İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan selektiv aborta görə rekord qırdı, təhlükəli tendensiya!

1461 28.10.2023 09:13 Gündəm A A

“Azərbaycan uşaqların cins seçiminə görə dünyada birinci yerdədir”. Bu fikirləri BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı bildirib.

O bildirib ki, ölkəmiz 2021-ci ildə bu məsələdə birinci yerdə olan Çini artıq üstələyib: “Bütün selektiv abortlar kriminal abortlardır. Bununla Cinayət Məcəlləsinin qapısı açılır.

Həmçinin bir məsələyə də diqqət çəkmək istəyirəm. 2008-ci ildə Dövlət Statistika Komitəsi və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə birgə araşdırma aparmışdıq. O zaman qadın respondentlərin 30 %-dən yuxarısının zorakılığa məruz qaldığını öyrənmişdik. Təəssüf ki, bu araşdırma o vaxtdan bəri aparılmayıb. 2024-cü ildə biz yenidən bu araşdırmanı aparmaq niyyətindəyik və nəticələri ictimaiyyətə açıqlanacaq".

Qeyd etmək yerinə düşər ki, neçə illərdi ki, bu tendensiya davam etməkdədir.

Əvvəlki illərin statistikasına da nəzər salsaq görərik ki, 2018-ci ildə Azərbaycanda abort etdirən qadınların sayı 36 141 nəfər olub. Onların arasında 18-19 yaşlıların sayı 1198, 20-24 yaşlıların sayı 7545, 25-29 yaşlıların sayı 11 578-dir. Aborta müraciət edənlərdən 10293 nəfər 30-34 yaş aralığındadır. 35 və yuxarı yaşda olanlar isə 5487 nəfər təşkil edib.

2019-cu ildə 37 308 abort qeydə alınıb. Bu abortlardan 49-u 15-17 yaş qrupuna, 1 406-sı 18-19 yaş, 7 101-i 20-24 yaş, 11 617-i 25-29 yaş, 10 947-si 30-34 yaş, 6 188-i 35 və yuxarı yaşda olan qadınlar arasında qeydə alınıb.

2020-ci ildə abort sayı 2019-cu illə müqayisədə təxminən 2 min 600-dək azalıb. Ötən il Azərbaycanda 15-17-yaşlı qadınlar arasında 29 abort, 18-19 yaşlı qadınlar arasında isə 1 min 270 abort olub. 20-24 yaş qrupu üçün bu göstərici 7 min 552, 25-29 yaş qrupu üçün 10 min 993, 30-34 yaş qrupu üçün 9 min 445, 35 yaşı aşanlar üçünsə 5 min 430 olub.

2021-ci ildə bu say 13 514 olub. Yəni 2021-ci ildə 15-19 yaşlı hər min qadına 8,3 abort, 25-29 yaşlı hər min qadına isə 32,7 abort düşür.

Selektiv abortların sayı niyə artır? Bunun nə kimi fəsadları ola bilər?

Sahib Məmmədov: “Azərbaycanda Əmək Məcəlləsi yenidən yazılmalıdır” -  12.06.2018, Sputnik Azərbaycan

Sahib Məmmədov: “Qanunvericilikdə olan cəzaların tətbiq mexanizmləri daha da təkmilləşdirilməlidir”

Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a dedi ki, selektiv abort cinsi ayrı seçkiliyin ən qəddar formalarından biridir: “Təəssüf ki, Azərbaycanda çox geniş yayılıb. Bunun artıq demoqrafik nəticələri var. Ölkədə reproduktiv qadınların sayı kişilərdən azdır. Baxmayaraq ki, nisbi sayda hələ qadınlar kişilərdən çoxdur. Ona görə də bunun qarşısını alacaq əlavə tədbirlərə ehtiyac var. Məhdudiyyətlərə baxmayaraq qanunsuz selektiv abortlar davam etməkdədir. Ona görə də uzunmüddətli planda Azərbaycanda demoqrafik vəziyyətə ciddi təsir edə bilər. Bu səbəbdən hesab edirik ki, bununla bağlı əlavə nəzarət mexanizmləri, yaxud da qanunvericilikdə olan cəzaların tətbiq mexanizmləri daha da təkmilləşdirilməlidir və selektiv abortun qarşısı alınmalıdır. Bu birinci adminstrativ yoldur. İkincisi,  selektiv abortun qarşısını almaq üçün stimullaşdırıcı tədbirlər görülməlidir. Misal üçün, doğulan qız uşaqları üçün və doğulan oğlan uşaqları üçün. Burada birdəfəlik müavinət var. Müavinəti qızlar üçün artırmaq olar. Misal üçün ailəsində ikinci övlad dünyaya gələn qızlar üçün müavinəti 5 min manat, üçüncüdə 10 min manat etmək olar. Belə stimullaşdırıcı tədbirlər görməklə həm də ailələrə təsir etmək olar, həm də onları maraqlandırmaq olar. Hesab edirəm ki, buna qarşı ciddi tədbirlər görülməsə yaxın 15-20 ildə Azərbaycanda əhalinin cins tərkibinin dəyişməsində ciddi problemlər ortaya çıxacaq. Eyni zamanda, bu ayrı-seçkiliyin qarşısını almaq dövlətin borcudur”.

Sosioloq Elçin Bayramlının da mövzu ilə bağlı maraqlı fikirləri var. O, deyib ki, selektiv abortlar faktiki olaraq qətl hadisəsidir: “Bu, hələ doğulmağa imkan tapmamış körpələrə qarşı fiziki terror, analara qarşı isə həm psixoloji, həm bioloji terrordur. Abortlar, xüsusən də selektiv abortlar bir cəmiyyəti xəstə vəziyyətə salır, demoqrafik vəziyyəti ağırlaşdırır, milli genefondu məhv edir, cinslərin təbii balansını pozur. Qısaca desək, abort ən qorxunc və ən dəhşətli bəladır.

