İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan jurnalistlərinin “səviyyə” diskussiyası

920 13.02.2014 08:10 Media A A

Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynli “Hyatt Regency” hotelində “Rəqəmsal hüquqlar - perspektivlər və reallıqlar” adlı konfransda qeyri-adi açıqlaması ilə gündəmə gəlib. Azərbaycanda dövlət başçısı İlham Əliyevdən müsahibə alacaq səviyyədə medianın olmadığını deyən QHT rəhbərinin bu sözləri dünən sosial şəbəkədə və bəzi media orqanlarında müzakirələrə səbəb olub.

V.Hüseynlinin bu sözlərini jurnalistlərə, ümumən isə mediaya sayğısızlıq kimi qiymətləndirənlərlə yanaşı, “ölkədə reket jurnalistlərin sayı həqiqi jurnalistlərin sayından çox olanda belə mənzərə yaranıb” deyənlər də tapıldı. 


“Yeni Müsavat”a açıqlamasında V.Hüseynli fikirlərinin yanlış anlaşıldığını bildirdi. Onun sözlərinə görə, sözügedən tədbirdə Azərbaycan mediasının vəziyyəti müzakirə olunub və bəziləri tənqid hədəfi olaraq iqtidarı göstərib. Müsahibimiz 11 il jurnalistikada olmuş bir vətəndaş və hazırkı QHT rəhbəri kimi orada bu məsələ ilə bağlı fikirlərini çatdırıb: “Bizim media özünü inkişaf etdirmək yerinə günahını onda-bunda görüb hər zaman. Mən orada bu fikirləri deyəndə ”Azadlıq" qəzetinin redaktoru Rahim Hacıyev cavab verdi ki, prezident "Eurovision ərəfəsində xarici jurnalistlərin suallarına cavab verə bilməyib. Mən ona cavab verdim ki, İlham Əliyev o boyda dünya mediasına açıqlama verib. Azərbaycan mediası isə onu tənqid edir, barəsində yanlış xəbərlər yazır, sonra təkzib verir. Amma bununla belə, prezident hər zaman onlarla görüşür, onların problemlərini dinləyir. Təəssüf ki, mənim o dediklərimi montaj ediblər". 

V.Hüseynli Azərbaycanda güclü qələm sahibi olan jurnalistlərin var olduğunu dedi. Onun sözlərinə görə, bir yazıları ilə bir çox mətləblərə işıq salan jurnalistlərdən fərqli olaraq əksər saytların fəaliyyəti jurnalistika deyil: “Bir çox saytların fəaliyyəti başqa saytdan xəbərləri köçürmək, copy-past etməkdir. Bütün gün sosial şəbəkədə redaktorların bu məsələ ilə bağlı narazılıq statusları yer alır ki, bəs filan sayt bizim xəbərləri oğurlayır, istinadsız verir. Ya da xəbərin başlığına iki məmurun adı çıxarılır, amma yazının içində bu məmurlar barədə heç nə yoxdur. 10 ildir ”filan nazir vəzifədən göndəriləcək" tipli xəbər yazan, amma bu xəbəri təsdiqlənməyən media orqanına mən niyə ciddi yanaşmalı, gündə 40 qəpik verib onu almalıyam? Diskussiya getdiyi bir zamanda insan emosiyalara qapılır. Bir səhvim onda oldu ki, gərək mən həmin vaxt  “bu, bütün media orqanlarına aid deyil” frazasını işlədəydim". 

Müsahibimizin sözlərinə görə, bu gün sosial şəbəkədə gedən müzakirələr gerçək mənzərəni göstərdi: “Məlum oldu ki, özünə hörmət edən media qurumları bu sözün onlara aid olmadığını göstərdilər. Bir məqamı da deyim ki, bu gün Azərbaycan mediasına yaradılan şərait heç bir ölkədə yoxdur. Britaniyada media bizdəki kimi heç bir sübutu olmadan şayiələr yazsaydı, məhkəmədən-məhkəməyə yönləndirilərdi, axırda da fəaliyyəti dayandırılardı. Bizdə isə bu cür şər-böhtan yazan media orqanlarına qarşı dövlət yüksək səviyyədə dözüm və səbr nümayiş etdirir, onların borcunu silir. Yalan yazan media niyə gündəmdə qalmalıdır? Niyə onlara prezident müsahibə verməlidir?”


Həmin tədbirdə iştirak edən və V.Hüseynli ilə yanaşı oturan “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə bildirdi ki, həmin vaxt o, iş başında olub və telefonu ilə tədbiri çəkirmiş. Müsahibimiz daha sonra öz çıxışında V.Hüseynlinin dediklərinə cavab verdiyini xatırlatdı: “Mən qışqırmalı deyildim. Sözünü kəsmədim. Sonra öz fikrimi bildirdim. Azər Həsrət də o xanıma bənzər fikirlər səsləndirdi. Onların hər ikisinin dedikləri çoxdankı mahnılardır, yenilik yoxdur. Mən demirəm ki, jurnalistikanın səviyyəsi yüksəkdir. Sadəcə, onu deyirəm ki, orta qiymətləndirməni götürsək, Azərbaycan jurnalistikasının peşə inkişafı indiki mövcud vəziyyətdə normal ola bilməz. Bunun üçün şərait yaradılmayıb. Prezident özü də deyib ki, bu şərait yoxdur. Belə vəziyyətdə ondan hansı səviyyə tələb eləmək olar? Normal təhsil, media sahəsində rəqabət yoxdur. Mətbuat üçün çox böyük problemlər süni şəkildə yaradılır və bu, illər boyu davam edir”. 

Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR