İnsanlara hürriyət, millətlərə istiqlal!

“AZƏRBAYCAN-TÜRKİYƏ YAXINLAŞMASI BİR ÇOX GÜC MƏRKƏZLƏRİNİ NARAHAT EDİR”

1657 19.12.2010 09:53 Gündəm A A
Faş edilən sənədlər son bir neçə ildə rəsmi Bakı ilə Ankara arasında soyuqluq ehtimalının gerçək olduğunu təsdiqləyir. Məlum olduğu kimi, Türkiyə müstəqilliyin ilk illərindən Azərbaycanın ən yaxın tərəfdaşı, qardaş ölkə olub. Eyni zamanda Ankara bütün beynəlxalq qurumlarda Azərbaycanı dəstəkləyib, bir çox məsələlərdə müstəqilliyimizin qarantı kimi qəbul olunub. Bütün bunların fonunda son illərdə Türkiyə-Azərbaycan münasibətlərində soyuqluğun yaranması cavabsız suallar yaradır. Türkiyə ilə münasibətlərin soyuması mümkündürmü?
Siyasi şərhçi Natiq Mirinin fikrincə, Azərbaycan və Türkiyə arasında münasibətlər təbii müttəfiqlik, yəni iki qardaş ölkə arasında olan münasibətlər sistemi olduğundan ortaya çıxan hər hansı iqtisadi və ya diplomatik anlaşılmazlıqlar bu müttəfiqliyi zədələyə bilməz: “Azərbaycan-Türkiyə münasibətləri hakimiyyətin başında duran şəxsiyyətlər səviyyəsində qurulmayıb. Bu, daha dərin köklərə bağlıdır, dövlətlərarası, özü də türk dövlətləri arasında qurulan münasibətlər sisteminə aiddir. O baxımdan hesab edirəm ki, bu münasibətlər daha isti və daha dərindir. Hər hansı sənəd və ya kiçik hadisələr bu münasibətlərə xələl gətirə biləcək gücdə deyil. Xatırlayırsınızsa, bir qədər əvvəl Türkiyədə xarici kəşfiyyatın təxribatı nəticəsində Azərbaycan bayrağının zibilliyə atılması faktı qeydə alınmışdı. Bununla da süni şəkildə iki dövlət arasında qalmaqal yaratmağa cəhd olundu. Ancaq ortalıqda elə bir ciddi nəticə baş vermədi. Çünki Türkiyə-Azərbaycan münasibətləri dövlətlərarası, millətlərarası münasibətlərdir. Bunun da min illərdən gələn kökü var. Ona görə hesab edirəm ki, Türkiyə-Azərbaycan yaxınlaşması genetik informasiyadan gələn yaxınlaşmadır və bunun təməlində eyni millətdən olma faktoru dayanır. Bunu heç cür zədələmək mümkün deyil”.
N.Miri bir sıra region və dünya ölkələrinin Azərbaycanla Türkiyə arasında münasibətlərdən narahat olduğunu, odur ki, həmin münasibətlərin pozulması istiqamətində təxribatların gələcəkdə də təkrarlanmasını istisna etmir: “Türkiyə Azərbaycan münasibətlərin daha yüksək səviyyəyə qalxması həm qonşu ölkələrdə, yəni regionda, həm də dünyada bir çox güc mərkəzlərini narahat edir. Çünki bu cür birliyi onlar özləri üçün potensial təhlükə kimi görürlər. Ona görə də mən gələcəkdə də belə provokasiyaları istisna etmirəm. Ancaq bütün provokasiyalara rəğmən nəzərə almaq lazımdır ki, bu milləti ayırmaq, xüsusən də kənardan sarsıtmaq mümkün olmayacaq. Eyni zamanda bu dövlətlərin münasibətlərini sarsıtmaq mümkün olmayacaq. Unutmamaq lazımdır ki, bütün hakimiyyətlər müvəqqətidir, qalıcı olan isə dövlətdir. Bu dövlətlərin münasibətlərini isə hər hansı saytın yaydığı materiallarla sarsıtmaq mümkünsüzdür”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR