İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan vətəndaşları ermənilərlə eyni ölkədə yaşamaq istəyirlərmi? - VİDEOSORĞU

3637 31.05.2014 16:03 Reportaj A A

Bu yaxınlarda ANS telekanalının aparıcısı Mirşahin Ağayev “Hesabat” verilişində ermənilərə video müraciət edib. Müraciətin əsas məğzi Qarabağda yaşayan ermənilərlə bağlıdır. O, müraciətində Azərbaycanın həmin erməniləri öz vətəndaşı kimi görmək istədiyini deyib. 

Bu video müraciətdən sonra sadə vətəndaşların fikirlərinin maraqlı ola biləcəyini düşünüb, paytaxt sakinləri arasında sorğu keçirdik. Sakinlərə “Azərbaycan vətəndaşlarının Qarabağ erməniləri ilə birgə yaşamasına münasibəti necədir?” məzmunlu sualla müraciət etdik.

Zahidə Qəribova müharibə dövrünü yaxşı xatırladığına görə ermənilərlə birgə yaşamaq ehtimalına etiraz etdi: 

- Belə sual heç gündəmə gəlməsə yaxşıdır. Çünki ermənilərin  burada yaşaması mümkün deyil.

- Niyə..? İmkan verməzlər?

- Heç icazə də verməzlər axı... Mən belə düşünürəm. Gərək özləri də o qədər ağılsız olsunlar ki, bura gəlsinlər. Mən düşünmürəm ki, onlar bu addımı atalar. Onlar heç vaxt bura gəlməzlər, bizim torpağa ayaq basa bilməzlər. Mən aramızda olan 25 illik düşmənçilikdən sonra onlarla birgə yaşaya bilmərəm. Əvvəllər cavan olmuşuq, səhvimiz olub ki, onlarla bir yerdə yaşamışıq. Bundan sonra yox, yaşamaram.
 
Sülhəddin Qəmbərlinin fikrincə, əgər ermənilərlə bir yerdə yaşamaq məcburiyyəti yaransa, yenidən qırğın ola biləcəyini dedi: “Bilmirəm, onlar necə məsləhət görürlərsə, elə də olsun. Amma mən yaxşı baxmıram, ermənilərlə birgə yaşamağa... Çünki yenə qırğın olacaq, öldürəcəyik onları, onlar bizi öldürəcək, vuracıq, partladacıq və hər şey yenidən başlayacaq”.

Adını açıqlamaq istəməyən digər sakin isə “Mən dövlətin işinə qarışmaq istəmirəm, əslinə qalsa, bu, normal bir haldır. Amma aramızda düşmənçilik olduğundan normal görünmür” deyə cavab verdi: “Yəqin ki, bu günə kimi yaşadığımız kimi yenə də bir yerdə yaşaya bilərik. Şərait uyğun olsa, yaşamaq olar. Əks təqdirdə, yenə qırğınlar, müharibələr başlayacaq”.

Ermənilərlə birgə yaşamağın mümkünlüyünü birmənalı şəkildə inkar edən daha yaşı nəslin nümayəndələrinin isə fikirləri maraqlı oldu: “Mən nə deyim, heç bilmirəm, Vallah. Ermənilər heç bizə lazım deyil. Düz baxmıram. Lazımsız millətdir. Nəyimizə lazımdır ki, onlarla birgə yaşamaq..? Bir dəfə yaşadıq, nəticəsini də gördük. Çətin ki, nə isə alınsın”.

“Pis baxıram, xoşuma gəlmir. Bizim torpaqlarımızın 20 faizi erməni işğalı altındadır. Mənə lazımdır, ermənilər..? “ Bu fikr isə gənc Orxan Məhəddinova aiddir: “Ermənilər tarixboyu bizimlə düşmənçilik ediblər. Düzdür, onlar həmişə bizimlə birgə yaşayıblar, çörəyimizi yeyiblər, amma ortada da heç nə yoxdur. Həmişə imkan düşən kimi bizi arxadan vurublar. Mən şəxsən istəməzdim”.

Şəhərdə keçirdiyimiz sorğu bitdikdən sonra redaksiyamızın əməkdaşı, işğal olunmuş Kəlbəcər rayonundan olan Etibar Seyidağa da bu suala öz münasibətini bildirdi: “Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Əgər onlar separatçılıqdan əl çəkib, Azərbaycanın vətəndaşlığını qəbul edib, Azərbaycan pasportu alaraq, bizimlə birlikdə yaşamağı qəbul etsələr, azərbaycanlılar onlarla birlikdə yaşamağa etiraz etməzlər. Əslində bu sual ermənilərə ünvanlanmalıdır. Çünki onlar bizimlə birgə yaşamaq istəmirlər. Biz erməniləri qırmırıq, məhv etmirik. Neçə illər Dağlıq Qarabağda onlarla bir yerdə yaşamışıq. Separatçılığı onlar edirlər, onları oradan qovan yoxdur. Qovulsaydılar, elə qovulardılar da... Biz heç kəsi qovmuruq. Deməli, ermənilərin bizimlə yaşamaq problemi var, bizim yox...”

Nərgiz Yaqublu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR