Bu gün Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin Biznes Klubunun təşkil etdiyi bir sıra onlayn tədbirlər çərçivəsində Azərbaycan və Rusiya arasında tibb və əczaçılıq sahəsində qarşılıqlı fəaliyyətə dair növbəti iclas keçirilib.
“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, görüş zamanı ixrac, innovasiya və əczaçılıq sənayesində investisiya layihələrinin inkişafı məsələlərinə toxunulub.
Onlayn iclasın moderatoru qismində Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin Biznes Klubunun icraçı direktoru və “Russian Business Guide” jurnalının baş redaktoru Mariya Suvorovskaya çıxış edib.
Görüşü giriş nitqi ilə Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İnvestisiyaların Təşviqi Departamentinin direktoru Zöhrab Qədirov açıblar.
Onlayn görüşə Azərbaycanın Əczaçılıq Məhsulları İstehsalçıları Assosiasiyasının, Moskva Ticarət və Sənaye Palatası yanında tibbi mal və xidmətlər istehsalçıları Gildiyasının sədri, hər iki ölkənin ən böyük əczaçılıq şirkətlərinin nümayəndələri də qatılıb. Sumqayıt Kimya Sənaye Parkının nümayəndələri isə Pirallahı Sənaye Parkının ayrıca təqdimatını ediblər.
Görüşün yekununda qətnamə qəbul edilərək işçi qrupu yaradılması qərara alınıb.






