İlham İsmayıl: “Ermənistan iqtidarı və ona qarşı olan müxalifət Rusiyanı təhlükəsizliklərinə əsas qarant kimi görür”
“Nikol Paşinyan Ermənistan Konstitusiyasını dəyişməyəcək. Onsuz da Ermənistan cəmiyyətinin bir qismi Qarabağ müharibəsindəki məğlubiyyəti bu şəxsin adı ilə bağlayıb. Onun yenidən Konstitusiyanı dəyişməsi təşəbbüsü ciddi etirazlara səbəb ola bilər və növbəti seçkilərə kimi belə bir addımın atılması gözlənilmir”.
Siyasi təhlilçi, sabiq təhlükəsizlik eksperti İlham İsmayıl bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirib. Qeyd edək ki, bu günlərdə rusiyalı tarixçi-alim Oleq Kuznetsov Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamayacağını deyib. O, öz fikrini bununla əsaslandırıb ki, Ermənistanın 23 avqust 1990-cı il Müstəqillik Bəyannaməsində Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alıb və həmin bəyannamə də Ermənistanın yeni konstitusiyanın preambula hissəsində əks olunub. Yəni onun fikrincə, Paşinyan mövcud konstitusiyanı poza bilməz.
Kuznetsov iddia edib ki, sülh müqaviləsinin imzalanması, yəni Azərbaycanın Ermənistan tərəfindən ərazi bütövlüyünün tanınması üçün iki yol mümkündür: “Ya Paşinyan köklü konstitusiya islahatlarına gedib onu dəyişdirəcək və yeni konstitusiyada Qarabağla bağlı, “miatsum”la bağlı işarə belə olmayacaq, ya da Azərbaycanla ikinci müharibəyə ehtiyac olacaq və deyilən hüquqi-siyasi nəticələrə gətirəcək - lakin böyük insani və maddi itkilər hesabına”.
İ.İsmayıl qeyd edib ki, Ermənistanın baş naziri heç Zəngəzur dəhlizinin açılmasını qəbul etmədiyini müdafiə nazirini silahlı qüvvələrə təqdim edərkən açıq şəkildə söyləyib: “Ermənistan sərhəddə delimitasiya və demarkasiya işlərinə başlamayacağını da bəyan edib. Onlar maksimum bu işi uzatmaq istəyirlər və bu zaman uzatmasını başda Rusiya olmaqla havadarları da dəstəkləyir. Amma bu, Paşinyana heç də asan başa gəlməyəcək. Ölkənin iqtisadi inkişafı ərazi iddiaları olan Türkiyə və Azərbaycandan asılıdır. Özünü bu sərsəm iddiaların, ideologiyanın girovunda saxlamaqla bu ölkənin perspektivi olmayacaq. Bir şərtlə ki, Azərbaycan və Türkiyə Ermənistan sülh müqaviləsi imzalamayanadək və ərazi iddialarından imtina etməyəndək heç bir güzəştə getməsinlər”.

Ekspertin sözlərinə görə, Rusiyanın xahişi və Qərbin təzyiqi bizi çəkindirməməlidir: “Azərbaycan Qarabağın işğalda qalan hissəsinə tezliklə nəzarətini bərpa etmək üçün real addımlar atmalıdır. Hələ ki, biz belə bir fəaliyyətin şahidi deyilik. Ermənistanı da ürəkləndirən bizim tərəddüdlü siyasət aparmamızdır. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin real olaraq bitməməsi düşmənin daha məkrli siyasət aparmasına şərait yaradır. Bu, uzaqda olmayan gələcək üçün Azərbaycanı yenidən mürəkkəb duruma düşürə bilər”.
Qeyd edək ki, Ermənistanda KTMT-dən çıxması ilə bağlı çağırışlar da artmaqdadır. Ermənistanın üç siyasi partiyası olan Mühafizəkarlar partiyası, Avropa partiyası və Suveren Ermənistan partiyasının avqustun 3-də yaydığı birgə bəyanatda bildirilib ki, 44 günlük müharibə və sərhədlərdəki gərginlik KTMT-nin öhdəliklərini yerinə yetirməkdən yayındığını sübut edir. Erməni analitik Tevos Arşakyan isə “Ermənistanın ölü doğulmuş KTMT-ni tərk etməsi vaxtı çatıb” başlıqlı yazı dərc edib.
İ.İsmayıl bu barədə danışarkən bildirib ki, Ermənistanda “Armenian Report”, “ Lragir.am” başda olmaqla anti-Rusiya təbliğatını aparan saytların sayı getdikcə artır: “Adlarını qeyd etdiyiniz partiyaların siyasi çəkisi çox aşağıdır. Ermənistan iqtidarı və ona qarşı olan müxalifət Rusiyanı təhlükəsizliklərinə əsas qarant kimi görürlər və ona görə də KTMT üzvülüyündən çıxmaq haqqında heç düşünmürlər də. Sadəcə, bir ayağını Qərbdə saxlamaq erməni siyasətinin, xislətinin göstəricisidir və Rusiya bu xislətə çoxdan bələddir. Qərb erməni diasporasının təsiri ilə maliyyə yardımı göstərir və Rusiya bu işdən məmnundur, çünki əks halda gərək bu maliyyəni özü ağır iqtisadi durumda olan Rusiya ödəsin. Rusiya Ermənistana Qarabağ üçün lazımdır. Moskva ona görə də bu münaqişəni elə həll etmək istəyir ki, nə Azərbaycan ondan üz çevirsin, nə də Ermənistan ondan əlini üzsün”.
Rəsmi İrəvanın Rusiya-İran və Qərb arasında var-gəl etməsinə də ekspertimizin özəl yanaşması var: “Üç cinahda Ermənistanın yararlanmasına səbəb bu cinahların Türkiyə və Azərbaycana münasibətində çox maraqlarının üst-üstə düşməsidir. Qərb İranı sevməsə də, Ermənistanın onunla yaxınlaşmasının kökündə siyasi yaxınlıqdan çox, iqtisadi maraqların dayandığını, hətta bu yaxınlığın əlacsızlıqdan irəli gəldiyini yaxşı bilir. Ermənistan bizə və Türkiyəyə qarşı qeyd etdiyiniz üç cinahın əlində hələ uzun müddət alət olacaq. Buna son verməyin bir yolu var - Qarabağın işğalda qalan hissəsini Azərbaycan tezliklə nəzarəti altına almalıdır”.
Maraqlıdır ki, bu arada rus hərbçiləri Tavuş bölgəsində, Azərbaycanın Qazax rayonunun sərhədlərinə yaxın ərazidə yerləşib. Sanki İrəvanın Rusiya və KTMT ilə bağlı tirajladığı şantajı işə yarayıb. Eyni gündə də Ermənistanın müdafiə naziri Azərbaycan hərbçilərini öldürməyi əmr edib. Belə olan halda Rusiyanın mövqeyi nə ola bilər və böyük toqquşma ehtimalı nə qədərdir?
İ.İsmayıl: “Tavuş bölgəsində rusların yerləşməsi daha çox Qazaxın işğalda qalan anklav kəndləri ilə bağlı mümkün gəlişmələrlə əlaqəli ola bilər. Ermənilər sərhəddə qəsdən bizi qıcıqlandıran addımlar atırlar ki, cavabımız böyük olsun və Rusiya KTMT üzvü kimi müdaxilə etsin. Böyük toqquşma gözlənilmir”.
Ekspert ehtimal edir kəndlərin qaytarılması tezliklə baş verməyə bilər: “Sərt olmalıyıq və real hərəkətə keçməliyik. Gecikirik”.
E.Paşasoy,
“Yeni Müsavat”






