Bu günlərdə elektron mediada olduqca maraqlı və sensasion xəbər yayıldı. Xəbərdə bildirilirdi ki, İslandiyanın hakimiyyət orqanları island qızlarla evlənməyə qərar verən immiqrant kişilərə 5000 ABŞ dolları (ISK 608,000, EUR 4500) dəyərində birdəfəlik müavinət ödəmək fikrindədir. Çünki İslandiyada kişilərin sayı az olduğundan, qızlar ərə getmək imkanından məhrumdurlar.
Lakin sonradan bu xəbərin yalan olduğu ortaya çıxdı. İslandiya Xarici İşlər Nazirliyi hökumətin onların qadınları ilə evlənmək istəyən xarici kişilərə maliyyə kompensasiyası təklif etməsi xəbərini təkzib etməli oldu.
Bununla belə, hər halda futbol üzrə Avropa çempionatından sonra “qoca qitənin” bu buzlu, həm də qaynar ölkəsi diqqətləri özünə cəlb edə bildi.
Bu səbəbdən şairlərin dili ilə desək, Avropanın bu dilbər guşəsi haqqında musavat.com olaraq məlumat vermək qərarına gəldik.
Atlantik okeanının şimal hissəsində yerləşən ada dövləti olan İslandiya adasından və ətrafındakı bir neçə kiçik adalardan ibarətdir, ərazisi 103 min kv. km-dir.
İslandiyanın şimaldan Qrenlandiya, şərqdən İsveç və Norveç, cənubdan isə Böyük Britaniya ilə su sərhədi var. İslandiyanın yerləşdiyi ada vulkanik mənşəlidir. Adada gündəlik şəkildə vulkan püskürmələri baş verir. İslandiyaya ən yaxın quru ərazisi Danimarka tabeliyində olan Qrenlandiyadır, onlar arasında məsafə 350 km-dir. Digər dövlətlərlə olan məsafə Norveçlə 1050, Şotlandiya ilə 800 km təşkil edir.
İslandiyanın paytaxtı Reykyavik şəhəridir. 120 min nəfər əhalisi olan şəhər İslandiyanın ən böyük şəhəri hesab olunur. Şəhərdə iyul ayında temperatur +20, yanvarda isə 0 dərəcə təşkil edir. İslandiya əhalisinin 98%-ni islandlar təşkil edir. Onlar 10 əsrdir ciddi dəyişikliklərə məruz qalmayan island dilində danışırlar.
İslandiya qədim tarixə sahib ölkə hesab edilir. IX və X əsrlərdə, əsasən norveçlilər tərəfindən məskunlaşmalar başlanıb. İslandların Xristianlıq dinini qəbul etməsi 1000-ci ildə baş verib. 1262-ci il uniyasına əsasən İslandiya Norveçdən tam asılı vəziyyətə düşür. 1380-cı ildə İslandiya, Norveç və Danimarka arasında üçtərəfli uniya imzalanır.
1537-ci ildə krallıq funksiyasını itirən Norveç eyni zamanda İslandiya üzərində olan hüquqlarından da məhrum olur və bununla da İslandiyanın idarəsini Danimarka tək başına icra etməyə başlayır. Danimarkanın İslandiyada Lüteranlıq məzhəbini rəsmi din kimi tətbiq etməsi ilə İslandiya müstəqilliyini tamamilə itirib. 1551-ci ildə zor gücü ilə islandlara protestantlıq qəbul etdirilir. İslandiya adası hətta 26 gün müddətində Osmanlı imperiyası tərəfindən idarə edilib. 1627-ci ilin 20 iyun və 16 iyul tarixləri arasında adaya gələn türklər 400 nəfərlik island əsirləri və ərzaq yüklü gəmi ilə birlikdə Əlcəzairə qayıtmışlar.
1843-cü ildə dünyanın ilk parlamenti olan altinq yenidən formalaşdırılır. İkinci dünya müharibəsi illərində təhlükəsizlik adı ilə İngiltərə tərəfindən ada işğal edilir. 1941-ci ildə adanın idarə edilməsi Amerika Birləşmiş Ştatlarına keçir və İslandiya ilə olan münasibətlərini dondurduğunu elan edir. 1944-cü ilin 17 iyun tarixində İslandiya rəsmən müstəqil dövlət olduğunu elan edir. İslandiyanın ilk müstəqilliyini tanıyan dövlət Amerika Birləşmiş Ştatları olur. İslandiya 1949-cu ildən NATO üzvüdür.
İslandiya parlament-prezident respublikasıdır. İslandiya parlamenti Altinq 63 deputatdan ibarət olub, dünyanın ən qədim qanunverici orqanı sayılır. İslandiyanın inanclı kəsiminin 71 faizi xristian (Lüteran kilsəsi), 12 faizi isə qədim Skandinav bütpərəst dini “Asatrua”ya etiqad edir. İslandiya iqtisadiyyatı əsasən, balıqçılıq, kənd təsərrüfatı, bank xidməti, dağ sənayesi, turizm üzərində qurulub.
Bütün bunlar ümumi şəkildə verilən rəsmi məlumatlardır.
Lakin oxuculara İslandiyanın daxili həyatına məxsus bəzi maraqlı informasiyaları da çatdırmaq istərdik.
İslandiyada yaşamaq, necə deyərlər, hər oğulun işi deyil. Burada ərzaq qiymətləri çox bahadır.
Məsələn, südün bir litri 1 avrodan az deyil, bir kiloqram kartofun qiyməti isə azı 2 avrodur. Ət qiymətləri lap fantastikdir. 1 kq donuz ətinin qiyməti 14 avro, toyuq ətinin qiyməti isə 17 avrodan az deyil.
İslandiya yeganə ölkədir ki, burada restoranda yeməyi kreditə verirlər. Çünki adi nahar yeməyi bu ölkənin restoranlarında 100 avrodan baha qiymətə başa gəlir.
İslandiya şimal ölkəsi olduğu üçün burada spirti içkilər əhali arasında çox populyardır. İslandlar səhərə qədər “vurmaqla” tanınan millətdir.
Lakin bunun üçün sadə island vətəndaşı adi şəraba görə cibindən 15-18 avro, pivəyə görə isə 4 avrodan çox pul çıxarmalıdır.
Tərəvəz və göyərti İslandiyada ərzaqdan az qiymətdə dəyərləndirilmir. Belə ki, burada tərəvəzlər ancaq istixanalarda yetişdirilir.
Tərəvəz dükanları küçədə yerləşir və... bunların qarşısında heç bir satıcı olmur. Hər bir dükanın qabağında tərəvəzin qiyməti yazılıb, adamlar əllərində qutularla gəlir, pulu xüsusi pul qutusuna buraxır və tərəvəzini götürüb aparır.
İslandiyada qapını bağlamaq adəti yoxdur. Naməlum adam küçədə azarsa, onu evə dəvət edir, yaxşıca yedizdirib içirirlər və hətta yatmaq üçün yer təklif edirlər.
Belə baxanda İslandiya olduqca liberal ölkə sayılır. Yuxarıda deyildiyi kimi, evlərin qapısı bağlanmır, ölkənin ordusu yoxdur. İnsanlar öz fikirlərini, hətta seksual orientasiyalarını sərbəst şəkildə nümayiş etdirə bilirlər.
Lakin bütün bunlarla bərabər, İslandiya olduqca mühafizəkar ölkə sayılır.
İslandiyada xarici vətəndaşlara yaşamaq üçün icazə almaq çox çətindir. İslandlar öz dillərinə yad sözlərin daxil olmasına olduqca həssasdırlar. Yeni bir sözün daxil edilməsi üçün xüsusi dil komissiyası yaradılır.
Demək olar ki, heç bir islandiyalının soyadı yoxdur. Hər bir islandiyalı anadan olandan ad və ata (bəzən ana) adı ilə çağırılır. Məsələn, İslandiyanın prezidentinin adı Oulavur Raqnar Qrimmson - yəni Oulavur Raqnar Qrimin oğludur.
İslandiya Avropanın ən inkişaf etdiyi yerlərdən biri olsa da hələ də Avropa Birliyinin üzvü deyil.
İslandiyada xidməti personala və ofisiantlara çay pulu vermək təhqir hesab edilir.
İslandlar olduqca zəhmətkeşdir.
Bir insan müxtəlif məsləklərdə çalışa bilir. Hər bir island özünü dahi rəssam və yaradıcı adam hesab edir.
Məsələn, İslandiya yığmasının qapıçısı Hannes Tour Hauldorrson həm də məşhur klipmeykerdir. O, sonuncu “Avrovizyon” musiqi yarışmasında İslandiyanı təmsil edən qrupun klipini çəkib.
İslandiya ilə bağlı maraqlı faktlar bununla bitmir.
Ölkə qanunlarına görə hakimiyyətdə olan prezident seçkilərdə yeganə namizəd olarsa, o, seçki keçirilmədən avtomatik olaraq növbəti müddətə dövlət başçısı elan edilir.
Reykyavik dünyanın ən şimalda yerləşən paytaxtıdır.
İslandiyadakı Vatnayekyudl buzlağı Avropanın ən böyük buzlağıdır.
Ölkə ərazisinin 10 faizi daimi buzlaqlarla örtülüdür.
Qekla vulkanı Avropada ən böyük vulkandır.
Detifoss Avropada ən böyük şəlalədir. Onun hündürlüyü 40, eni isə 100 metrdir.
İslandiyanın ən uzun çayı Tursaudur. Onun uzunluğu 237 kilometrdir.
İslandiya, dünyada ən az müsəlman yaşayan ölkələrdən biridir. 2013-cü il statistikasına görə, ölkədə 770 müsəlman yaşayır.
İslandiya əhalinin gəlirinə görə dünyanın ən zəngin dövlətlərindən biri sayılır. Burada hər bir adama düşən illik gəlirin miqdarı 45 min avrodan az deyil.
Hazırladı: Vaqif Hüseyn