Rusiyada keçiriləcək parlament seçkilərinə sayılı günlər qaldı. Sentyabrın 18-də qanunverici orqanın aşağı palatası olan Dövlət Duması formalaşacaq. Dumada 450 deputat yeri var ki, bunlardan 225-i proporsional, bir o qədər də majoritar sistem üzrə seçiləcək.
Siyasi texnoloqlar hesab edir ki, Dövlət Dumasına 4 partiyanın mandat əldə etmək imkanı var. Bunlar hazırda Dövlət Dumasında təmsil olunan Vahid Rusiya, Rusiya Kommunist, Ədalətli Rusiya, Liberal Demokrat partiyalarıdır. Vahid Rusiya, Rusiya Kommunist, Liberal Demokrat partiyalarının Dövlət Dumasına düşəcəyini respondentlərin hamısı proqnozlaşdırır.
Ədalətli Rusiya Partiyasına isə siyasi texnoloqların 70%-i şans verir.
Politoloq Qabil Hüseynli hesab edir ki, hazırda Rusiyada əsas diqqət Vahid Rusiya Partiyasının əhali arasında nüfuzunun artmasına və seçkilərdə qələbə qazanmasına yönəlib: “Rusiyada əhval-ruhiyyə fərqlidir, yəni əvvəlki illər kimi deyil. Sanksiyalar, neftin qiymətinin aşağı düşməsi və digər məsələlər Rusiya iqtisadiyyatında neçə illərdir artımın qarşısını alır. Bu da insanların maddi rifah halına mənfi təsir göstərir. Putinin də, hakim partiyanın da nüfuzu müəyyən qədər aşağı düşüb. Amma bütün bunlara baxmayaraq, inzibati resursların hesabına bu dəfə də Vahid Rusiya partiyası seçkilərdə qələbə qazanacaq. Səslərin ən aşağısı 60-62%-ni toplayacaq. Rusiya elə bir ölkədir ki, burada seçkilərin tam şəffaflığını təmin etmək mümkün olmur. Seçki prosesinə müəyyən hiylələr qatılır. Tam olmasa da, ”karusel sistemi" orada da var. Seçki gününün sonuna yaxın qutulara artıq səslərin atılması Rusiyada da var. Amma hər halda, Rusiya MDB məkanında seçkilərin obyektiv keçirildiyi dövlətlərdən biridir. Ona görə də seçkilərdə seçicilərin səslərinin qazanılması uğrunda ciddi mübarizə gedir. Bu mübarizənin başında duran da ilk növbədə Putindir. Avropa ölkələri şimal qonşumuzdakı seçki prosesini bu dəfə izləyə bilməyəcəklər. Ona görə də Putin hakimiyyəti seçkiləri rahat keçirəcək və istədiyi nəticələri əldə edə biləcək".

Politoloq Azərbaycanın Rusiyadan seçki örnəyi götürməməsinə bu cür şərh verdi: “Rusiyada xalq fəaldır, siyasi proseslərdə iştirak edirlər. Siyasi partiyalar siyasi mühiti fəallaşdırırlar. Biz Rusiyadan demokratik seçki mühitini öyrənməyə çalışırıq. Amma Azərbaycan xalqının siyasi fəallığı arzuolunan səviyyədə deyil. Siyasi partiyalar seçki monitorinqini düzgün təşkil edə bilmirlər. Əhali arasında ”mənim səsim nəyi dəyişəcək" düşüncəsi var və buna əsasən, seçki fəallığı aşağıdır. Halbuki hər kəs seçkilərə getsə, neqativ halların qarşısı alına bilər. Əgər neqativ hallar varsa, bu, insanların seçkiyə getməməsindən, seçki prosesində passiv olmamalarından qaynaqlanır. Burada siyasi partiyaların da müəyyən günahları var".

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Rusiyadakı hər hansı bir qurumla təmaslarının olmadığını bildirdi: “Demokratik atmosfer olmadığı üçün Rusiyadakı hər hansı bir qurumla təmasımız yoxdur. Çünki imperiya xəyalları hələ ortadan qalxmayıb. Amma bütövlükdə hesab edirəm ki, xüsusi bir yenilik olmayacaq. Köhnə formatı parlamentdə tətbiq etməyə çalışacaqlar. İndiki şəraitdə Rusiyanın yenilənməsi müşahidə olunmur. Yenə də əvvəlki qüvvələrin müəyyən səs faizi ilə parlamentdə yerləşmələri təmin olunacaq. Müxalifət daha çox sosial şəbəkə üzərindən təşkilatlanır. Proporsional sistem daha çox hakimiyyət partiyasına xidmət edəcək. Çünki hakim partiyanın bu sistemlə qələbə qazanmaq imkanları daha yüksək olur. Amma majoritar sistemdə ola bilsin ki, fərdi şəkildə müəyyən şəxslərin uğur qazanmaq imkanları olsun. Amma bu da ümumi mənzərəni dəyişməyəcək”.

YAP-ın Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı Vahid Rusiya Partiyasından olan bəzi deputatlarla yaxın əlaqələrinin olduğunu söylədi: “Rusiya bizim üçün əhəmiyyətli, yaxın dost olan ölkədir. Birgə yaşayışımız, tarixi bağlantılarımız var. Orada çoxsaylı vətəndaşlarımız var. Unutmaq olmaz ki, dünyanın aparıcı ölkələrindən biridir. Arzum odur ki, seçki əmin-amanlıqla keçsin. Biz xalqın siyasi iradəsinə iqtidar partiyası olaraq hörmət edirik. Vahid Rusiya Partiyasından olan millət vəkilləri arasında yaxın dostlarım var. Qadın deputatlarla yaxın əlaqələrim mövcuddur. Onlara uğurlar arzulayıram”.
Cavanşir ABBASLI