İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan işğalçı üzərində iqtisadi- hərbi üstünlüyünü böyüdür

1119 14.11.2019 11:50 KİVDF layihələri A A

Atəşkəs uzandıqca, problemin güc yolu ilə nizamlanması ehtimalı güclənir; azərbaycanlı hərbi ekspert: “Ermənistan ordusu heç hərbi təlimlərə vəsait tapa bilmir”; erməni hərbi ekspert: “Azərbaycan müharibəyə hazırlaşır...”

Azərbaycan ordusu növbəti təlimlərə başlayıb. Təlimlər zamanı yeni silahlar və texnikaların sınaqdan çıxarılması da nəzərdə tutulub. Orduda keçirilən əməliyyat təlimi çərçivəsində Naxçıvan Qarnizonu qoşunlarının birləşmə və hissələri də aidiyyətı üzrə sərəncam qaydasında qaldırılaraq müvafiq döyüşə hazırlığı səviyyəsinə gətirilib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov isə Azərbaycan ordusu miqyasında əməliyyat təlimlərinin başlanması ilə bağlı nazirliyin rəhbər heyəti ilə xidməti müşavirə keçirib.

Sülh danışıqlarının faktiki, dayandığı, guya vasitəçi dövlət olan Rusiyanın XİN başçısı Sergey Lavrovun ermənipərəst açıqlamalar verdiyi bir vaxtda bu təlimlər öz-özlüyündə indi ikiqat önəm və düşmən tərəfə aydın mesajlar daşıyır. Belə görünür ki, mesajlar vaxtında hədəfə çatır.

Məsələn, erməni hərbi ekspert Karen Ovannisyan özünün facebook səhifəsində yazıb ki, Azərbaycan gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi və hərbi qulluqçuların döyüş ruhunun saxlanması üçün böyük iş aparır. Yəni ölkəmizin bu istiqamətdə uğurlarını düşmən də qəbul edir.

“Demək olar ki, Azərbaycanın Silahlı Qüvvələrinin bütün sərhəd bölmələri düşmənə mesaj verir. Bu mesajları quş uçuşu hündürlüyündən görmək mümkündür. ”Şəhidlər ölməz!", “Azərbaycan ordusu”, “Vətən bölünməz”, “Hər şey vətən üçün” (Azərbaycan xəritəsi), “Ordum varsa, evim də var” olduqca əlamətdardır... Bu, oxuduqları bir şeirin misrasıdır: “Mən öz əlimlə düşmən yuvasını dağıdacam... Mən öz tariximi qələmlə yox, qanla yazmalıyam”. Bu ismarışlar 2019-cu ilin yazından xüsusən ortaya çıxıb. Azərbaycan adlı dövlət indi sülhə deyil, müharibəyə səy göstərir və öz ictimaiyyətini də bu müharibəyə hazırlayır" - erməni ekspert qeyd edib.

*****

erevan ile ilgili görsel sonucu

Ayrı cür ola bilməz. Çünki Azərbaycan xalqı heç vaxt öz əzəli torpaqlarının itkisi ilə barışmayacaq - atəşkəs 50 il də sürsə. Ancaq əlbəttə ki, bu qədər sürməyəcək. Sürə bilməz. Ona görə ki, Azərbaycan işğalçı ölkədən - ağır blokada rejimində olan Ermənistandan iqtisadi və hərbi üstünlüyünü ilbəil daha da böyüdür. Təcavüzkar ölkənin Türkiyə və Azərbaycanın köməyi olmadan, bu iki əsas qonşu ilə normal əlaqələr qurmadan inkişaf perspektivi sadəcə, yoxdur. Odur ki, İrəvan rəsmiləri nə qədər tez öz xalqını ədalətli sülhə hazırlasalar, bir o qədər özləri üçün yaxşı olar, nəinki Sergey Lavrovun referendum nağıllarına inansalar. Siyasi təhlilçilər də eyni mövqedədirlər.

“Rusiya xarici işlər nazirinin İrəvanda Ermənistan baş nazirinin sözlərini təkrarlaması - danışıqlar prosesində ”Qarabağ xalqı"nın iştirakının vacib olduğunu dilə gətirməsi üzücüdür. Lavrovun nəzərinə çatdırmaq lazımdır kı, birincisi, “Qarabağın yerli əhalisi” deyərkən oradakı azərbaycanlı icmasını unutmaq yolverilməzdir. İkincisi, yenilənmiş Madrid prinsiplərinin sonuncu bəndinə əsasən (bu prinsiplər rəsmən qəbul olunmayıb - red.), Dağlıq Qarabağda referendum işğal altındakı ətraf rayonların və azərbaycanlı məcburi köçkünlərin Qarabağa qaytarılmasından sonra baş tutmalıdır".

Bunu politoloq Zaur Məmmədov deyib. Ekspert qeyd edib ki, beynəlxalq hüququn tələbinə əsasən, muxtar vilayətlər ümumrespublika konstitusiyasını poza, dövlətin paytaxtının icazəsi olmadan birtərəfli şəkildə müstəqillik elan edə bilməz: “İspaniya bunu Kataloniyadakı birtərəfli referendumun nəticələrini tanımayaraq və separatçıların liderlərini həbs edərək sübut etdi. İndiki halda Qarabağın yekun statusundan danışmaq danışıqlar prosesinə xələl gətirəcək məsələdir. Dünyanın ən azı, 120 dövlətinin Ermənistanı işğalçı kimi tanımasını, beynəlxalq hüququn məhz Ermənistan tərəfindən pozulmasını nəzərə alaraq, İrəvan əvvəlcə mərhələli həll variantı haqda düşünməli və Madrid prinsipləri əsasında ətraf rayonları Azərbaycana qaytarmalıdır”.

politoloq Zaur Məmmədov ile ilgili görsel sonucu

Politoloq bildirib ki, şimal qonşumuzun siyasi istemblişmentində Qarabağla bağlı iki mövqe formalaşıb: “Daha güclü olan birinci mövqeyə əsasən, Qarabağın status-kvosu dəyişməməli, ətraf rayonlar məsələsi də olduğu kimi qalmalıdır. Bu mövqeni ənənəvi olaraq Rusiya XİN dəstəkləyir. İkinci mövqeyə əsasən, Ağdam, Füzuli və daha 2-3 rayon qaytarılmalı, bunun əvəzində isə Azərbaycan Avrasiya İttifaqı və KTMT-yədaxil olmalıdır”.

*****

Başqa sözlə, Moskva Qarabağ məsələsindən ilk növbədə özünün regional maraqlarını təmin eləmək baxımından maksimum fayda götürməyi hədəfləyib. Əslində Kremldən ötrü Dağlıq Qarabağın Azərbaycanda, yoxsa Ermənistanda qalmasının xüsusi önəmi yoxdur. Əsas odur ki, bu iki Güney Qafqaz ölkəsi - Azərbaycan və Ermənistan Rusiya orbitindən uzaqlaşmasın. Belə durum, yəni işğal və atəşkəs rejiminin davamlı olması isə şübhəsiz ki, Azərbaycanın maraqlarına cavab verə bilməz. Sülh danışıqları da sonsuzadək uzana bilməz.

Azərbaycan həmçinin milyardlarla dollar xərclədiyi silah-sursatı da əbədi olaraq vitrində saxlamaq və ya yalnız hərbi parad və təlimlərdə nümayiş etdirmək üçün almayıb. Hədəf bəllidir: danışıqlar yolu ilə alınmasa, hərbi yolla ölkəmizin ərazi bütövlüyünü təmin eləmək. 

“Hazırda cəbhə zonasında nisbi sabitlik olsa da, heç kim bunun davamlı olacağına zəmanət vermir”. Bu sözləri hərbi ekspert Azad İsazadə deyib (Teleqraf.com). O, Ermənistanın baş naziri Nikol Paşinyanın məlum bəyanatlarının strateji deyil, taktiki xarakter daşıdığını bildirib.

“İlk dəfə Paşinyanın hakimiyyəti dövründə Yerevan-Bakı arasında naməlum telefon əlaqəsi yaranıb. Atəşkəs pozulanda hansısa məlumatlar verilir”, - deyə o qeyd edib. Azad İsazadə deyib ki, XXI əsrdə daxili və xarici siyasət arasında böyük fərq yoxdur: “Hər şey eşidilir və yayılır. Paşinyan praktiki Azərbaycana əksarqument verir. Şantaj və şərt qoydu, reallıqda cavabını da aldı”.

