İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Kommunist partiyası özünü buraxdı - SON BƏYANAT

1646 04.05.2023 17:00 Siyasət A A

Azərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb. 

Musavat.com xəbər verir ki, bu, Hacı Hacıyevin sədrlik etdiyi, 1993-ci ildən fəaliyyət göstərən və 1994-cü ildə rəsmi dövlət qeydiyyatına alınan Azərbaycan Kommunist Partiyasıdır. Partiya öz fəaliyyətini dayandırmaqla bağlı bəyanat qəbul edib.

Musavat.com-a eksklüziv olaraq göndərilən bəyanatın mətnini olduğu kimi təqdim edirik:

"Azərbaycanda uzun illər mövcud olmuş və cəmiyyətin rifahına xidmət etmiş kommunizm ideyalarını davam etdirmək düşüncəsində olan insanların 1993-ci ildə təsis etdiyi, 02.03.1994-cü ildə rəsmi dövlət qeydiyyatına alınmış Azərbaycan Kommunist Partiyası 30 il ərzində əzmkar siyasi mübarizə yolu keçmişdir. Ölkədə baş verən siyasi proseslərdə aktiv iştirak edən Azərbaycan Kommunist Partiyası Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmuş və bələdiyyə seçkilərində seçicilərin etimadını qazana bilmişdir. Bunun əsas səbəbi Partiyanın daim dövlətçiliyi dəstəkləməsi, əhalinin sosial problemlərinin həllinə çalışması, kommunist əqidəsində olan insanların arasında nüfuz sahibi olması və fəhlə-kəndli sosial qrupunun hüquqlarını daim müdafiə etməsi olmuşdur.

Azərbaycan Kommunist Partiyası bu gün ölkəmizdə həyata keçirilən demokratikləşmə prosesinə və ölkədəki siyasi qüvvələr arasında dialoq mühitinin yaradılması təşəbbüslərinə müsbət yanaşmış və daim bu proseslərin aktiv iştirakçısı olmuşdur. Bu gün Prezident İlham Əliyevin böyük qətiyyət və müdrikliklə həyata keçirdiyi dövlət siyasəti ölkəmizi özünün ən qüdrətli zamanına gətirib çıxarmışdır. Ölkə əhalisinin sosial rifahına xidmət edən bu siyasət, istər iqtisadi, istər hərbi, istərsə də beynəlxalq tərəfdaşlıq baxımından dövlətimizə böyük uğur və nüfuz qazandırmışdır. Uzun illər ərzində işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunması, bütün sərhədlərimiz boyu bayrağımızın dalğalanması, azad edilən torpaqlarda aparılan quruculuq işləri, soydaşlarımızın öz doğma yurdlarına geri dönməsinin təmin olunması Prezident İlham Əliyevin siyasətinin gücünün göstəricisidir. Qeyd etmək istərdik ki, Vətən müharibəsi zamanı və ondan sonra dövlətçiliyimizin müdafiəsi üçün mütərəqqi siyasi partiyaların birgə bəyanatlarına qoşulan Azərbaycan Kommunist Partiyası Vətənimizin sülh və əminamanlıq şəraitində yaşaması, xalqımızın rifahının yaxşılaşması naminə daim öz mövqeyini ortaya qoymuşdur.

Bu gün hər kəs kimi biz kommunist əqidəli insanlar da ölkəmizdə gedən dərin islahatlar prosesini aydın şəkildə müşahidə edir və dövlətimizin əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, fəhlə və kəndilərin hüquqlarının təmin olunması, onların dövlətin himayəsinə alınması, kəndlilərə yönəlik mütərəqqi sosial-iqtisadi tədbirlərin görülməsi və başqa bu kimi islahatları yüksək dəyərləndiririk. Azərbaycan dövlətinin inkişafı insanlarımızın da inkişafına gətirib çıxarır. Bu səbəbdən dünyada olduğu kimi, ölkəmizdə də siyasi sistemlərin təmərküzləşməsi, bir-birinə inteqrasiyası baş verir. Bu dünyada inkişaf etməkdə olan ölkələrə yönəlmiş təhdidlərin azalmasına, dövlətin öz suverenliyini qoruyub saxlamasına birbaşa xidmət edir. Biz də düşünürük ki, hazırda dövlətimizin daha da güclənməsinə, insanlarımızın əqidə birliyinə, ölkəmizin sosialyönümlü inkişafına hər bir addımda dəstək olmalıyıq.

Ölkəmizdə aparılan islahatların bir istiqaməti də partiyaların fəaliyyətinin daha da güclənməsinə, bu partiyalar arasında real sosial bazaya sahib olanlarının öz fəaliyyətini daha da gücləndirməsinə yönəlib. Yeni dövrün tələblərinə uyğun şəkildə fəaliyyət göstərmək üçün Azərbaycan Kommunist Partiyası kifayət qədər sosial bazaya və imkanlara sahib deyildir. Bunu nəzərə alaraq və insanlarımızı dövlətçiliyimiz naminə əqidə birliyinə dəvət edərək Azərbaycan Kommunist Partiyası öz hüquqi fəaliyyətini sona çatdırmağı qərara almışdır. Bu qərar hər bir üzvümüzün yekdil səsi ilə qəbul edilmişdir.
Hər bir kommunist əqidəli üzvümüzə öz fəaliyyətlərində uğurlar arzulayırıq".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR