İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan məktəblərində hicab qadağası yoxdur, amma...

3670 21.11.2017 10:40 Ölkə A A

Cəsarət Valehov: “Geyim tədrisin aparılmasına maneçilik törədə bilməz”

İngiltərə məktəblərindəki hicablı qızlar sorğu-sual olunacaq. Bu barədə BBC “The Independent” saytına  istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, Britaniyanın təhsil müfəttişləri ibtidai məktəbə hicabla gələn müsəlman qızlarını sorğu-sual edəcək. Qızların bu barədə verdikləri izahat məktəbin hesabatlarında qeyd olunacaq.

Belə bir izahatlara ehtiyac isə bir çox qızların hicablanmağa məcbur edildiklərinə dair məlumatlardan doğub. Baş məktəblər müfəttişi Amanda Spielman bu barədə qərarı bazar günü elan edib. O deyib ki, məktəblər qızlara dərslərə yalnız dini geyimdə gəlməyi tapşırmış olduqları halda qanunları pozmuş ola bilərlər. Bir sıra ekspertlər bildirirlər ki, belə az yaşlarından qızların hicab geyinməsi onların erkən seksuallaşdırılması kimi də qəbul edilə bilər. Çünki qızlara hicab geyindirilməsi onların yetkinlik yaşına çatmasından sonra yad kişilərdən qorunması üçün edilir.

“The Sunday Times” qəzeti üçün keçirilmiş sorğunun nəticələrinə görə, İngiltərədəki 800 ibtidai məktəbin 18 faizində hicab məktəbli formasının bir variantı kimi qəbul edilir. Bundan əvvəl Milli Dünyəvilik Cəmiyyətinin apardığı sorğu İslam məktəblərinin, 27 ibtidai məktəb də daxil, 42 faizində hicabın icbari məktəbli forması kimi qəbul edildiyini göstərmişdi.

Qeyd edək ki, son illərdə bir çox ölkələrdə məktəbli qızların dərsə hicabla gəlməsi qadağan olunub. Məsələn, ötən ilin oktyabrında Qazaxıstanda bununla bağlı qərar qəbul edilib. Ölkənin Təhsil və Elm Nazirliyi bildirmişdi ki, məktəblərdə bu və ya digər dinin birbaşa təbliğatı yolverilməzdir. Təhsil və elm naziri bildirmişdi ki, “dini atributların, geyimin, baş örtülərinin (hicab, papaq) geyinilməsinə indiyə qədər yol verilməyib, bundan sonra da bu, yolverilməz olacaq”.

Bu ilin oktyabrında isə Tacikistanda təhsil nazirliyi məktəbli qızlara hicab geyinməyi, oğlanlara isə saqqal saxlamağı qadağan etdi. Həmçinin nazirliyin qərarı ilə qızların dar şalvar, qısa geyimlər geyinməsi, parlaq makiyaj etməsi də qadağan olunub.

Türkiyədə isə əksinə, bir neçə il öncə hicablı şagirdlərin təhsil alma hüququnu məhdudlaşdıran hicab qadağası ləğv edilib. Azərbaycana gəldikdə isə xatırladaq ki, 2010-cu ildə sabiq təhsil naziri Misir Mərdanov məktəblilərin dərsə hicabla gəlməsini qadağan etmişdi. Onun jurnalistlərə verdiyi açıqlamadan sitat: “Azərbaycanın dövlət məktəblərində təhsil alan şagirdlər məktəbdə məktəbli formasında olmalıdırlar. Lazım gələrsə, biz məktəbə məktəbli formasında gəlməyən şagirdləri dərsə buraxmayacağıq”.

Sabiq nazirin bu qadağası zamanında etirazlara səbəb olmuşdu. Hətta bu qadağa bəzi dindarların Təhsil Nazirliyi qarşısında etiraz aksiyası keçirməsinə gətirib çıxartmışdı.

Bəs hazırda vəziyyət necədir? Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov  sualımıza bu cür cavab verdi: “Bununla bağlı məktəblərin daxili nizamnaməsi var. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş ”Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümumtəhsil məktəblərində təhsil alanların geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur. Buna uyğun olaraq həmin prosesə nəzarət də məktəbin özü tərəfindən həyata keçirilir. Yəni məktəblilərin geyimi həmin daxili nizamnamə ilə müəyyən olunur. Geyim tədrisin aparılmasına maneçilik törədə bilməz".

Xalidə GƏRAY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR