Azərbaycan müxalifətinin beynəlxalq əlaqələri, xarici ölkələrin, eləcə də qonşu respublikaların iqtidar və müxalifət partiya liderləri ilə siyasi münasibətləri demək olar ki , sıfıra bərabərdir. Müxalifət liderlərinin iqtidar iddiaları olduğunu nəzərə alsaq, əslində hakimiyyət qədər, müxalifətin də xarici əlaqələri olmalıdır. Azərbaycan müxalifəti isə bu sahədə demək olar ki, çox zəif işləyir. Beynəlxalq təşkilatlarla, qonşu Rusiya, Türkiyə , İran siyasi liderləri ilə dostluq münasibətləri olan müxalifət lideri demək olar ki, yoxdur.
Bəs, görəsən müxalifətin bu sahədə zəif olmasının səbəbi nədir? partiya liderlərinin xaricdə hansı dostları var?

“Yeni Müsavat”ın suallarını cavablandıran KXCP lideri Mirmahmud Mirəlioğlu Rusiya və İranın Azərbaycanla düşmən münasibətdə olduğunu və bu baxımdan o ölkə ilə heç bir dostluq əlaqələri qurmaq istəmədiyini qeyd etdi: “Azərbaycanın bəxti elə gətirib ki, onun yaxın qonşuları əsasən düşmən mövqedədir. Hakimiyyətdə olanlar onlarla dostluq, qardaşlıq, qonşuluq münasibətlərini əsas şüar kimi götürürlər və rəhbər tuturlar. Ancaq bilirsiniz ki, 23 il öncə biz Əbülfəz Elçibəyin rəhbərliyi ilə rus qoşunlarının Azərbaycandan çıxarılmasına nail olmuşuq. İndi Rusiya ilə bizim hansı əlaqələrimiz ola bilər? Biz düşmən münasibətlərdə olan ölkələrik, istər Qarabağ məsələsində, istər informasiya müharibəsində... İranla da bizim münasibətlərimiz bəllidir. Azərbaycanın Güneyinin böyük bir hissəsi İranın tərkibindədir. 50 milyonluq xalqın böyük bir hissəsi Güneydədir. Onların orada nə məktəbi, nə mətbuatı var. Onlara orada göstərilən münasibət bəllidir. Bu ölkə İran İslam Cümhuriyyəti adlanır, ancaq orada bütün məsələlər anti –islam xarakterlidir. Bizim onlarla hansı dostluq münasibətlərimiz ola bilər? Həm İranla, həm Rusiya ilə münasibətləri olanlar var. Onlar da həmin dövlətlərin buradakı emissiarları rolunu oynayırlar. İran və Rusiyanın bütün siyasətçiləri, bütün vətəndaşları hər şeydən öncə rusdurlar, farsdırlar. Azərbaycanı məhz Rusiya ilə İran bölüb. Bunu unutmaq lazım deyil”.
Türkiyəyə gəlincə, M.Mirəlioğlu bu dövlətlə daha sıx əlaqələrin olmasının vacibliyini qeyd elədir: “Bizim Türkiyə ilə tarixən dostluq, qardaşlıq münasibətlərimiz olub. Bu münasibətlər bu gün də var və iqtidar səviyyəsində bir cür, müxalifət səviyyəsində başqa cür qurulub. Bizim Türkiyənin siyasi partiyaları ilə əlaqələrimiz var. Əsasən Milliyyətçi Hərəkat Partiyası ilə münasibətlərimiz var və bu münasibətlərin özülü Əbülfəz Elçibəy zamanında qoyulub, bu gün də davam edir”.
Ümid partiyasının sədri İqbal Ağazadə isə daha çox Türkiyənin siyasi liderləri ilə münasibətlərinin olduğunu bildirdi: “Mənim Türkiyənin istər hakim partiyası ilə, istər müxalifət partiyalarından Cümhuriyyət Xalq Partiyası ilə, Milliyyətçi Hərəkat Partiyası ilə də isti münasibətlərim var. Ancaq Türkiyə-Azərbaycan münasibətləri həmişə fərqli şəkildə formalaşıb. Türkiyə üçün hakimiyyətdə kimin olmasından asılı olmayaraq, əsasən Azərbaycan dövləti önəmlidir.
Türkiyədən fərqli olaraq, İran və Rusiya ilə əlaqələrim yoxdur. Onun da özəl səbəbləri var ki, biz Azərbaycanın Rusiya və ya İranla münasibətlər sistemində hər zaman fərqli mövqe sərgiləmişik. Bu da Rusiya və İranın xoşuna gəlməyib. İran və Rusiya demokratik ölkə olmadığına görə, orada normal fikirdə olan bir dənə partiya olmadığına görə, bizim onlarla münasibətlərimiz yoxdur. Əgər Rusiya və İran demokratik ölkə olsaydılar, orada bizimlə eyni siyasi xətti bölüşən müxalif partiyalarla əlaqələrimiz olardı. Hətta Rusiyanın özündə demokratik dünyaya inteqrasiya ilə bağlı fikirlər səsləndirilsə də, sonra onların imperiya maraqları üstün gəlir”.
Bəs, görəsən qeyd olunan məsələləri əsas gətirərək, Türkiyə istisna olmaqla, digər qonşu dövlətlərlə münasibət qurmayan müxalifət liderləri prezident seçiləcəkləri təqdirdə, Azərbaycanı bu ölkələrdən təcrid edib düşmən münasibət bəsləyəcəklərmi?
Bu sualı cavablandıran İqbal Ağazadə bildirdi ki, prezidentlik məsuliyyəti ilə müxalifətçilik rəyi arasında kəskin fərq var: “Müxalifət olanda deyəcəyin sözlərlə, iqtidar olanda atacağın addımların arasındakı fərqi biz bilirik. Ona görə də, bu qorxulu tendensiya deyil. Təbii ki, biz yaxın qonşularımızla yaxşı münasibətdə olmağın tərəfdarıyıq. Maraqlarımızın təmin olunması üçün bu vacibdir. Başqalarının da, özümüzün də bu sahədəki imkan və potensialımızı bilirik. Bu gün müxalifət olaraq, bu şəkildə yanaşırıqsa, iqtidar olanda bu dəyişə bilər”.

ADP sədri Sərdar Cəlaloğlu isə Azərbaycan siyasi sisteminin onlara bu imkanı tanımadığını diqqətə çatdırdı: “Söhbət təkcə bizim xarici əlaqələrdən getmir. Azərbaycanda siyasi sistem totalitar olduğuna görə, partiyaların inkişafı üçün stimul yoxdur. O cümlədən partiyaların xarici əlaqələrini qurmaq üçün ilk növbədə maliyyə imkanları tələb olunur. İkincisi, ölkənin siyasi həyatında o qədər ciddi iştirak etməlisən ki, xaricdə də sənə ciddi münasibət olsun. Azərbaycan siyasi həyatında isə bu mümkün deyil. Bizim ölkədə siyasi sistem elə qurulub ki, partiyaların heç bir önəmi yoxdur. Ona görə də, xarici ölkələrdə bizim siyasi partiyalara elə də maraq yoxdur”.
Nərgiz LİFTİYEVA, musavat.com