İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan nə zaman özünü buğda ilə tam təmin edəcək? - RƏSMİ

1506 24.08.2019 08:05 İqtisadiyyat A A

KTN rəsmisi: “Üç ildə buğda idxalı 1,5 milyon tondan 1 milyon tona düşüb”

Bu ilin birinci yarısında Azərbaycan Qazaxıstandan 224,7 min ton buğda alıb. Minval.az-ın Qazaxıstan KİV-lərinə istinadən yaydığı məlumata görə, bununla da Azərbaycan Qazaxıstanın buğda ixracatında 3-cü yerə çıxıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin birinci yarısında Azərbaycan ümumilikdə xaricdən 130,1 milyon dollarlıq 576,5 min ton buğda idxal edib. Beləliklə də, Qazaxıstandan idxal Azərbaycanın ümumi idxalının 39 faizini təşkil edib.

Qeyd edək ki, son illərdə Azərbaycanın Qazaxıstandan buğda idxalında ciddi azalma müşahidə olunur. 2012-2013-cü illərədək ölkənin buğda idxalında Qazaxıstanın payı 70 faizdən yuxarı olub. Lakin ötən illər ərzində Azərbaycana buğda idxalında ağırlıq Qazaxıstandan Rusiyaya keçib. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə Azərbaycan Qazaxıstandan 233,6 milyon dollarlıq buğda idxal edib. 2017-ci ildə isə idxal 20 dəfədən də çox azalaraq cəmi 11,6 milyon dollar təşkil edib. Həcm ifadəsində  azalma 849 min tondan 62,3 min tona qədər olub.

Rusiyadan isə 2013-cü ildə 557,4 min ton olan idxal 2016-cı ildə 1,5 milyon tona çatıb. Bu prosesi şirkətlər Rusiyada qiymətin daha ucuz olması ilə əsaslandırırlar.  Belə ki, məsələn, 2016-ci ildə Rusiyadan buğdanın kiloqramı 18 qəpiyə, Qazaxıstandan isə 20 qəpiyə alınıb.

Ötən il Qazaxıstandan Azərbaycana 50 milyon 823,76 min dollar dəyərində 269,4 min ton yumşaq buğda və meslin, digərləri idxal olunub. Bu məhsulun Rusiyadan idxalı isə ötən il  776 min 587,2 ton (146 milyon 467,25 min dollar) təşkil edib.

Dövlət Statistika Komitəsinin açıqladığı ərzaq balansından aydın olur ki, Azərbaycanın buğdaya olan illik tələbatı 4 milyon ton civarındadır. Bunun 2,1 milyon tonu un və yarma istehsalında, 500 min tonu mal-qara və quş yemi kimi, 35-37 min tonu qarışıq yem istehsalında, 147 min tonu toxum üçün və sair istifadə edilir.

Ölkənin un və yarma istehsalı üçün yararlı buğdaya olan ehtiyacı əsas etibarilə idxal hesabına təmin olunur. Belə ki, Dövlət Gömrük Komitəsinin statistikasına görə, bu ilin 7 ayında Azərbaycana 145 milyon 789.02 min dollar dəyərində 653 min 228.08 ton buğda idxal olunub. Ötən ilin eyni dövründə idxal 106 milyon 45,92 min dollar dəyərində 598 min 424.67 ton olub. Lakin maraqlıdır ki, illik hesabıyla götürdükdə, son 3 ildə buğda idxalının azaldığı görünür. Belə ki, 2016-cı ildə Azərbaycan xaricdən 1 milyon 599 min 599 ton, 2017-ci ildə 1 milyon 274 min 434.18 ton, 2018-ci ildə isə 1 milyon 80 905.51 ton buğda alıb. İllik azalma 200 min ton civarındadır.

Onu da bildirək ki, ərzaq təhlükəsizliyi baxımından hər bir ölkə buğda ilə təminatı yerli istehsal hesabına həyata keçirməyə çalışır. Azərbaycanda da uzun illərdir keyfiyyətli buğda istehsalının təmin olunması istiqamətində addımlar atılsa da, bu sahədə irəliləyişi ciddi uğur hesab etmək olmaz. Hələ də ölkədə istehsal olunan buğdanın əhəmiyyətli hissəsi un istehsalında istifadəyə yararsızdır.

Məlumat üçün qeyd edək ki, yerli buğda istehsalı 2018-ci ildə 1 milyon 991 min 683 ton təşkil edib. 2016-2017-ci illərdə isə istehsal 1,8 milyon civarında olub.  Bu il 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib. Bunun 670 min hektarını buğda, 342 min hektarını isə arpa əkini təşkil edib. Bu əkin sahələrindən ümumilikdə 3,2 milyon ton arpa və buğda əldə edilib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin dediyinə görə, hökumət idxalın yerli istehsal məhsulu ilə əvəz olunması üçün ciddi tədbirlər həyata keçirir: “Əvvəla, qeyd edim ki, 2016-cı ildən etibarən buğda idxalında davamlı azalma var: 1,5 milyon tondan 1 milyon tona düşüb. Bizim gözləntimiz budur ki, bu il idxal ən pis halda 2018-ci il səviyyəsində qalacaq, yaxşı halda isə azalma davam edəcək. Bu il yaxşı əlamətdir ki, buğda emalı müəssisələri yerli məhsulun alışını xeyli artırdılar. Nəticədə əvvəllər məhsul yığılandan 2 ay sonra formalaşan qiymətlər bu il elə yığım vaxtı qeydə alındı. Yəni əvvəllər məhsul yığımı vaxtı qiymət 20-25 qəpik olurdu, 2 aydan sonra 35-40 qəpiyə qalxırdı, bu il isə elə yığım vaxtı qiymət 30-35 qəpiyə yüksəldi. Bu, istehsalçılar üçün çox böyük stimuldur ki, gələn il aqrotexniki qulluq səviyyəsini yüksəltməklə məhsuldarlığı artırsınlar”.

Mərkəz direktorunun sözlərinə görə, bu il buğda istehsalında 7 faizə yaxın artım var - 2,2 milyon tona çatıb: “Keyfiyyətin getdikcə yüksəldilməsi imkan verəcək ki, ərzaq buğdasına olan tələbatın getdikcə daha çox hissəsi yerli istehsal hesabına təmin olunsun. Gözləntilərimizə görə, təxminən 5 ildən sonra idxal tam məhdudlaşacaq. Bunun üçün bir sıra mühüm addımlar atılır. Məsələn, zərərvericilərə, xəstəliklərə qarşı mübarizə buğdanın keyfiyyətinə birbaşa təsir edən amillərdəndir. Artıq dövlət bunun üçün zəruri olan pestisidlərlə təchizatda da fermerlərə dəstək verməyə başlayıb. Bu isə zərərvericilərə, xəstəliklərə qarşı daha effektiv mübarizə aparılmasını təmin edir. Nəticədə fermerlər daha keyfiyyətli məhsul əldə edə bilirlər. İkinci məsələ keyfiyyətli toxumdan istifadədir. Bizim bir çox fermerlərimiz toxum kimi öz becərdiyi məhsuldan istifadə edirlər. Bu isə həm keyfiyyəti, həm məhsuldarlığı aşağı salır. Gələn ildən tətbiq olunacaq susbsidiya mexanizmi fermerləri yüksək səviyyəli toxumlardan istifadəyə stimullaşdıracaq. Belə toxumla təchizatda da dövlət fermerlərə dəstək verəcək. Yəni dövlət keyfiyyətli buğda istehsalını artırmaq üçün kompleks dəstək tədbirləri həyata keçirir və artıq bu sahədə ciddi nəticələr əldə olunmaqdadır”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR