İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan sovet hərb ənənəsindən tam imtina edib - hərbi ekspertlərin rəyi

924 11.11.2021 09:30 Ölkə A A

Türkiyə Respublikasında keçirilən “Doğu Akdeniz-2021" çoxmillətli dəniz təlimində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin Gəmi Axtarış Qrupunun 2-ci səviyyəli qiymətləndirilməsi keçirilib. Bu da bir daha göstərir ki, Azərbaycan Ordusu və onun ən müxtəlif komponentləri tam gücü ilə Türkiyə ordusu modelinə-NATO standartlarına çatdırılır.

Rusiya, sovet ordu sisteminə əlvida deyirik. 44 günlük müharibədə bu, isbat edildi. Həm kadr bazası baxımdan, həm silah-sursat, həm də taktiki döyüş hazırlığı və praktikası baxımdan NATO-laşma gedir Silahlı Qüvvələrimizdə. Amma Çar Rusiyasından üzü bəri, sovet hakimiyyəti illəri də daxil olmaqla, Azərbaycan hərbisinin Rusiya hərbisindən təsirləndiyi faktdır. 100 illik ənənəni tezliklə NATO ənənəsi ilə əvəzləmək çətin olmayacaq ki?

Polkovnik, hərbi ekspert Şair Ramaldanov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Ordusu daim müasirləşmə prosesindədir. Müasir ordu quruculuğu prosesi davamlı prosesdir. Bu prosesə sovet dövrünün hərbi ənənələri hazırda maneə yaratmır. Çünki prosesin xeyli hissəsi qət edilib, müəyyən problemli mərhələ arxada qalıb: “Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xüsusilə ilk illərdə Azərbaycan Silahlı Qüvvələrinin zabit heyəti, mütəxəssisləri sovet hərb məktəbinin yetirmələri, sovet ordusunun qulluqçuları olmuş insanlardan ibarət idi. Birinci Qarabağ savaşında, ordumuzun formalaşmasında məhz həmin kadrlardan istifadə edilirdi. Ona görə də ordumuz sovet hərbisi ənənələrinə əsasən qurulmuşdu. Müstəqilliyimiz möhkəmləndikcə və illər keçdikcə ordumuz inkişaf elədi. Bu inkişafda NATO üzvü olan Türkiyə Silahlı Qüvvələri ilə əlaqələrin qurulması, əməkdaşlıq, birgə hərbi təlimlər öz sözünü dedi.

Heç bir müharibə olmayacaq- Şair Ramaldanov

Şair Ramaldanov: “Artıq ordunun idarəetməsi, təlimləri kimi və digər məsələlərdə sovet hərbi ənənəsi özünü Türkiyə ordu modeli ilə əvəz edib”

Azərbaycanlı gənclərin Türkiyənin hərbi məktəblərində təhsil alması zaman keçdikcə ordumuzun kadr arsenalında çox ciddi yenilənmələrə gətirməyə başladı. Paralel olaraq Azərbaycan Ordusu ən müasir silahlarla silahlandırılmağa başlandı. Silah arsenalımıza artıq təkcə Rusiyanın deyil, digər müasir silah sənayesinə malik ölkələrin silahları daxil edildi. Yeni alınmış silahların tətbiqinə görə təbii ki, ordunun buna uyğunlaşdırılması tələb edilirdi. 44 günlük müharibədən sonra isə Azərbaycan Ordusunun NATO üzvü olan Türkiyənin ordu modelinə keçidi prosesi genişləndi. Bu gün də həmin proses davam edir. Silah arsenalımızda bu gün Rusiya silahları da yer alır. Amma artıq ordunun idarəetməsi, təlimləri kimi və digər məsələlərdə sovet hərbi ənənənəsi özünü Türkiyə ordu modeli ilə əvəz edib. Lakin bu prosesin artıq tam həll edildiyini söyləmək tezdir. Azərbaycanın Ali Baş Komandanı şəxsən bəyan edib ki, ordumuz Türkiyə ordu modelinə tam olaraq keçməlidir. Bu modelin üstünlüyünü biz keçən il 44 günlük müharibədə gördük”.

Polkovnik Rövşən Məhərrəmov: "Ali Baş Komandanın bir əmri kifayətdir ki..."

Rövşən Məhərrəmov: “Bu işə keçmişdə qalan ənənənin mane olması dövrü artıq bitib”

Silahlı qüvvələrin keçmiş hərbi polis rəisi, polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov isə bildirdi ki, 44 günlük müharibə Azərbaycan Ordusunun Türkiyə ordusu modelinə keçidinə yeni nəfəs gətirdi və proses sürətləndi. Artıq bu prosesə hansısa keçmiş və müasir tələblərlə uzlaşmayan ənənələr mane ola bilmirlər: “Ordumuz Türkiyə ordusu modeli üzrə qurulur. Artıq demək olar ki, qurulub.

44 günlük müharibədə Rusiya silahlarından da istifadə etmişik. Xüsusilə artilleriya qurğuları rus silahları idi. Lakin ordumuzun təlimləri, hərbi təhsil məsələlərində tamamilə Türkiyə ordusu modeli tətbiq edilir. Bütün bunların nəticələri isə göz önündədir-Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biridir, Azərbaycan Ordusu 21-ci əsrin müharibəsini apardı və qalib gəldi. Ordumuzun silahlandırılmasında Türkiyə, İsrail kimi ölkələrin müasir silahlarından istifadə edirik. Türk ordusu modelinə keçid şəxsi heyətin hazırlanması ilə yanaşı, silahla təminatında da həyata keçirilir. Ordumuz NATO standartlarına hazırlanır. Bu işə Sizin qeyd etdiyiniz keçmişdə qalan ənənənin mane olması dövrü artıq bitib. Bundan sonra artıq maneə yarada bilməz. Azərbaycan Ordusu güclü ordudur, müasir ordudur".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR