İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan pambıqçılığının son 4 illik inkişafı və Əli Kərimlinin nankorluqdan doğan korluğu

1981 16.11.2019 11:55 Yazarlar A A

Azərbaycan iqtisadiyyatının mühüm sahəsi kənd təsərrüfatı ilə bağlıdır. Ölkə əhalisinin 41%-nin kəndlərdə yaşaması aqrar siyasətlərin inkişaf etdirilməsini şərtləndirir. Aqrar inkişaf təkcə məşğulluq potensialımızı artırmaqla qalmır, həm də özü-özünə yetərlilik səviyyəmizi yüksəldir, ölkəmizə daha çox xarici kapital gətirir, ərzaq təhlükəsizliyimizi təminat altına alır və s.

Aqrar sektorumuzun əsas sahəsini isə pambıqçılıq təşkil edir; bu da səbəbsiz deyil. Nədən ki, dünyanın ən strateji kənd təsərrüfatı məhsulu sayılan “ağ qızıl” hər yerdə yetişmir. Dünyanın yalnız bir qurşağı var ki, pambıq yalnız həmin ərazidə bəhrə verə bilər. Allahın Azərbaycan xalqına bəxş etdiyi bəlkə də ən böyük nemətdir ki, bizim ölkəmiz də həmin qurşaqda yerləşir və iqlimimiz pambıqçılığın inkişafı üçün tam əlverişlidir. Belə ki, pambıqçılıq üçün yetərli orta tempraturla yanaşı, yağmurluluq intensivliyimiz də bu sektorun inkişafı üçün yaralıdır.

Azərbaycan hökumətinin xüsusilə 2016-cı ildən etibarən pambıqçılıq sahəsində yeni mərhələnin başlamasına start verməsi bu mənada təsadüfi deyildi və incə düşünülmüş aqro-strateji hədəflərdən biri idi. Son 3 ilin nəticələrinə nəzər salanda ölkəmizdə pambıqçılığın inkişafının hədəflənən xətt üzrə getdiyinin şahidi oluruq. Belə ki, 2015-ci ildə Azərbaycanda pambıq əkini sahələri 18,7 min hektar, məhsul istehsalı 35,2 min ton təşkil edirdisə, 2016-cı ildə əkin sahələri 2,7 dəfə artırılaraq 51,4 min hektara, məhsul istehsalı isə 2,5 dəfə artaraq 89,4 min tona çatdırıldı. Cəmi 2 ildən sonra bu sektor ərazi tutumu baxımından özünün ən yüksək həddinə yüksəldi. Ötən il ölkə üzrə 132,5 min hektar sahədə pambıq əkildi və bu sahələrdən 230,4 min ton xam pambıq yığıldı ki, bu da 2015-ci ilin göstəricisindən 6,54 dəfə çox idi. Bu il isə indiyədək açıqlanan rəsmi statistik rəqəmlər 33% daha az sahədə pambıq əkilməsinə baxmayaraq, yığılan məhsulun ötən illə müqayisədə daha yüksək olduğundan xəbər verir. 2019-cu ildə 100,1 min hektaradək əkin sahəsindən noyabrın 13-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 281 min 506 ton məhsul təhvil verilib. Bu da ötən illə müqayisədə 51.1 min ton – hardasa 23% artıq məhsul deməkdir.

