İqtisadçı-ekspert: “Əlaqələrin genişləndirilməsi Bakı üçün mühüm əhəmiyyətə malikdir”
Son həftələrdə Azərbaycanın xarici ölkələrlə əlaqələrində aktivlik diqqəti cəlb edir. Daha çox iqtisadi baxımdan dəyərləndirilən bu əlaqələrin genişləndirilməsi üçün çoxsaylı addımlar atılır. Bu baxımdan, Azərbaycana edilən və Azərbaycan prezidentinin getdiyi bir sıra səfərlər maraq doğurur.
Belə ki, Slovakiya baş naziri Peter Pelleqrini və Rusiyanın Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun Azərbaycana səfəri investisiyaların cəlbi məqsədi daşıyırdı. Hər iki şəxs Azərbaycanın investisiyalarından bəhrələnmək niyyətindədir.
Prezident İlham Əliyevin Belarus və Türkmənistana səfəri isə Azərbaycanın regional ticarət və tranzit mərkəzinə çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərin bir hissəsi hesab olunur.
İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, Azərbaycan postsovet ölkələri olan Belarus və Türkmənistanla əlaqələri genişləndirməkdə bir neçə məqsəd güdür: “Düzdür, son illərədək Azərbaycanla Türkmənistan arasında iqtisadi-siyasi əlaqələr elə də inkişaf etməyib. Lakin hər iki ölkənin Avropa ilə Asiya arasında tranzit yükdaşımaların keçdiyi coğrafi ərazidə yerləşməsi əlaqələrin genişləndirilməsi üçün mühüm perspektiv açır. Bu genişlənmə iqtisadi baxımdan Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, prezidentin səfəri zamanı imzalanan sənədlər arasında ölkələrarası yükdaşımaların artırılmasına hesablanmış sazişlər üstünlük təşkil edib. Türkmənistanla Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsi son illərdə xeyli artıb. Bu göstərici 2014-cü ildə 51 milyon dollar olubsa, 2017-ci ildə 164,1 milyon dollara qədər yüksəlib. Bu, ticarət dövriyyəsinin 3 dəfədən çox artması deməkdir. Və bu dövriyyənin daha da artması üçün böyük potensial var. Xüsusilə Çindən Türkmənistan üzərindən gələn yüklərin Bakı-Tiflis-Qars dəmiryol xətti vasitəsilə daşınması istiqamətində əməkdaşlıq imkanları genişdir. Bildiyiniz kimi, həm Azərbaycan, həm də Türkmənistanda ro-ro tipli terminallar var. Bu isə ölkələr arasında Xəzər dənizi üzərindən yükdaşımaları artırmaq üçün imkanlar yaradır. Bundan əlavə, düşünürəm ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsindən sonra Türkmənistanla Azərbaycan arasında mübahisəli neft yataqlarının birgə işlənməsi istiqamətində də irəliləyişlərə nail olmaq mümkündür. Bu gün Azərbaycan Türkmənistan neftinin Avropa bazarına çıxarılmasında əsas tranzit ölkədir. Yəni bu ölkə ilə əlaqələrin daha da genişləndirilməsi Azərbaycan üçün ciddi dvidentlər gətirəcək bir addımdır”.
Azərbaycanın Belarusla əlaqələrinin iqtisadi tərəflərini şərh edən ekspertin sözlərinə görə, bu ölkə ilə münasibətlər həmişə yüksək səviyyədə olub: “Belarusla əməkdaşlığın gücləndirilməsi strateji əhəmiyyət daşıyır. Bu ilin doqquz ayında Azərbaycanın Belarusla qarşılıqlı ticarət dövriyyəsi 3,3 dəfə artaraq 331,5 milyon dollara bərabər olub. Azərbaycanın Belarusa ixracı son dörd ildə 20 faiz artıb. Bu artım əsasən qeyri-neft məhsullarının hesabına olub. Belarus Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsidir, bu baxımdan da bu ölkə ilə əməkdaşlığın gücləndirilməsi Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir”.
V.Bayramovun fikrincə, son həftələrdə Azərbaycanın xarici əlaqələrindəki intensivlik ölkənin regional tranzit və ticarət qovşağına çevrilməsi baxımından yüksək əhəmiyyətə malikdir.
Dünya SAKİT,
“Yeni Müsavat”






