İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan qlobal rəqəmsal valyutaya keçid prosesinə hazır olmalıdır - Maliyyəçi alimdən real təkliflər

770 26.02.2021 10:15 İqtisadiyyat A A

ABŞ Mərkəzi bankı (Federal Rezerv sistemi) Pandemiya ilə əlaqədar hələ keçən il nəzərdə tutulan nağd pul dövriyyəsinin aradan qaldırılması və rəqəmsal dolların tətbiqi üzrə təcili məsləhətləşmələrə başlayıb.

Maliyyəçi-alim, sabiq maliyyə naziri Saleh Məmmədov hesab edir ki, bir çox inkişaf etmiş ölkələrdə nəzərdə tutulan analoji tədbir bilavasitə rəqəmsal keçidlə və son dövrlərdə bitkoin kimi 5000-ə yaxın özəl rəqəmsal valyutaların qeyri-bərabər rəqabət şərtləri ilə geniş yayılması ilə əlaqədardır: "İrəli düşən ölkələr təbii ki, dünya valyuta sistemində üstünlüyə, hətta ola bilər, hegemonluğa sahib olacaqlar. Amma təcrübə və təhlillər göstərir ki, ilkin yol açılması heç də asan olmayacaq. Buna görə amerikalılar hətta ən son əlaqəlilərlə dərin və ciddi məsləhətləşmələrə başlamağa qərar veriblər".

S. Məmmədov deyir ki, qlobal dəyişikliklər bilavasitə bizim ölkəmizə də təsir edəcək: "Buna görə də Azərbaycanda da adekvat tədbirlər, heç olmasa, hazırlıq işi aparmalıdır. Əvvəla, ölkədə dollar üstün yerə malik valyutadır, nağd dollar dövriyyəsi aradan qaldırıldıqdan sonra nağd xarici valyuta dövriyyəsi necə həyata keçiriləcək? Bu sualın cavabını müzakirəyə çıxarmaq lazımdır.

İkincisi, ölkə bu işlərə başlamalı, Rəqəmsal manat konsepsiyasını irəli sürməli və böyük korrupsiyanın başlıca mənbəyi olan nağd pul dövriyyəsinin tamamilə aradan qaldırılması və yüz faizli elektron pul dövriyyəsinə keçid proqramını hazırlamalıdır. Həmçinin Azcoinlə rəqəmsal manatın qarşılıqlı əlaqəsini və bu valyutaların hər birinin ayrı-ayrılıqda tədavül prinsiplərini və virtual məkanını müəyyən etməli, rəqəmsal manatın hansı texnologiyada hazırlanması (blokçeyn və ya başqası) prinsiplərini bəlirləməlidi.

Üçüncüsü, gərək rəqəmsal manatın dövriyyəyə buraxılması üçün modern virtual infrastruktur yaradılsın, təhlükəsiz rəqəmsal ödəmə sistemi qurulsun, yüksək sürətli virtual məkan formalaşsın və hər bir elementin proqram təminatı yaradılsın. İnternet hər bir evə, ailəyə və məkana sərbəst daxil olmalıdır. Əgər belə sistem qurularsa, korrupsiya 99 faiz aradan qaldırılacaq, bir nəfər də olsa dövlət məmuru əmlakını və ya qazancını gizlədə bilməyəcək, elektron qeydiyyatdan keçən hər hansı pul əməliyyatı hər kəsin nəzarətində olacaq.

Dördüncüsü, belə radikal yeniliklər və ümumiyyətlə, bütün rəqəmsal dəyişikliklər beynəlxalq səviyyədə həyata keçirilməlidir, bütün beynəlxalq konvensiyalar dəyişdirilməlidir. Buna görə Azərbaycanın bu işdə qabaqcıl ölkə kimi irəli çıxması çox yaxşı olardı. Dünya miqyasında rəqəmsal keçid elan olunması və keçid prosesinin tənzimlənməsi məqsədilə BMT qarşısında məruzə hazırlamaq və BMT-nin xüsusi toplantısının çağrılması üçün təklif vermək Azərbaycana böyük uğur gətirə bilərdi. Bu məsələ gec-tez bu formada qoyulacaq, amma daha tez olması və məhz bizim ölkəmiz tərəfindən qaldırılması daha yaxşı olardı".

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR