"Türkiyənin birbaşa, yaxından iştirakı ilə yaradılacaq universitetlər Azərbaycan təhsil sisteminin dünyaya inteqrasiyasına gətirib çıxaracaq"
"Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması ilə bağlı artıq müzakirələrə başlanılıb. Universitetdə Türkiyənin qabaqcıl universitetlərində olan və Azərbaycanda ehtiyac duyulan ixtisaslar tədris ediləcək".
Bu barədə ötən gün təhsil naziri Emin Əmrullayev və Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarın iştirakı ilə keçirilən brifinqdə bildirilib.
Bəs mütəxəssislər bu məsələni necə dəyərləndirir?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Musavat.com-a danışıb. Ekspert qeyd edib ki, Azərbaycan-Türkiyə təhsil əlaqələri hər il yüksələn xətt üzrə atrır:
"Xatırladım ki, Azərbaycan hələ sovet dönəmi zamanından Türkiyə ilə ali təhsil sahəsində əlaqələr yaratmağa başlamışdır. Lakin bu əlaqələr mövcud dövrün siyasi tələblərinə uyğun aparıldığından müstəqil olmamışdır. Şübhəsiz ki, bu da iki qardaş xalqın milli maraqlarının təminedilməsi istiqamətində çox mənfi hal olub. Amma müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycan Türkiyə ilə təhsil sahəsində əməkdaşlığa, daha böyük önəm verib.1992-ci ilin 16-23 may tarixində Ankarada türk dövlətlərinin təhsil bakanlarının toplantısı keçirildi və bu yığıncaqda təhsil sahəsindəki əməkdaşlıqdan, onun qarşısında duran problemlərdən bəhs edildi. Toplantıda qardaş dövlətlərin təhsil işində bir-birlərinə yaxından kömək etməsi, təhsil ocaqlarının qarşılıqlı təşkili, bu işlərdə qarşıda duran problemlər və bu problemlərin birgə aradan qaldırılmasıvə s. məsələlər geniş müzakirə edilərək lazımi qərarlar verildi.
Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün sonrakı illərdə də siyasi və hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində xeyli tədbirlər həyata keçirilmişdir. Son illərdə görünəl işlərin nəticəsində Türkiyə tərəfinin yeni təlim texnologiyaları sahəsindəki bilik və bacarıqlarını Azərbaycan tərəfi ilə bölüşməyi, dərs vəsaitlərinin hazırlanmasında və müəllimlərin bu sahədə ixtisasartırmaları istiqamətlərində, həmçinin Azərbaycan tərəfinin Dünya Bankı və başqa beynəlxalq qurumlarla həyata keçirəcəyi layihə fəaliyyətlərinə hər cür texniki yardım göstərməsi olduqca müsbət haldır"
Ekspert xatırladıb ki, Türkiyənin Qazaxıstan və digər bir neçə ölkə ilə birgə universiteti fəaliyyət göstərir. Bütün sahələrdə Azərbaycanla qardaşlıq münasibətində olan dost ölkənin Azərbaycanla da ortaq ali təhsuil müəssisəsi yaradılması çox mühüm hadisədir:

Kamran Əsədov
"Qeyd edim ki, hazırda Türkiyədə 21 min azərbaycanlı gənc ali təhsil alır. Digər tərəfdən isə Türkiyə universitetlərinin əksəriyyəti dünya reytinqində öncül yerlərdədir və məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir.
Ona görə də onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var. Mövcud qanunvericiliyə görə Azərbaycan və Türkiyə birgə universitet yarada bilər. Belə bir ali məktəbin yaradılması üçün iki ölkə arasında təhsil müqavilələri olmalıdır ki, Azərbaycan və Türkiyə arasında da kifayət qədər çox istiqamətli müqavilələr var".
Kamran Əsədov Azərbaycanın birgə universitet təsis etmək təcrübəsinin olduğunu diqqətə çatdırıb:
"Belə ki, hazırda Azərbaycan və Fransa birgə universiteti – UFAZ yaradılıb və fəaliyyət göstərir. Bir neçə ölkə ilə birlikdə Azərbaycanda məktəblər yaradılıb. Seçinov adına Moskva Tibb Universitetinin , Lomonpsof adına Moskva Beybəlxaıq Universutetinin Azərbaycanda filyalları var. Azərbaycan-Türkiyə birgə məktəbi ölkədə orta təhsil müəssisələri arasında rəqabət mühitini də formalaşdıra bilər. Eyni zamanda xarici ölkə təcrübəsinin ölkəmizə gəlməsinə şərait yaradar. Yəni Türkiyədə bir neçə universitet var ki, bu və ya digər göstəricilərinə görə dünyada ciddi qəbul edilmiş universitetlərdəndir. Məsələn, Boğaziçi və Koç kimi universitetlər var ki, onları bitirmiş şəxslər, hətta İngiltərədə, Amerikada hər hansı imtahan vermədən işə girə bilərlər. Bu da həmin universitetlərdə tədrisin necə keyfiyyətli olduğunu göstərir. Hesab edirəm ki, Azərbaycanın da yeni ali təhsil müəssisələrinə ehtiyacı var".
Kamran Əsədov bildirib ki, Azərbaycanda hazırda dövlət, özəl və xüsusi xidmət universitetləri ilə birlikdə 50-dən çox ali təhsil müəssisəsi var. Lakin beynəlxalq reytinqdə o qədər də ciddi qəbul edilən universitet imici formalaşdırılmayıb:
"Bunun əsas səbəbi ali təhsil müəssisələrimizin keyfiyyətli kadr hazırlamaması ilə yanaşı maddi-texniki bazasının zəif olması, eyni zamanda laboratoriya, yataqxana kimi resusların olmamasıdır. Bunlar birmənalı şəkildə prosesə təsir göstərir. Hazırda Bakı şəhərində məkan, yer problemi var. Tələbə şəhərciyinin, eyni zamanda universitet kampusunun yaradılması o qədər də real deyil. Digər tərəfdən isə bunun üçün böyük vəsaitlər lazımdır. Lakin işğaldan azad edilmiş ərazilərin bərpası üçün Türkiyə nümunəsində universitet kampusları da olacaq. Çünki Türkiyənin 210-a yaxın universiteti var və demək olar ki, onların hər birinin kampusu var. Türkiyə universitetləri bizdəki kimi yalnız binadan ibarət deyil. Türkiyə universitetlərinin laboratoriyaları, yataqxanaları, təhsil alan tələbələrin yaşaması üçün bütün şərait var. Türkiyənin birbaşa, yaxından iştirakı ilə yaradılacaq universitetlər Azərbaycan təhsil sisteminin dünyaya inteqrasiyasına gətirib çıxaracaq və Azərbaycanın ali təhsil sistemi dünyada ciddi qəbul ediləcək.
Hesab edirəm ki, biz bundan sonra rəqəmsal, eyni zamanda “ağıllı universitet” layihələrinə keçməliyik, hansı ki, bu artıq Türkiyədə var. Eyni zamanda biz işğladan azad edilmiş ərazilərdə daha çox tədqiqat universitetlərini yaratmalıyıq. Düşünürəm ki, işğaldan azad edilmiş tarixi torpaqlarımızda universitet yaratmaq xatirinə universitet açmamalıyıq. Keyfiyyət əsas meyar olmalıdır. Bu nöqteyi-nəzərdən Türkiyənin yaxından iştirakı ilə yaradılacaq universitetlər daha çox gələcəyin ixtisaslı kadrların yetişdirilməsinə kömək olacaqdır. Eyni zamanda buraya xarici tələbələrin cəlb edilməsi üçün də imkanlar yaradılmalıdır.
Ümumiyyətlə, Türkiyə-Azərbaycan iş birliyinə böyük ümidlərim var. İnanıram ki, istər Azərbaycan ali təhsil sisteminin təkmilləşdirilməsində, istərsə də maddi-texniki bazasının təkmilləşdirilməsində Türkiyə nümunəsində Azərbaycan universitetləri dünya reytinqində irəliləyə biləcəklər".
Xalidə Gəray,
Musavat.com