Ekspert Ermənistanda qarşıdurma vəziyyəti yarandığını bildirib. Onun fikrincə, Dağlıq Qarabağda “seçki” keçirilməyənə qədər vəziyyət sabitləşməyəcək.

Ancaq indiyədək işğal altındakı Dağlıq Qarabağda bir neçə dəfə seçki tamaşası olub. Amma Ermənistandan başqa heç kim onun nəticəsini, legitimliyini tanımayıb. Çünki Dağlıq Qarabağ beynəlxalq hüququn subyekti deyil, Azərbaycan ərazisidir. O səbəbdən orada seçkilər də Azərbaycan qanunları əsasında keçirilə və legitimlik qazana bilər.

O da aydındır ki, “seçki” şouları ilə işğalçı tərəf, rəsmi İrəvan, sadəcə, vaxtı uzatmaq, separatçı rejimi münaqişənin müstəqil tərəfi kimi təqdim edib birbaşa danışıqlara qoşmaq niyyəti güdür. Bu da reallaşan sevda deyil. Alınsaydı, indiyədək alınardı. Bakı buna heç vaxt getməyəcək, çünki o halda beynəlxalq birlikdə belə qənaət yaranar ki, münaqişə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiasından yox, Dağlıq Qarabağdakı bir ovuc erməninin “azadlıq mübarizəsi”ndən yaranıb.  Yəni bununla Ermənistan sudan quru çıxmış olacaq. Halbuki BMT Təhlükəsizlik Şurasının Qarabağa dair 4 qətnaməsində də Ermənistan işğalçı kimi göstərilib...                    

*****

Digər azərbaycanlı hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov hesab edir ki, İrəvanın işğalçılıq siyasəti ölkənin sosial-iqtisadi inkişafına əsas əngəl olaraq qalır: “Görünən odur ki, Ermənistanın real inkişafı yalnız işğal edilmiş torpaqların qaytarılması ilə təmin edilə bilər. Paşinyan hakimiyyəti Ermənistanın rifah səviyyəsinin artırılması ilə bağlı bir sıra vədlər versə də, bu, özünü doğrultmayıb. Əlverişsiz geosiyasi vəziyyət, işğalçılıq siyasəti elan edilən inkişaf yolunun ancaq kağız üzərində qaldığını göstərir”.

Onun sözlərinə görə, Ermənistanda büdcədən ayrılan vəsaitlə ordunun heç 10-15 faizini saxlamaq mümkün deyil: “Ermənistan ordusu heç hərbi təlimlərə vəsait tapa bilmir. Orada əhalinin sosial vəziyyəti həddindən artıq ağırdır. Xarici yardımlar hesabına həm ordunun, həm də əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq mümkün deyil. Ermənistan hökuməti də məcburiyyət qarşısında qalaraq əllərinə gələn gəlirləri silahlı qüvvələrin inkişafına, silahların alınmasına xərcləməyə çalışır. Lakin həmin vəsaitin də bir hissəsi mənimsənilir. Ona görə də xarici yardımlar Ermənistanın nə ordusunu xilas edəcək, nə də iqtisadiyyatının inkişafına təkan verəcək. Bunun üçün böyük miqdarda vəsait lazımdır”.

Y.Aydəmirov ile ilgili görsel sonucu

Y.Aydəmirovun qənaətincə, Ermənistan işğal etdiyi Dağlıq Qarabağı və ətraf rayonları Azərbaycana qaytarsaydı, inkişafı da çox yüksək səviyyədə olardı: “Bu, bir zarafat deyil, reallıqdır. Ermənistanın başqa çıxış yolu yoxdur. Bir ölkəyə nə qədər yardım edəcəklər? Beynəlxalq maliyyə qurumları isə krediti qaytarmaq iqtidarında olan dövlətlərə verir. Dünya Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq maliyyə qurumları çox gözəl bilir ki, Ermənistan onlara pul qaytarmaq gücündə deyil. Nə ilə qaytaracaqlar? Təkcə meyvə-tərəvəz yığmaqla, cüzi miqdarda istehsal etdiyi konyakla iqtisadiyyatı inkişaf etdirmək olmaz”.

Əlavə edək ki, gələn il Azərbaycan hərbi xərclərini daha 20% artırmağa hazırlaşır. Ermənistanda nəzərdə tutulan artım bu rəqəmlə müqayisəyə belə gəlmir...

Siyasət şöbəsi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR