Azərbaycan ordusunun hərbi təlimlərindən sonra rəsmi Bakının öz səbrini cilovlamağa həvəsli olacağı o qədər də inandırıcı görünmür; Hərbi xarakterli təxribatların davam etdirilməsi Ermənistanı "hazırlaşdığı müharibə" ilə üzləşmək məcburiyyətində qoya bilər...
Cənubi Qafqazda nə hərb, nə sülh vəziyyəti davam edir. Savaşın hər an yenidən başlaya biləcəyi ilə bağlı ehtimallar regional gündəmin əsas mövzusu olaraq, qalmaqdadır. Və bu, istər-istəməz regionda geoiqtisadi prosesləri ləngidir.
Əlbəttə ki, bunun konkret günahkarı var. Ümumilikdə həmin günahkarın məhz Ermənistan olduğu qətiyyən şübhə doğurmur. Ancaq, eyni zamanda, Ermənistandakı radikal-revanşist siyasi qüvvələrin geoiqtisadi proseslərin əngəllənməsində rolu inkaredilməzdir. Bu baxımdan, əsas problemin məhz Ermənistanın siyasət məkanından qaynaqlandığı qətiyyən şübhə doğurmur.
Son 30 il ərzində Ermənistanın siyasət məkanında əsas mövzu məhz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olub. Bu mövzudan daha yaxşı istifadə edənlər həmişə Ermənistan cəmiyyətində xüsusi rəğbətlə qarşılanıblar. Və adətən, öz siyasi hədəflərindən də uzaq qalmayıblar.
Ancaq artıq Ermənistanda siyasi mübarizənin əsas şüarları və təbliğat tezisləri ciddi şəkildə dəyişib. İndi bu düşmən ölkədə mənasız, hətta bəzi hallarda sərsəmlik təsiri bağışlayan ənənəvi "Qarabağ patriotizmi" əvvəlki kimi cəlbedici görünmür. Və siyasi mübarizədə bu ideoloji istiqamət əhəmiyyətini ciddi şəkildə itirib.
![]()
Belə anlaşılır ki, Ermənistan cəmiyyəti Dağlıq Qarabağın əsl sahibini çox gözəl bilir. Azərbaycanın hərbi qələbəsindən sonra Dağlıq Qarabağın indi əsl sahiblərinin əlində olduğunu da artıq qəbul etməyə başlayıblar. Və bu, Ermənistan cəmiyyətində tədricən siyasi-ideoloji mühitin dəyişməsinə münbit şərait yaradır.
Bu, o deməkdir ki, Azərbaycan Ermənistanın siyasi məkanına müdaxilə imkanlarına sahibdir. Hər halda, rəsmi Bakı Azərbaycanın savaş qələbəsi ilə Ermənistan cəmiyyətində Dağlıq Qarabağ mövzusunu gündəmdən çıxara bilib. İndi Ermənistandakı radikal siyasi qüvvələr yalnız ölkənin mövcudluğunun qorunması ətrafında aqressiv şüarlar icad etmək məcburiyyətində qalıblar. Yəni bu radikallar davamlı olaraq, Ermənistanın yeni müharibəyə hazırlaşmalı olduğunu bəyan edirlər.
Ancaq məsələnin paradoksal tərəfi də olmamış deyil. Belə ki, Ermənistan müharibəyə hazırlaşmaq üçün vacib olan əsas resurslardan məhrumdur. Maliyyə-iqtisadi böhrana düçar olmuş Ermənistan darmadağın edilmiş orduya sahibdir. Böhran şəraitində yeni ordunun qurulmasının mümkünlüyünə isə yalnız səbəbsiz optimistliyə vərdiş edənlər inana bilər. Yəni Ermənistanın yaxın gələcəkdə müharibə üçün əsas aləti - ordusu mövcud olmayacaq.
Ancaq buna baxmayaraq, Ermənistanda bəzi siyasi dairələr hərbi faktorlar üzərindən siyasi-icrimai gərginliyin yaranmasına xüsusi həvəs göstərirlər. Bir müddət öncə hətta bəzi erməni KİV-ləri və sosial şəbəkə istifadəçiləri Azərbaycanın Ermənistanla sərhəd bölgəsinə çoxsaylı hərbi qüvvələr cəmləşdirdiyini iddia edirdilər. Həmin iddialarda qarşıduran tərəflər arasında qısamüddətli silahlı toqquşmaların olduğu da vurğulanırdı.
![]()
Təbii ki, belə dezinformasiyalar məqsədyönlü şəkildə yayılır, Ermənistan cəmiyyətinin davamlı olaraq, gərginlik içərisində saxlanmasına cəhd göstərilir. Çünki Ermənistanın Azərbaycanla düşmənçiliyi radikalların "siyasi biznes"ini iflasdan qoruya biləcək yeganə vasitədir. Azərbaycan ilə kommunikasiya xətlərinin açılmasından sonra Ermənistan əhalisinin sosial durumu dirçəlməyə başladıqca revanşist radikallar artıq kimsəyə maraqlı görünməyəcəklər.
Ona görə də, Ermənistanın rəsmi dairələrindən belə, müharibə əhval-ruhiyyəsinə köklənmiş açıqlamalar səsləndirilir. Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan "hazırda yeni müharibənin olub-olmayacağını birmənalı şəkildə təsdiqləmək mümkün deyil" deyib: "Ona görə də, hər an başlaya biləcək yeni müharibəyə hazır olmalıyıq".
Erməni general ölkə vətəndaşlarını inandırmağa çalışıb ki, ciddi narahatlığa əsas yoxdur: "Hətta əgər, müharibə olsa belə, dövlət lazımi addımları atacaq". Bu açıqlama əslində, çox incə şəkildə Ermənistan cəmiyyətinə yeni müharibənin qaçılmazlığı ilə bağlı mesajın ötürülməsi anlamı daşıyır. Əsas məqsəd isə erməni cəmiyyətinin regionda sabitliyin və sülhün hökm sürəcəyi təqdirdə, Ermənistan vətəndaşları üçün də əlçatan olacaq sosial rifah qaynaqlarının müzakirəsinə imkan verməməkdir.
Ümumiyyətlə, revanşist radikallar həm Ermənistanda, həm də Cənubi Qafqazda normallaşma prosesini ləngitmək üçün bütün imkanlardan yararlanmağa çalışırlar. Onlar bu məqsədlə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədəki separatçılardan da istifadə edirlər. Separatçıları fəallaşdırmaqla, onların təxribatçı davranışları ilə gərginliyi qorumaqla, regionda başlamaq üzrə olan geoiqtisadi prosesləri "girov" saxlaya biləcəklərini düşünürlər. Və bununla da bütün regionun bir ovuc erməni revanşistdən asılı vəziyyətə düşəcəyinə ümid bəsləyirlər.
![]()
Ancaq həm rəsmi İrəvanın, həm də erməni revanşistlərin nəzərə almağa həvəs göstərmədiyi bir önəmli məqam da var. Əgər, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması regional siyasi iradə mərkəzlərinin maraqlarına uyğun gəlirsə, deməli, erməni təxribatları nəticəsiz qalacaq. Ermənistanın müharibə hazırlığı ilə bağlı reallıqdan uzaq və perspektivsiz iddialar da boşuna göstərilən gərginlik cəhdidir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun açıqlamasını nəzərə alsaq, regionda yeni müharibənin heç kimə lazım olmadığı şübhə doğurmur: “Dağlıq Qarabağda daha geniş regional əməkdaşlıq üçün şans var. Biz buna inanırıq və bunun üçün çalışırıq”.
Göründüyü kimi, Ermənistanda yeni müharibəyə hazırlıq imitasiyası hələlik heç kimi narahat etmir. Əksinə, hazırda regional əməkdaşlığın yeni mərhələyə keçmək üzrə olduğu da diqqətdən yayınmır.
Üstəlik, rəsmi Bakı bu önəmli və region dövlətləri üçün sərfəli prosesdən Ermənistanın kənarda qalmaması məqsədilə müəyyən addımlar da atmağa çalışır. Hər halda, Azərbaycan Ermənistana tamamilə fərqli münasibətlər modeli təklif edir. Rəsmi Bakı kommunikasiya xətlərini açmaqla, Ermənistanın regional iqtisadi inkişaf prosesinə qatılmasına imkan yaratmağı hədəfləyib. Əsas məqsəd isə Ermənistan da daxil olmaqla, bütün regionun vahid iqtisadi-ticari məkanda inteqrasiyasına nail olmaqdır.
![]()
Ancaq bütün bunların qarşılığında Ermənistanda yeni müharibə sərsəmləmələri hələ də gündəmdə saxlanmaqdadır. Görünür, "yeni müharibə hazırlığı" Ermənistan cəmiyyətində yeganə siyasi-ideoloji şüara çevrilib. Və bu, regional layihələrə müəyyən problemlər də yarada bilər.
Təbii ki, regional layihələrin ləngidilməsi rəsmi Bakının planlarına qətiyyən daxil deyil. Ona görə də, Ermənistana kommunikasiya xətlərinin açılması da daxil olmaqla, olduqca sərfəli münasibətlər modeli təklif edir. Və rəsmi İrəvan bu modeli nə qədər tez dəyərləndirsə, Ermənistanın faydasına olar.
Əks halda, Ermənistanın yeni hərbi sınaqla üzləşmə ehtimalı kifayət qədər yüksəkdir. Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlərindən lazımi nəticə çıxartmasa, Ermənistan "hazırlaşdığı müharibə" ilə üzləşməli olacaq. Bu baxımdan, rəsmi İrəvan Ermənistanın hərbi iflasını da nəzərə almaqla, yalançı "müharibə hazırlığı" blefini bir kənara buraxmalı və Azərbaycanın sülhməramlı davranışlarına daha həssas yanaşmalıdır.
Hər halda, rəsmi Bakının səbrinin uzun müddət davam edəcəyinə ümid bəsləmək Ermənistana ciddi təhlükə vəd edir. Azərbaycan ordusunun hərbi təlimlərindən sonra rəsmi Bakının öz səbrini cilovlamaqda davam edəcəyi o qədər də inandırıcı görünmür. Yəni ən qısa zamanda rəsmi İrəvana ilk xəbərdarlıq məqsədilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə təxribatlar törədən erməni separatçılara qarşı antiterror əməliyyatları başlaya bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
![]()






