İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan İsraillə barışdımı?

1552 08.01.2015 08:35 Siyasət A A

Azərbaycan və İsrail münasibətlərində dekabrın sonunda qeydə alınan soyuqluq, deyəsən, aradan qalxır.  APA-ya açıqlama verən İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz iki ölkə arasındakı əməkdaşlığın səviyyəsindən çox məmnun olduğunu bildirib. Diplomat qeyd edib ki, Azərbaycan-İsrail əlaqələrində heç nə dəyişməyib. Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıq bundan sonra da möhkəmlənəcək.

Diplomat bildirib ki, Azərbaycan prezidenti ötən il İsrail liderləri ilə 5 dəfə görüş keçirib: “Əlaqələrimizi yaxşı, dərin və hərtərəfli adlandırmaq olar. Biz İlham Əliyevin apardığı siyasəti, ölkəni necə idarə etməsini yüksək qiymətləndiririk”.

İsrailin “Haaretz” və “Yerusalim Post” qəzetlərində Azərbaycanla bağlı yer alan materiallara gəldikdə isə səfir bir daha İsraillə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb: “Azərbaycanla İsrail arasında dərin əməkdaşlıq mövcuddur. Rəsmi məsələlərlə bağlı qapalı müzakirələr aparırıq”.

Qeyd edək ki, dekabrda İsrailin “Haaretz” qəzetində Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı hakimiyyəti tənqid edən məqalə dərc olunub. Məqaləyə Bakıdan sərt reaksiya özünü çox gözlətməyib. Prezidentin mətbuat katibi Azər Qasımov məqaləni sərt tənqid edib. A.Qasımov məqaləni sifarişli adlandırmışdı: “Doğrudan da, İsraildə hökumət-media münasibətlərini nəzərə alanda görürsən ki, bunlar heç də təsadüfi deyil. Xüsusilə rəsmi strukturların bu cür yazılarla bağlı bir dəfə də olsun belə reaksiya verməməsi bunların rəsmi şəkildə sifariş xarakteri daşıdığını deməyə əsas yaradır”.

Bu açıqlamadan az sonra İsrailin “Jerusalem Post” qəzeti dekabrın 24-də “Yerusəlim-Bakı: vacib strateji, iqtisadi münasibətlər” sərlövhəli məqalə yayıb. «AzərTAc»ın məlumatına görə, məqalədə deyilir: “İsrailin Azərbaycanla əlaqələri hər iki ölkə, həmçinin ümumilikdə Qərb üçün vacib strateji və iqtisadi üstünlüklərə malikdir. Bu yaxınlarda İsraildə Azərbaycanın daxili məsələlərini tənqid edənlər bu münasibətlərin əhəmiyyətini anlamalıdırlar.

“Haaretz” qəzetində Yair Auronun Ermənistan-Azərbaycan münaqişəsini yanlış təhlil etməsi, həmçinin həmin qəzetdə Anşel Fefferin və “Jerusalem Post” qəzetində Yossi Melmanın Azərbaycanda insan hüquqları ilə bağlı qərəzli fikirlər söyləmələri İsrail-Azərbaycan münasibətlərinin hər iki tərəf üçün daşıdığı iqtisadi və strateji əhəmiyyəti ilə yanaşı bu münasibətlərin gələcəkdə Qərb dəyərlərinin regionda inkişaf etməsindəki əhəmiyyətinin də yanlış anlaşılmasına səbəb olub".

İndi isə səfirin arxayın açıqlaması belə düşünməyə əsas verir ki, artıq iki ölkə arasında münasibətlərdə problem aradan qaldırılıb. Maraqlıdır, bugünlərdə İsraildə Azərbaycan Mədəniyyət Mərkəzinə yeni bina veriblər. 


Deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hər iki tərəfin təşəbbüsü ilə yaranmış narazılıq aradan qaldırılıb: “İki dövlətin diplomatları fəal şəkildə işə qarışdı və anlaşılmazlıqları aradan qaldırmaq mümkün oldu. Öz-özlüyündə İsrail demokratik ölkədir, onun hər bir media orqanı üzərində nəzarət tətbiq etmək və yaxud da onlara təlimat vermək, yönləndirmək vəzifəsi yoxdur. Ancaq hər kəsə bəllidir ki, əsas informasiya axınları haradan qaynaqlanır. Azərbaycanın yerini, rolunu aşağılayan mövqelərin onunla dost və bir sıra məsələlərdə müttəfiq olan bir ölkənin tribunasından gəlməsi heç bir halda razılıq doğura bilməzdi. Zənn edirəm ki, həm səfir səviyyəsində, həm də xarici işlər nazirlərinin işə qarışması fonunda münasibətlərdə soyuqluq yarada biləcək məsələlər ortadan qaldırdıldı”. 

Z.Orucun fikrincə, indiki şəraitdə İsrail üçün də Azərbaycanla münasibətlərdə problem yaratmaq sərfəli deyil. O, bütün bu reallıqların nəzərə alınaraq münasibətlərdə soyuqluğun aradan qaldırıldığını deyir: “Nəzərə almaq lazımdır ki, 2015-ci ilə dünya daha fərqli geopolitik düzəndə daxil olur. Belə olan halda İsrailin Azərbaycanla münasibətlərini normal məcrada saxlamasına çox ciddi ehtiyac var. Həm də nəzərə alsaq ki, İran beynəlxalq aləmdə mövqelərini müəyyən mənada geri qaytarır, bu, təbii ki, İsrailin ziyanına cərəyan edəcək. İran Qərblə savaş vəziyyətindən çıxarsa və embarqodan xilas olarsa, bu, avtomatik olaraq İsrail əleyhinə proseslərə yol açacaq. Belə olan təqdirdə İsrailin öz müttəfiqlərini və ya əməkdaşlıq etdiyi dövlətləri itirməsi onun üçün uyğun deyil. Hazırda Azərbaycan-İsrail münasibətlərinin normal qaydada davam etdiyini düşünə bilərik. Hesab edirəm ki, qarşıdakı dövrdə təhlükəsizlik, hərbi və iqtisadi sahədə əməkdaşlıq davam edəcək və daha da dərinləşəcək”. 

KƏNAN

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR