanın artıq beynəlxalq aləmdəki nüfuzu hərtərəfli istiqamətdə artmaqdadır. Bunun arxasında uzun illərin uğurlu siyasəti, uğurlu diplomatiyası dayanır. Çünki biz düşmən üzərindəki o qələbəmizi qazanana qədər dünya Azərbaycan reallığını qəbul etmirdi. Eyni zamanda beynəlxalq aləmdəki uğurlu fəaliyyətimizi də qeyd etməliyik. Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına qoşuldu. 5 il sonra bu təşkilata sədrlik etdi. Ötən il artıq Qoşulmama Hərəkatına sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması məsələsi müzakirə olundu və qəbul edildi. Düşünürəm ki, biz bu kimi fəaliyyətlərimizi uğurla davam etdirməliyik. Artıq bütün dünyaya məlumdur ki, Prezident İlham Əliyev həmin təşkilatdakı nüfuzumuzdan istifadə edərək qlobal təşəbbüslərlə çıxış edir. Bu qlobal təşəbbüslər də çox müsbət qəbul edilir və o istiqamətdə addımlar atılır". 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR