"Yaxın saatlarda Dağıstanın Qullar qəsəbəsindən Azərbaycana 250 azərbaycanlı vətəndaş gələcək. Onlar aprel ayından sərhədi keçmələrini gözləyirdilər".
Bu sözləri "Amerikanın Səsi"nə sərhədi keçməkdə olan insanlardan biri deyib.
"Bu dəfə siyahılar ədalətli şəkildə tərtib edilib və aprel ayından burada olanların hamısı vətənə qaytarılır", - deyə, o qeyd edib.
Qayıdanlar karantinə yerləşdiriləcək.
Bundan sonra Dağıstanda təxminən 350 nəfər Azırbaycan vətəndaşı qalacaq ki, onları da sonra göndərəcəklər.
Ötən gün Dərbənd və Məhərrəmkənd rayonları sərhədində yerləşən çadır şəhərciyinə Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və hərbçilərin nümayəndələrindən ibarət Azərbaycan nümayəndə heyəti gəlib.
Bu barədə Dərbənd rayonunun rəhbəri vəzifəsini icra edən Fuad Şıxiyev Instagram səhifəsində bildirib.
“Gəlişin məqsədi müvəqqəti çadır şəhərciyində əlavə yerlər təşkil etməyin mümkünlüyü və oradakı vətəndaşların yaşayış şəraiti ilə tanış olmaqdır”, - deyə, o yazıb.
Dərbənddə Azərbaycan diasporunun nümayəndəsi Qəni Panayev Azərbaycan nümayəndə heyəti ilə görüşdə iştirak edib. O bildirib ki, bu gün sərhədi 250 nəfər keçəcək.
Panayev qeyd edib ki, Azərbaycan FHN və DİN-dən olan məmurlar daha 50-60 nəfərin yerləşdirilməsi üçün çadırların sayını artırmaq niyyətindədirlər:
“Bundan əlavə, Azərbaycan FHN iki çadır-mətbəx quracaq, onların hər birində 450 nəfərə xidmət göstərmək mümkün olacaq. Bu, gələnlərin sayının çox olması halında ediləcək. Çadırlara xidmət Azərbaycan FHN öz üzərinə götürür”.
Panayev əlavə edib ki, Azərbaycan tərəfi yerli hakimiyyətlə birgə əməkdaşlıq barədə razılığa gəlib.
Qeyd edək ki, koronavirus səbəbindən Azərbaycan sərhədləri avqustun 1-dək bağlı olacaq. Rusiyanın Azərbaycanla sərhədində mart ayından etibarən yüzlərlə Azərbaycan vətəndaşı ölkəsinə gəlmək üçün gözləyir.
Porblem iki ölkə prezidenti və Xarici İşlər nazirləri səviyyəsində müzakirə ediməsinə baxmayaraq, vətəndaşların ölkəyə buraxılması sonadək başa çatdırılmamışdı.
Nəticədə sərhəddəki insanlar iyunun 15-də etiraz aksiyası keçirmişdi.
Rusiya polisi ilə qarşıdurma zamanı çoxsaylı Azərbaycan vətəndaşı və bir neçə polis xəsarət almışdı.