ÜST-ün hesabatlarına görə, hər il dünyada 50 milyondan çox qadın abort olunur. Onların 20 milyonu qeyri-leqal abortlardır, bu hal qadın ölümü hallarının artmasına yol açır.

Abortların 78 faizi inkişaf etmiş ölkələrin, 22 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. Abortların sayına görə ən aşağı göstərici dinin hakim olduğu ölkələrdədir. Belə ölkələrdə il ərzində 1000 qadına 10 abort düşür. Digər ölkələrdə bu göstərici hər 1000 qadına 10-80 abort arasında dəyişir.

Azərbaycanda 2022-ci ildə ölkədə 58 min abort qeydə alınıb. 2021-ci ildə isə bu göstərici 47 minə yaxın olmuşdu. 2020-ci ildə isə bu rəqəm 35 mindən də az idi. Göründüyü kimi, kəskin artım var. Hələ bu rəsmi rəqqəmlərdir. Hesab edilir ki, real rəqəmlər rəsmi statistikadan dəfələrlə daha çoxdur.

Həm rəsmi, həm qeyri-rəsmi statistika göstərir ki, Azərbaycanda abortların sayının artması son dərəcədə acınacaqlı haldadır. Xüsusən də, selektiv abortlar daha təhlükəlidir. Selektiv abortlara görə biz dünyada ilk yerlədən birini tuturuq.

Son 20-30 ildə bu sahədə vəziyyət daha da pisləşib. Bəzi bu işlə məşğul olan həkimlər etiraf edirlər ki, son vaxtlar müraciətlər daha çox kütləviləşib. Aydındır ki, bunların çoxu rəsmiləşmir və  statistikaya daxil olmur".

Fayl:Elçin Bayramlı.jpg — Vikipediya

Elçin Bayramlı: “Selektiv abortlar faktiki olaraq qətl hadisəsidir”

Sosioloq əlavə edib ki, ana bətnindəki körpələrin abort edilərək öldürülməsinin heç bir bəraəti ola bilməz: “Yalnız doğuşun qadının həyatına təhlükə törədəcəyi halda bu, mümkün sayılır. Hesablamalara görə, abortların yalnız 1-2 faizi son məcburiyyət halında edilir.

Abort faktiki qətl hadisəsi olmaqdan əlavə,  həm mənəvi, əxlaqi, psixoloji cəhətdən deqradasiyanın son həddidir, həm də milli genefondumuzun, ailə institutumuzun tam dağılması deməkdir. Tibbi araşdırmalara görə, ana bətnindəki embrionun ürək döyüntüləri 18 gündən sonra başlayır, 40 gün sonra baş beyinə impulsların getdiyi müşahidə olunur, 6-7 həftədən sonra müstəqil hərəkətə başlayır.

Yəni, ana bətnindəki uşağı öldürməklə, küçədəki hər hansı bir şəxsi öldürmək arasında heç bir fərq yoxdur. Maraqlıdır ki, qanunlar hər hansı bir qətlə ağır cəzalar verdiyi halda, körpələrin göz qabağında açıq şəkildə qətli həyata keçirildikdə buna nə qanun, nə də bir başqası reaksiya verir. Açıq şəkildə ölkədə hər gün yüzlərlə qətl törədilir. Faktiki olaraq, milli genefonda qarşı kütləvi terror törədilir. Buna görə cinayət məsuliyyəti olmadığından kim necə istəyir eləcə də hələ doğulmamış körpəsini öldürür. Bəzi ölkələrdə abortların edilməsinə qarşı daha mühafizəkar qanunlar var. Hətta bəzi Avropa ölkələrində belə, abort etmək qadağandır və abort edən şəxs sərt cəzalandırılır.

Azərbaycan qanunvericiliyində aborta məcbur və təhrik etməyə görə 115-ci maddənin 2-ci və 3-cü hissələrinə görə islah-əmək koloniyalarında cəza verilir. Lakin könüllü aborta görə cinayət məsuliyyəti yoxdur.

Bunun qarşısını almaq üçün nə dövlət, nə də cəmiyyət heç bir tədbir görmür. El arasında “arvad-uşaq komitəsi” adlandırılan orqan dövlətin pullarını boş yerə xərcləməklə məşğuldur və bu sahədə heç bir iş görmür, hansısa effektiv təbirlər həyata keçirmir, nəzarət etmir. Abortlar geniş planda baxıldıqda milli təhlükəsizlik məsələsidir. Demoqrafik cinsi disbalansın yaranması gələcəkdə ağır fəsadlar verəcək. Bu milli fəlakətdən xilas olmaq üçün təcili şəkildə dövlət bu məsələ ilə bağlı ya xüsusi proqram qəbul etməlidir, ya da bu sahə üzrə geniş səlahiyyətlərə malik xüsusi dövlət orqanı yaradılmalıdır. Bu sahəyə çox ciddi nəzarət olunmalıdır və çox sərt cəzalar qoyulmalıdır.

Təcrübə göstərir ki, maarifləndirmə və təbliğatla heç nəyə nail olmaq olmur. Əksinə vəziyyət getdikcə pisləşir. Demək, ümid qalır sərt inzibati tədbirlərə. Abort edən və etdirən uzun müddətə həbs cəzasına layiq görülməlidir. Yalnız bu yolla bu dəhşətli fəlakətin qarşısını almaq olar".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR