İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və İranın Xəzər təlimlərinin sirri

6744 16.05.2016 19:50 Siyasət A A
İran və Azərbaycanın hərbi dəniz qüvvələri Xəzər dənizində birgə hərbi təlimlər keçirə bilər. Bu barədə İranın “Tesnim”xəbər agentliyinə İran Hərbi Dəniz Qüvvələrinin komandanı Qulam Rıza Biğam deyib. Xəzər donanması komandanı deyib ki, İran Azərbaycanla sıx əlaqələrə malikdir və Tehran, həmçinin Xəzər regionunun digər ölkələri ilə dənizin hövzəsində birgə təlimlərin keçirilməsinə dair saziş üçün əməkdaşlıq edir.

Qeyd edək ki, Biğam bu açıqlamanı Moskvada Rusiya ilə Xəzərdə hərbi əməkdaşlıq mövzusunda danışıqlar aparıb geri döndükdən sonra verib. İran və Rusiya Xəzərdə dəniz donanması üçün texniki əməkdaşlıq, dənizdə xilasetmə əməliyyatlarının keçirilməsi və təcili yardım göstərilməsi kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur.

İranın Xəzər hərbi qüvvələrinin təlimlərinə Azərbaycanı da cəlb etməsi ilk baxışdan qəribə görünməyə bilər. İki ölkə arasında sıx əməkdaşlıq var və Xəzərdə birgə təlimlərin keçirilməsi bu mənada qeyri-adi hadisə sayla bilməz. 

Ancaq məsələ ondadır ki, İran Xəzərdə ruslarla birgə təlimlər keçirəcək və iki ölkə arasında Xəzərdə yaxından əməkdaşlıq istəkləri var. Maraqlıdır ki, indi bu təlimlərə İran Azərbaycanı da qatmaq istəyir. Doğrudanmı, Xəzərdə artıq yeni daha güclü təhdidlər yaranıb ki, bu məqsədlə 3 ölkənin – Rusiya, İran və Azərbaycanın birgə təlimlər keçirməsinə ehtiyac yaranıb? 

Məlum olduğu kimi, Xəzərdə cəmi 5 sahil ölkə var. Bunların arasında hər hansı münaqişə və ya qarşıdurma ehtimalları belə yoxdur. Daha əvvəl Azərbaycan və Türkmənistan, eləcə də Azərbaycan və İran arasında gərginlik olsa da, indi bunların heç biri yoxdur. İran özü Azərbaycanla birgə təlimlər keçirmək istəyir. Deməli, təlimlərin daha alt qatda yatan ciddi səbəbləri var. Bəs o səbəb nədən ibarətdir? 

Məsələ ondadır ki, İran və Rusiya 6-cı ölkənin Xəzərə daxil olmasından narahatdır. Bu mövzuda Rusiya və İran ortaq mövqedədir, üstəlik digər hövzə ölkələri, yəni Qazaxıstan və Türkmənistan da bu məsələdə Rusiya və İranla həmfikirdir, yəni onlardan elə də təhlükə görünmür. Beləliklə, yeganə narahatlıq yaradan ölkə şübhəsi Azərbaycan üzərində qalır. Məsələ ondadır ki, əsrin əvvəllərində İran və Azərbaycan arasında Xəzərdə yaranan gərginliyin açıqlanmayansəbəblərindən biri də Xəzərdə Azərbaycan bayrağı altında Qərb ölkələrinin kəşfiyyat gəmilərinin üzməsi idi...


İndi isə İran və Rusiyada Xəzərə Azərbaycan üzərindən xarici ölkələrin kəşfiyyat qurğularının çıxarılması ehtimalından narahatlıq var. Amma söhbət heç də sıradan bir ölkədən deyil, İsraildən gedir. İran üçün hər zaman ən təhlükəli məsələ Azərbaycanla İsrail arasında olan hərbi və kəşfiyyat sahəsindəki əməkdaşlıqdır. 

İranda xüsusən də son illərdə yayılan fikrə görə, Xəzərdə də İsrail-Azərbaycan əməkdaşlığı mövcuddur. Hətta gəzən söhbətlərə görə İsrail Xəzərdə kəşfiyyat bazası yaradıb və Azərbaycanın aldığı iddia olunan raket və müasir texnologiyanın bir hissəsi məhz bu bazalar üçün nəzərdə tutulub. İsrail bu baza vasitəsilə Xəzərdə İrana qarşı kəşfiyyat və terror-təxribat fəaliyyətləri həyata keçirə biləcək. Təbii ki, İsrailin əsas hədəfi İrandır, ancaq indi Rusiya da Xəzərdə kənar ölkənin olmasını istəmir. Bu səbəbdən də bu məsələdə Tehranla həmfikirdir. Eyni zamanda Moskva Tehranın bu narahatlığının Bakını sıxışdırmaq üçün əlavə fürsət olaraq gördüyü üçün İranla Xəzər mövzusunda ortaqdır. 


Sirr deyil və İran bunu gizlətmir ki, Bakı ilə Tel-Əvivəlaqələri Tehranı çox qıcıqlandırır. Hətta daha əvvəl məhz bu amil Azərbaycan və İran arasında gərginliyə səbəb olmuşdu. Məsələ ondadır ki, Azərbaycanın İsraildən aldığı silahlar arasında dəniz hədəflərini vurmaq üçün nəzərdə tutulan raketlər də var. İndi İranda və Rusiyada hesab edirlər ki, bu silahlar Bakıya Xəzərdə lazım deyil, burda 3-cü qüvvədən söhbət gedə bilər. Buna isə ən uyğun ölkə İsraildir. Çünki silahlar İsrailə məxsusdur, ikincisi də Amerikadan daha çox indi İsrailin Xəzərdə yerləşmək, burdan İrana qarşı fəaliyyət göstərmək istəyi ola bilər.


"Barak - 8" sistemi

Xatırladaq ki, Azərbaycanın İsraildən aldığı silahlar arasında gəmi əleyhinə hərəkət məsafəsi 36 km olan “Gabriel-522-x” raketlərinin olduğu haqda hələ bir neçə il əvvəl məlumat yayılmışdı. Alınan daha bir silah “Barak-8" sistemləri və onlar üçün 75 raket idi. Bu sistemin xarakteristikasında “Barak” raketinin hər biri təxminən 1,6 milyon dollar olduğu, 21,8 kiloqramlıq döyüş başlığı ilə birlikdə çəkisi 98 kq olduğu, uçuş məsafəsinin isə 10 km təşkil etdiyi qeyd olunurdu. RLS 360 dərəcə qət edir, raketlər isə hücumda olan gəmi əleyhinə və ya uçan raketləri 500 metr məsafədən vura bilər. Hər bir “Barak” sistemi (raketləri, radarı, kompyuterləri və qurğusu olan konteyner) təxminən 24 milyon dollar dəyərindədir. Sistem təyyarələrə qarşı da səmərəlidir. “Barak” gəmilərdə və ya yük maşınlarında quraşdırıla bilər. İranda bu silah və sistemlərin Xəzərdə quraşdırıldığı, İrana qarşı istifadə olunacağı ilə bağlı narahatlıq var. 


Yeri gəlmişkən qeyd edək ki, İran buna qədər də bir neçə fakt üzrə İsrailin Azərbaycan ərazisindən İrana qarşı terror-təxribat həyata keçirdiyini iddia edib. Bunlardan birincisi, Tehranda qətlə yetirilən İran nüvə fiziklərinin Azərbaycandan gələn şəxslər tərəfindən terror edilməsi idi. İkinci daha bir ciddi ittiham İranın nüvə mərkəzləri yaxınlığında kəşfiyyat uçuşları həyata keçirən İsrailə məxsus pilotsuz uçan aparatların Azərbaycan ərazisindən havalanması idi. Bundan başqa İran rəsmi mənbələrinin iddialarına əsasən Bakıda təhsil alan və ya çalışan iranlılar burda İsrailin(Mossad) agentləri tərəfindən ələ alınır və bu adamlar vasitəsilə İsrail kəşfiyyatı İranın hərbi və nüvə fəaliyyətləri barədə ciddi məlumatlar toplaya bilir. İran rəsmiləri iddia edir ki, bu tələbələrin bir çoxu İranda rəsmi vəzifə tutan şəxslərin övladları olduğu üçün İsrailə Bakıdan İran barədə ciddi məlumatlar ötürülür. Tehran indi açıq olmasa da, hələ də buna görə Bakıdan incikdir. 

Ancaq məsələ ondadır ki, İran bu mövzulara görə Azərbaycanla açıq münaqişəyə girmək istəmir. Əhmədinejaddönəmində bu mövzu Bakı ilə Tehran arasında açıq münaqişəyə səbəb olsa da, sonradan Tehran siyasətini dəyişdi. Son illərdə İslam Respublikası Azərbaycanla münasibətlərində hərtərəfli yaxınlaşmaqla İsraillə əməkdaşlığın təsirini azaltmağa çalışır. Bu səbəbdən də indi Tehran Bakıdan incikliyini açıq şəkildə büruzə verə bilmir, bunun əvəzinə üstüörtülü eyhamlar və birgə əməkdaşlığa daha çox cəlb etməklə İsraili izolyasiya etməyə çalışır.

Kənan Rövşənoğlu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR