Elçin Mirzəbəyli: “ABŞ kəşfiyyatı əslində Ermənistana xəbərdarlıq edir və “batan gəmi ilə siz də batmayın” deyir”
“ABŞ kəşfiyyatının xəbərdarlığı regionda yaranmış real vəziyyəti ifadə edir. Vaşinqton yaxşı başa düşür ki, artıq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı uzun-uzadı və səmərəsiz danışıqların davam etdirilməsi üçün heç bir bəhanə qalmayıb. Azərbaycan status-kvonun qorunub saxlanılmasına xidmət edən mənasız danışıqlardan yorulub və problemin birdəfəlik həlli üçün qərar qəbul etmək məcburiyyətindədir”.
Politoloq Elçin Mirzəbəyli bu fikirləri ABŞ-ın işğalçı Ermənistana yönəlik son xəbərdarlıqlarının səbəblərini Musavat.com-a şərh edərkən söylədi. Qeyd edək ki, İrəvanın Rusiya və Qərblə ikili oyunlar oynaması artıq öz effektivliyini itirib. Elə Vaşinqtondan gələn xəbərdarlıqlar, həmçinin Ermənistana 2019-cu ildə ayrılması nəzərdə tutulan maliyyə vəsaitinin 600 min dollar azaldılması, hərbi yardımların ümumiyyətlə dayandırılması da bundan xəbər verir. Faktiki olaraq Kremlin icazəsi ilə NATO təlimlərində iştirak etməklə “qərbyönümlü” görüntüsü yaratmağa çalışan İrəvan məqsədinə nail ola bilmədi.
Politoloq E.Mirzəbəyli isə bu fikirdədir ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar artıq öz nəticəsini verməkdədir: ““Kreml hesabatı”nda adı yer alan şəxslərə qarşı sanksiyaların tətbiqi isə Moskvanın müqavimət gücünü dəfələrlə azaldacaq. Ermənistan isə bütün sahələr üzrə Rusiyadan asılı vəziyyətdədir. Bu ölkənin iqtisadi gücünün zəifləməsi özünün Ermənistanda daha qabarıq şəkildə büruzə verir. Ermənistan heç bir təbii resursu olmayan ölkədir və bütövlükdə idxaldan asılı vəziyyətdədir. Azərbaycanın həyata keçirdiyi təcrid siyasəti işğalçı ölkənin faktiki olaraq bütün nəfəsliklərini bağlayıb və bu fakt yaxın zamanlarda özünü daha qabarıq şəkildə büruzə verəcək. ABŞ kəşfiyyatı əslində Ermənistana xəbərdarlıq edir və çoxsifətli, çoxorientasiyalı erməni siyasətini özünə tərəf çəkmək istəyir, “batan gəmi ilə siz də batmayın” deyir. Məqsəd Ermənistanı Rusiyanın təsirindən qurtarmaq və yeni sığınacağın ünvanını nişan verməkdən ibarətdir”.
Politoloq bildirdi ki, müəyyən zaman kəsiyindən sonra Rusiya Ermənistanı himayə etmək gücündə olmayacaq, Moskvanın diqqəti daxili problemlərin həllinə, sosial partlayışların qarşısının alınmasına yönələcək: “Təbii ki, regiona əlverişli şərait yaranarsa, Azərbaycan bundan maksimum istifadə edəcək və etməlidir də. Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün bütün imkanları var. Qısa müddətli əlverişli məqam işğal prosesinə son qoya bilər. Azərbaycan prezidentinin hazırda Ermənistanın Respublikasının ərazisi sayılan tarixi torpaqlarımızla bağlı verdiyi bəyanatlar Ermənistanda da, bu faşizm ideyası ilə silahlanmış ölkəni himayə edən dairələrdə də kifayət qədər ciddi qarşılanır. Ermənistan və ermənilərlə bağlı olan media orqanlarında hər gün bununla bağlı analitik yazılar yayımlanır. Ermənilər kifayət qədər hiyləgərdilər və real təhlükəni hiss edirlər”.
İrəvanla bağlı basqıların məntiqi nəticəsi barədə danışan E.Mirzəbəyli bildirdi ki, indiki halda İrəvana basqılar Ermənistanın Rusiyanın təsir dairəsindən uzaqlaşdırmaq xarakteri daşıyır: “Daha öncə də qeyd etdiyim kimi Ermənistan tamamilə Rusiyadan asılı vəziyyətdədir. Rusiyaya tətbiq olunan sanksiyalar Ermənistana da təsir göstərir və bəlkə də Rusiyadan daha çox təsir göstərir. Çünki iqtisadi və sosial problemlər artdıqca Moskva diqqəti daha çox öz vətəndaşlarına yönəldir. Ermənistan isə dotasiya ilə, yardımlarla yaşayan ölkədir. Bu baxımdan da yardım edənin vəziyyətinin pisləşməsini yardım alan daha çox hiss edir. Bu təbii bir prosesdir. Amma ABŞ-ın öz qarşısına Ermənistanı cəzalandırmaq hədəfini qoyduğunu düşünmürəm.
E.PAŞASOY,
Musavat.com






