İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan neftin 30 dollar qiymətinə hazırlaşmalı” - ekspert

Natiq Cəfərli: “Nəticə etibarilə manata basqılar arta bilər”

“Qara qızıl”ın qiyməti ilə bağlı dünya birjalarından gələn xəbərlər iqtisadiyyatı neftdən asılı olan dövlətləri yenidən narahat etməyə başlayıb. Belə ki, dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşır. “Brent” markalı neftin bir barelinin qiyməti 0,27 dollar geriləyərək 60,67 dollar, VTİ markalı neftin bir barelinin qiyməti isə 0,20 dollar ucuzlaşaraq 51,73 dollar təşkil edib.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 0,86 ABŞ dolları və yaxud 1,34 faiz ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,35 dollar təşkil edib. İqtisadiyyatı neftdən asılı olan ölkələrdən biri kimi Azərbaycan da neftin ucuzlaşan qiymətlərindən narahatlıq keçirməkdədir. Çünki cari ilin dövlət büdcəsi neftin 60 dollarlıq qiyməti üzərindən proqnozlaşdırılıb. Ekspertlər bu rəqəmi öncədən riskli hesab edirdilər. Artıq dünya bazarında neftin qiyməti bu kritik rəqəmə yaxınlaşmaqdadır. Bəs görəsən, ucuzlaşma davam edərsə, Azərbaycanın durumu necə olacaq?

“Yeni Müsavat”ın sualını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli   dedi ki, son iki ildə neft  bazarındakı qiymətlərin müəyyənləşməsinə iqtisadi amillər deyil, siyasi proseslər daha çox təsir göstərir: “OPEK 2017-ci ildə Rusiya ilə birgə  hasilatın azaldılması ilə bağlı qərar qəbul etdi. İlkin olaraq hasilatın 1,4 milyon barel azaldılmasına qərar verildi, sonra bunu 1,8 milyon barelə qədər artırılmasına qərar verdilər. Bu da neft bazarında sabitliyin yaranmasına və qiymətlərin yüksəlməsinə səbəb oldu. Ötən il biz neftin 86.5 dollara qədər bahalaşmasını gördük. Ancaq son vaxtlar baş verənlər onu deməyə əsas verir ki, OPEK və Rusiyanın hasilatın azaldılması yolu ilə qiyməti diktə etmək planı artıq getdikcə daha zəif təsir edir. Çünki digər ölkələr, xüsusən də ən böyük neft hasilatçısı olan ABŞ və Kanada hasilatın azaldılmasından faydalanmağa başlayıb. 2016-cı ildə OPEK və Rusiya bu barədə danışıqlara başlayanda, 2017-ci ilin əvvəlində bu barədə müqavilə imzalayanda Amerikada gündəlik neft hasilatı 8,5 milyon barel idi. Bu gün isə ABŞ-ın gündəlik hasilatı 12,5 milyon bareldir. Yəni Amerika dünyada ən çox neft hasil edən ölkəyə çevrildi. Dolayısı ilə  həm Rusiyanı, həm də Səudiyyə Ərəbistanını keçdi”.

N.Cəfərli onu da vurğuladı ki, artıq bəzi dövlətlər iqtisadiyyatlarını neftin 30 dollarlıq qiymətinə hazırlamaq üçün planlar düşünürlər: “Heç təsadüfi deyil ki, Rusiyanın Mərkəzi Bankı və İqtisadiyyat Nazirliyi birgə komissiya yaradıb, neftin qiymətinin 30 dollara düşəcəyi halda Rusiya iqtisadiyyatının buna necə dözəcəyi ilə bağlı ssenari hazırlayırlar. Yəni artıq gözləntilər də formalaşıb ki, neftin qiymətində ciddi endirimlər ola bilər. Bunun baş verməsi çox böyük ehtimaldır. Buna əks təsir edən yeganə amil yeni hərbi münaqişələr, geosiyasi gərginlik ocaqları ola bilər. Əgər belə hallar baş versə, o zaman neftin qiymətində artım ola bilər. Hamı anlayır ki, iqtisadi faktorlar önə çıxsa, neftin qiymətində ucuzlaşma olacaq”.

Neftin ucuzlaşacağı təqdirdə Azərbaycanın durumuna toxunan iqtisadçı bildirdi ki, artıq qiymətlər kritik həddə yaxınlaşır: “Azərbaycanın da əsas gəlir mənbəyi neftdir və qara qızıldan asılılığımız çox yüksək səviyyədədir. Azərbaycan dünyada neftdən ən çox asılı olan ilk 3 ölkədən biridir. İxracatımızın 91,5 faizini neft, neft məhsulları və təbii qaz təşkil edir. Belə olan halda, dövlət büdcəmizdə neftin qiymətinin 60 dollar götürülməsi çox kritik rəqəmdir. Hələlik, neftin qiyməti 60 dollardan az da olsa yuxarıdır. 60 dollardan aşağı düşdükcə, uzun zaman qiymətlər bu həddə qaldıqca Azərbaycan iqtisadiyyatına təsirləri getdikcə artacaq, ixracatın pul ifadəsində azalması, tədiyyə balansında mənfi saldonun yaranması müşahidə oluna bilər. Nəticə etibarilə manata basqılar arta bilər. Bu o zaman baş verə bilər ki, qiymətlər 55 dollar və ondan da aşağı düşsün  və bir müddət qalsın. Bu zaman ölkə iqtisadiyyatında ciddi dalğalanmaların olması gözləniləndir. Ancaq indiki halda hələ ki 60 dollar civarındadır. 58-59 dollarlıq qiymət belə kəskin təsir etməyəcək. Azərbaycanın gündəlik neft ixracatı təqribən 550 min bareldir. Neftin hər 1 dollarlıq ucuzlaşması 550 min dollar itki deməkdir. Aylıq 16-17 milyon dollar vəsait edir. İllik isə 200 milyon dollar azalma baş verir. Neftin  orta hesabla illik 10 dollarlıq ucuzlaşması gəlirlərimizin 2 milyard dollar azalması deməkdir ki, bu da kifayət qədər böyük rəqəmdir”.

Nərgiz LİFTİYEVA,
Yeni Müsavat

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2019

BÜTÜN XƏBƏRLƏR