Daha az sahədən daha çox məhsul götürmək, əlbəttə, məhsuldarlığın artması mənasına gəlir ki, bu da KTN-nin öz üzərinə düşən vəzifəni ləyaqətlə həyata keçirməsi deməkdir. Bu həm də ondan xəbər verir ki, KTN məhsuldarlığı az olan torpaqların əkin dövriyyəsindən çıxarmaq və məhsuldarlıq potensialı yüksək ərazilərdə bəzi müasir aqrotexniki tədbirlər görməklə bu işin öhdəsindən gəlib. Fermerlərin mətbuat açıqlamalarını incələdikdə görə bilərik ki, bu aqrotexniki tədbirlərə müasir gübrələmə texnologiyası, təbiətimizə uyğun toxum seleksiyası, ən yeni yığım texnikalarının alınması və aqroparkların inşa edilməsi daxildir. Özünün etirafına görə, bu il 135 hektar ərazidən 570 ton pambıq yığan fermer Əfras Əskərov əldə etdiyi uğurun səbəbini belə əsaslandırır: “Milyonlarla sərmayə qoyulur, ən müasir texnikalar alınıb. Hər il daha çox irəliləyiş əldə olunur. Misal üçün, əvvəllər əkin zamanı torpağa gübrə vermirdim, bu il amafos gübrəsini verdim və xeyrini görürəm. Bununla yanaşı, gövdə gübrələnməsini bu il tətbiq etmişəm və effekti olub”.

Bütün bu etiraflar onu göstərir ki, KTN-nin fermerlərə verdiyi dəstək və apardığı maarifləndirmə sayəsində Azərbaycan pambıqçılığı getdikcə dünyanın ən məhsuldar təsərrüfatlarına yaxınlaşır. Bu il qarşısına 25-28 s/ha məhsuldarlıq hədəfi qoyan Azərbaycan bu göstəricini ilbəil yüksəldərək yaxın dövrlərdə nəinki Prezident İlham Əliyevin dediyi kimi, SSRİ dövründəki 32 s/ha hədəfinə, hətta ən qabaqçıl pambıqçılıq ölkələrinin məhsuldarlıq səviyyəsinə - 50-55 s/ha-ya çıxara biləcək.

Təəssüf ki, Azərbaycanın aqrar sektordakı bu inkişafını görə bilməyən, daha doğrusu, gördüyü halda etiraf etməyən “siyasi xadimlər” də mövcuddur. Hələ də Karl Marksın “pambıqçılıq qul əməyidir” tezisindən kənara çıxa bilməyən bu adamlar son illər əldə olunan uğurları real vəziyyətə uyğun şərh etmək əvəzinə, köhnə nəzəriyyəni qır-saqqız kimi çeynəməklə məşğuldurlar. Onlar anlamırlar ki, Karl Marks o sözlərini deyərkən, pambıqçılar gübrələnməmiş torpaqlarda əl əməyi ilə məhsul toplayırdılar. Dolayısıyla, məhsuldarlıq aşağı düşür, böyük zəhmət bahasına yetişdirdikləri pambığın həcmi kimi qazancı da az olurdu. Böyük zəhmət bahasına əldə olunan cüzi qazanc həqiqətən də qul əməyi təəssüratı bağışlayırdı.
İndisə müasir texnologiyalar sayəsində pambıqçılar məhsuldarlıqlarını da, zəhmətlərinin keyfiyyətini yüksəldiblər. Heç uzağa getməyək, Azərbaycan fermerləri 2018-ci ildə istehsal etdiyi məhsulun 80%-dən çoxunu kombaynlarla yığmışdır. Geri qalan 20% isə, böyük ehtimalla, ikinci yığımda əl əməyinin istifadəsi zamanı toplanmışdı ki, bu da qul əməyi sayıla bilməz. Bu il pambıq yığımının təfsilatı açıqlanmadığından məhsulun nə qədərinin əllə, nə qədərinin isə texnika ilə yığıldığını aydınlaşdırmaq imkanımız yoxdur. Amma KTN-nin vaxtaşırı verdiyi məlumatlar texnikalarla yığımın daha da artırıldığını, bəlkə də 95%-ə yüksəldiyini göstərir. Əfras Əskərovun yuxarıda sitat gətirdiyimiz etirafları isə bu gün fermerlərimizin müasir gübrələmə texnologiyası ilə həm də məhsuldarlığı artırdığından xəbər verir. Deməli, Karl Marksın pambıqçılıq barədə dediyi fikirləri arxaikləşdiyi kimi, başda AXCP sədri Əli Kərimli olmaqla, onun kənd təsərrüfatı mütəxəssisi müavinlərinin şərhləri də bu günün analizi yox, keçmiş dövrlərin tarix araşdırmaçılığı təsiri bağışlayır.

Üstəlik, Azərbaycanın pambıqçılıq sektoru yalnız xammal bazarı olmaqla qalmaq fikrində də deyil. Prezident İlham Əliyevin uzaqgörənliyi və məsələyə kompleks yanaşması sayəsində Mingəçevir Sənaye Parkı inşa edilib və bu parkdakı fabriklərdə xammal hazır məhsula çevrilib, ölkəmizə daha çox qazanc gətirəcək. O zaman ölkə daxilində yanacaq rəqabət imkanları fermerlərimizə məhsullarını daha baha qiymətə satmaq fürsəti yaradacaq.

İnsana ən qəribə gələn isə AXCP sədrinin sovet dövründə Leninqradda kənd təsərrüfatı mütəxəssisi təhsili alan müavinindən çox, Əli Kərimlinin səsləndirdiyi fikirlərdir. Çünki savadı keçmişdə əzbərlədiyi kommunist ədəbiyyatlarından uzağa getməyən müavinini hardasa başa düşmək olar. Axı onun real vəziyyətdən çox da məlumatı yoxdur. Əli Kərimlinin atası Əmirhüseyn kişi isə bu gün də pambıqçılıqla məşğul olur. Oğlu kimi xaricdən qrant almaqla deyil, öz alın təriylə özünü və ailəsini dolandırır. AXCP sədri boş-boş cəfəngiyyatlar danışmaq yerinə, ağsaqqal atasının dolanışığı ilə maraqlansa, pambıqçılıq sahəsində ölkəmizin hansı məsafələr qət etdiyini daha aydın görə bilər. Üstəlik, onun pambıqçılarımıza atdığı çamur həm də öz zəhmətkeş atasına ünvanlanır. Baxmayaraq ki, halal çörəyini alın təriylə yoğuran bir fermer kimi Əmirhüseyn kişiyə ata çörəyinə kəm baxan oğlunun atdığı çamur yapışmaz. Bu, ancaq topuğa dəyən oğul nankorluğu kimi siyasi tariximizə düşə bilər.

Sonra Azərbaycan pambıqçılığının inkişafını görə bilməyən Əli Kərimliyə jurnalist Əliqismət Bədəlovun ötən ay qələmə aldığı “Radikal müxalifət böhtan və iftira püskürür” sərlövhəli yazısından bəzi fikirləri çatdırmaqla yazımızı tamamlamaq istəyirəm:
“Görünür, Əli Kərimlinin başı antiazərbaycan qüvvələrdən aldığı qrantlara necə qarışıbsa, atası Əmirhüseyn Kərimovun pambıq əkib-becərməsindən, baha qiymətə rayondakı pambıq emalı zavodlarına satmasından, pulunu yerindəcə almasından bixəbərdir. Axı, Əmirhüseyn kişi dövlətin ona verdiyi pay torpağında yetişdirdiyi pambıq məhsulundan nə qədər gəlir əldə etdiyini çox yaxşı bilir. Ona görə də növbəti ildə pambıq sahəsini bir qədər də genişləndirib. Bunu dəqiqləşdirmək üçün sadəcə onun Saatlı rayonunun Sarıcalar qəsəbəsindəki pambıq emalı zavodu ilə bağladığı müqaviləyə diqqət yetirmək kifayətdir. Neyləsin ki, oğlu onu eşitmir. Elə buna görə də Ə.Kərimlinin yaxın qohumları deyirlər ki, Allah Əlinin də qarşısına özü kimi oğul çıxartdı. İndi onun Londonda yaşayan oğlu da öz bildiklərini edir, gününü eyş-işrət məclislərində keçirməklə atasının üzünə ağ olmaqda Əli Kərimlini bir qədər də qabaqlayıb”.

Mürvət Həsənli, ADAM sədri

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR