Azərbaycan şəhərləri üzrə İran parlamentinə seçilənlərin siyahısı açıqlandı
Aprelin 29-da İranda keçirilən parlament seçkilərinin ikinci turunda ölkənin 55 seçki dairəsində keçirilən seçkinin ilkin nəticələri artıq elan olunub. Təbii ki, bizi ən çox maraqlandıran seçkilərin nəticələrinə görə parlamentə mandat qazanan azərbaycanlıların sayıdır.
Güneydən verilən məlumata görə, Şərqi Azərbaycan vilayəti üzrə Marağa və Əcəbşer seçki dairəsindən Məhəmmədəli Hüseynzadə, Mərənd və Culfa seçki dairəsindən Məhəmməd Həsənnejad, Əhər və Heris seçki dairəsindən Beytulla Əbdullahi, Sərab seçki dairəsindən Yusif Davudi, Şəbistər seçki dairəsindən Məsumə Ağapur parlamentə seçilib.
Gunaz.tv-nin xəbərinə görə, Qərbi Azərbaycan vilayəti üzrə Urmu seçki dairəsindən Hadi Bahaduri və Ruhullah Həzrətpur, Salmas seçki dairəsindən Şəhruz Bərzgər, Qoşaçay, Sayınqala və Tikantəpə seçki dairəsindən Cahanbəxş Mohebbiniya və Humayun Haşimi, Ərdəbil vilayəti üzrə Ərdəbil, Nəmin və Nir seçki dairəsindən Məhəmməd Feyzi, Parsabad və Biləsuvar seçki dairəsindən Şəkur Purhüseyn, Zəncan vilayəti üzrə isə Zəncan və Tarəm seçki dairəsindən Əli Vəqfçi və Fridun Əhmədi, Əbhər və Xürrəmdərrə seçki dairəsindən Məhəmməd Əzizi, Xudabəndə seçki dairəsindən Əhməd Beygdeli mandat qazanıb.
Həmədan vilayətindəki Rəzən seçki dairəsindən Həsən Lütfi və Məlayer seçki dairəsindən Əhəd Azadixah azərbaycanlıların haqlarını qorumaq imkanı qazanıb. Lakin namizədlərin hamsının Azərbaycan türkü olub-olmadığı barədə konkret məlumat verilmir.
Xüsusilə regiondakı indiki həssas dönəmdə, həmçinin, Qarabağ cəbhəsində yaşananlara rəğmən, qonşu İranın ali qanunverici orqanında azərbaycanlıların sayının çox olması mühüm məsələdir. Hələ bir neçə il əvvəl azsaylı soydaşımızın parlament tribunasından istifadə edərək Azərbaycana dəstək verməsi, həmçinin yerli azərbaycanlıların təbii haqlarının davasını aparması bor sıra hallarda təsirsiz qalmayıb. Xatırladaq ki, ilk turda da onlarla azərbaycanlı ölkə parlamentinə mandat alıb.
Cavid TURAN






